Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş milli komandamızın üzvlərini qəbul edib.
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qazanılmış yüksək qələbə münasibətilə idmançıları və Güləş Federasiyasının üzvlərini təbrik etdi.
Azərbaycanda idmanın inkişafına toxunan Prezident İlham Əliyev dünya idman ictimaiyyətinin də Azərbaycan idmanına verdiyi yüksək qiymətdən danışdı. Nüfuzlu beynəlxalq yarışlarda medalların sayının ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı ölkədə mükəmməl idman infrastrukturunun yaradılmasının önəmini qeyd etdi.
Ölkəmizdə mötəbər idman tədbirlərinin yüksək səviyyədə keçirildiyini vurğulayan dövlətimizin başçısı bu yaxınlarda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının Bakıda keçirilməsini beynəlxalq idman ictimaiyyətinin Azərbaycana idman ölkəsi kimi verdiyi önəmin nəticəsi kimi qiymətləndirdi.
Milli komandanın üzvü Rafiq Hüseynov və böyük məşqçi Nurəddin Rəcəbov qazanılan uğurların təməlində idmana dövlət qayğısının durduğunu söylədilər və buna görə də dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
AzərTAc