08 Yanvar 2025, Çərşənbə

Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, ölkəmizdə idmanın inkişafı təmin olunmuş, bu sahədə zəngin qanunvericilik bazası və infrastruktur yaradılmışdır. Artıq Azərbaycan beynəlxalq idman yarışlarının təşkilatçısı olan bir ölkəyə çevrilmişdir. Bu il ölkəmizin ilk dəfə keçiriləcək Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi də Azərbaycanın dünyada qazandığı idman nüfuzunun nəticəsidir. Ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında da ardıcıl tədbirlər görülür. Artıq muxtar respublikada gənc idmançılar nəsli yetişmiş, idman ustaları formalaşmışdır. Naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda təmsil olunur və nailiyyətlər qazanırlar.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası sədrinin müavini Nəriman Quliyev çıxış edərək demişlər ki, son 20 il muxtar respublikanın bədən tərbiyəsi və idman tarixində mühüm mərhələ təşkil edir. Bu dövr ərzində muxtar respublikada idmanın maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir. Müasir idman infrastrukturunun formalaşdırılması muxtar respublikada beynəlxalq yarışların keçirilməsinə də şərait yaratmışdır. 2014-cü ildə muxtar respublika idmançıları dünya çempionatlarında 2, Avropa çempionatlarında 4, beynəlxalq turnirlərdə 10, Azərbaycan birinciliklərində 56 medal qazanmışlar. Muxtar respublikada gənclərin asudə vaxtının səmərəli təşkili, idmanın kütləviliyinə nail olunması, idman federasiyalarının işinin düzgün təşkili istiqamətində işlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəyə yekun vuraraq demişdir: “Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində digər sahələr kimi, idman da inkişaf etmiş, möhkəm maddi-texniki bazaya əsaslanan idman infrastrukturu formalaşmışdır. Hər bir insanın şəxsi həyatında və cəmiyyətdə idmanın mühüm rola malik olduğunu bildirən ümummilli liderimiz deyirdi: “İdmanı, bədən tərbiyəsini ümumxalq hərəkatına çevirməliyik. Ona nail olmalıyıq ki, bədən tərbiyəsi və idman Azərbaycanın hər bir gənci, hər bir vətəndaşı üçün ənənə olsun. Azərbaycan gənci bir gün də bədən tərbiyəsi və idmandan kənarda qalmasın. Bu, xalqımızın gələcəyi üçün lazımdır. Müstəqil Azərbaycanı gələcəkdə də yaşatmaq, onu daha da möhkəmləndirmək, dünya miqyasında böyük dövlətə çevirmək üçün gənclərimiz bu gündən hazır­laşmalıdırlar. Həm zehni, mənəvi cəhətdən, həm də fiziki cəhətdən hazırlaşmalıdırlar”.

Qeyd olunmuşdur ki, ulu öndərimizin müəyyənləşdirdiyi idman siyasəti 1997-ci ildən yeni mərhələyə qədəm qoymuş, hörmət­li Prezidentimiz İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlər görülmüşdür. Bu tədbirlər nəticəsiz qalmamış, Azərbaycan idman yarışlarının keçirildiyi beynəlxalq mərkəzə çevrilmişdir. Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna mühüm əhəmiyyət verilir. Muxtar respublikada aparılan idman siyasətinin kökündə idmanın kütləviliyinə nail olmaq, onu inkişaf və təbliğ etdirmək, sağlam nəsil yetişdirmək dayanır. Hal-hazırda muxtar respublikada 2 Olimpiya-İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 6 Uşaq-gənclər şahmat məktəbi, 9 Uşaq-gənclər idman məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, eləcə də stadionlar, idman zalları və sadə idman qurğuları, 12 idman federasiyası fəaliyyət göstərir. Son illər 40-a yaxın idman obyekti istifadəyə verilmiş, ümumtəhsil məktəblərində ən müasir standartlara cavab verən idman zalları yaradılmışdır.
Uşaq və gənclərin idmana cəlbi istiqamətində də müəyyən işlər görülmüşdür. Hazır­da muxtar respublikada 18 yaşadək 157 min 442 uşaq və gənc vardır ki, onun da 82 min 657-si oğlan, 74 min 785-i qızdır. Muxtar respublika üzrə uşaq və gənclərdən 283-ü isə sağlamlıq imkanları məhdud olanlardır. İdman federasiyalarının xətti ilə oğlanlardan 12 min 68 nəfəri, yaxud 15 faizi, qızlardan isə 3235 nəfəri, yaxud 4 faizi idmanla məşğul olur. Sağlamlıq imkanları məhdud olan uşaq və gənclərdən isə 111-i, yaxud 39 faizi idmanla məşğul olur ki, bunun da 99-u oğlan, 12-si isə qızdır.
Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada mövcud idman infrastrukturu idmanın inkişafı və federasiyaların fəaliyyəti üçün lazım olan bütün tələblərə cavab verir. Lakin buna baxmayaraq, yaradılan şəraitdən heç də həmişə tam istifadə olunmur. Muxtar respublikada 18 yaşadək uşaq və gənclərin 10 faizinin idmanla məşğul olması bir daha göstərir ki, onların idmanın müxtəlif növlərinə maraqlarının artırılması, eləcə də idman obyektlərindən və idman qurğularından istifadəsi lazımi səviyyədə deyil. İxtisaslı və peşəkar məşqçilərin olmaması da idmançıların hazırlıq səviyyəsinə öz təsirini göstərir. Bu gün muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üçün imkanlar genişdir. İdmanın inkişafı təkcə hansısa idman yarışında iştirak edib, nailiyyət qazanmaqdan ibarət deyil. Bu eyni zamanda gələcəyimiz olan gənclərin sağlam formalaşması üçün lazımdır. Ona görə də Gənclər və İdman Nazirliyi muxtar respublikada idmanın bütün növlərinin inkişaf etdirilməsinə və idmanın kütləviliyinə nail olmalıdır”.
Müşavirədə qeyd olunmuşdur ki, Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə tədbirdən-tədbirə qarşılıqlı fəaliyyət göstərirlər. Federasiyalar işini, sadəcə, əlamətdar günlərdə müxtəlif idman yarışları keçirməklə bitmiş hesab etməməlidirlər. Hər bir idman federasiyası özünün müxtəlif səviyyəli komandalarını təşkil etməlidir. Yadda saxlamaq lazımdır ki, federasiyalararası yarışları canlandırmadan ölkə və beynəlxalq əhəmiyyətli yarışlara hazırlıq səviyyəsini artırmaq mümkün deyil. Bu cəhət diqqətdə saxlanmalı, federasiyalar öz yığma komandalarını formalaşdırmalıdırlar. Federasiyalar üzrə muxtar respublika birincilikləri keçirilməli, qaliblərə müvafiq mükafatlar verilməlidir. Keçirilən yarışlar əhali arasında idmanın təbliği məqsədilə kütləvi informasiya vasitələrində geniş işıqlandırılmalıdır. Gənclər və İdman Nazirliyi, eləcə də idman federasiyaları idman növləri üzrə məşqçi fəaliyyətinə və hazırlanmasına peşəkar mütəxəssisləri cəlb etməlidirlər. “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu muxtar respublika birinciliyində və digər futbol komandaları ilə yoldaşlıq görüşü təşkil etməklə fəaliyyətini davam etdirməlidir.
Ali Məclisin Sədri idmanın kütləviliyinin təmin olunmasında Təhsil Nazirliyinin də üzərinə mühüm vəzifələr düşdüyünü bildirərək demişdir ki, nazirlik Gənclər və İdman Nazirliyi və federasiyalarla, xüsusən də Şahmat Federasiyası ilə əlaqəni gücləndirməlidir. Muxtar respublikada şahmat üzrə ən müasir baza yaradılıb. Naxçıvan şəhərində Şahmat Mərkəzi, rayonlarda isə uşaq-gənclər şahmat məktəbləri fəaliyyət göstərir. Ümumtəhsil məktəbləri də zəruri şahmat avadanlıqları ilə təmin olunub və bu məktəblərdə də şahmat dərslərinin tədrisi davam etdirilir. Şahmat məktəblərində, eləcə də ümumtəhsil məktəblərində şahmatın tədrisinə diqqəti artırmaq, müasir elektron tədris vasitələrindən səmərəli istifadə edilərək şahmatın tədrisi səviyyəsini yüksəltmək lazımdır.
İdmanın kütləviliyinin təmin olunmasında muxtar respublikada fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin də üzərinə mühüm vəzifələr düşür. Çox təəssüf ki, bu məktəblərə uşaq və gənclərin cəlbi, eləcə də məşqçi müəllimlərin hazırlıq dərəcəsi lazımi səviyyədə deyil. Uşaq-gənclər idman məktəblərinin fəaliyyəti günün tələblərinə uyğun qurulmalı, müəllimlərlə müntəzəm iş aparılmalıdır. Ümumtəhsil məktəblərində yaradılan idman zalları yetişməkdə olan gənclərin fiziki sağlamlığının təmin olunması məqsədinə xidmət edir. Vəzifə aydındır. Onun icrası sahəsində isə nöqsanlar vardır. Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin keçirilməsi səviyyəsi və metodları müasir tələblərə cavab vermir. Ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idman dərslərinin təşkili ciddi nəzarətə götürülməli, bədən tərbiyəsi və idman sahəsində pedaqoji fəaliyyətə müvafiq ixtisas təhsilli kadrlar cəlb edilməlidir. Təhsil Nazirliyi şəhər və rayon İcra hakimiyyətləri ilə birgə tədbirlər planı hazırlamalı, istər ümumtəhsil, istərsə də uşaq-gənclər şahmat və idman məktəblərində tədrisin vəziyyətinə nəzarəti artırmalıdır. Gənclər və İdman Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu ilə birlikdə gənclər arasında idmanın və bədən tərbiyəsinin təbliği məqsədilə yeni layihələr hazırlamalı, yerlərdə gənclərlə görüşlər keçirilməli, yarışlar təşkil olunmalıdır. Ali və orta ixtisas təhsili müəssisələrində də bədən tərbiyəsi və idman dərslərinin tədrisi diqqətdə saxlanılmalı, Naxçıvan Dövlət Universiteti “bədən tərbiyəsi və idman” ixtisası üzrə peşəkar gənc kadrların hazırlanmasını təmin etməlidir.
Ali Məclisin Sədri demişdir ki, bu gün informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bu bir faktdır ki, əksər yeniyetmə və gənclərimiz məqsədsiz şəkildə kompüter və ya televiziya qarşısında vaxt itirərək özlərinin gələcək fiziki sağlamlıqlarına problem yaradırlar. Bu, hamını – valideynləri də, müəllimləri də düşündürməlidir. Sağlam həyat tərzi insanlarda uşaq və gənclik dövründən təlqin olunmalıdır. Gənclər və İdman Nazirliyi, idman federasiyaları, xüsusilə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası qızların da məşğul ola biləcəkləri idman növləri üzrə fəaliyyətlərini gücləndirməlidirlər. İdmanın kütləviliyinin təmin edilməsi üçün şəhər və rayon İcra hakimiyyətləri idman federasiyaları ilə birgə fəaliyyətə üstünlük verməli, müxtəlif kütləvi idman yarışlarının təşkili və keçirilməsi təmin olunmalı, gənc idmançıların hazırlanmasına, yerlərdəki idman qurğu və obyektlərindən, eləcə də olimpiya-idman komplekslərindən istifadəyə, bununla yanaşı, onların qorunub-saxlanılmasına da diqqət yetirilməlidir.
Qeyd olunmuşdur ki, muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının internet saytları yaradılmışdır. Amma bu saytlardakı informasiyalar nəinki zənginləşdirilmir, heç yenilənmir də. Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə birlikdə saytlarda istedadlı idmançılar, keçirilən yarışlar, qazanılan uğurlar barədə məlumatların daim yenilənməsini təmin etməlidir. Gənclər və İdman Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına inteqrasiyası üçün fəaliyyətlərini gücləndirməlidirlər. Muxtar respublikanın kütləvi informasiya vasitələri sağlam həyat tərzinin formalaşdırılmasında, əhali sağlamlığının möhkəmləndirilməsində bədən tərbiyəsi və idmanın rolu barədə tematik materiallar hazırlamalı, bədən tərbiyəsi və idmanın kütləviləşməsinə öz töhfələrini verməlidirlər.
Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada idmanın inkişafı bizim hər birimizi düşündürməli, aid təşkilatlar səylərini artırmalıdırlar. Qarşıdakı dövrdə məqsədyönlü çalışaraq idmanın kütləviliyinə, gənc­lərin asudə vaxtlarının səmərəli təşkilinə və onların sağlam böyüməsinə nail olmalıyıq. Bir sözlə, 2015-ci il muxtar respublikada idmanın kütləviliyinin təmin olunmasında dönüş ili olmalıdır”.
Sonra Naxçıvan Muxtar Respublikasında fərqlənən idman federasiyaları və olimpiya-idman kompleksləri mükafatlandırılmışlar.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respubli­kasının Şahmat, Karate-do, Par­alimpiya, Voleybol, Boks, Futbol, Güləş və Şərq Döyüş Sənəti federasiyalarına, eləcə də İlham Əliyev adına Naxçıvan Olimpiya-İdman Kompleksinə və Şərur Olimpiya-İdman Kompleksinə pul mükafatlarını təqdim etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR