08 Yanvar 2025, Çərşənbə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ölkəmizin inkişafı hərtərəflidir. Hər bir bölgə inkişaf edir, hər bir bölgədə insanların yaşayışı üçün lazım olan bütün məsələlər həllini tapır… Bu, gördüyümüz işlərin, qəbul edilmiş proqramların nəticəsidir”.
Dövlət proqramlarının uğurlu icrası muxtar respublikada da sosial-iqtisadi inkişafı təmin etmiş, quruculuq işləri geniş vüsət almış, kənd yaşayış məntəqələrində də şəhər rahatlığı yaradılmışdır. İstifadəyə verilən yeni sosial obyektlər kəndlərin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Kənd infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər Şərur rayonunu da əhatə etmiş, Kürkənddə yeni sosial obyektlər inşa olunmuşdur.

Şərur şəhər-Kürkənd avtomobil yolu yenidən qurulmuşdur

Muxtar respublikanın kənd yaşayış məntəqələrində müasir yol şəbəkələrinin salınması əhalinin rahatlığına xidmət edir. Son illər Şərur rayonunda da bu istiqamətdə kompleks tədbirlər görülmüş, mövcud yol infrastrukturu tamamilə təkmilləşdirilmişdir.

Fevralın 16-da Şərur şəhər-Kürkənd avtomobil yolunun açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun yenidən qurulması münasibətilə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, kəndi rayon mərkəzi ilə birləşdirən 4,5 kilometrlik yol genişləndirilərək asfalt örtük salınmışdır. Yolboyu 2 selötürücü, 47 su keçidi tikilmiş, 1280 metrlik beton kanal, 158 metr daş hasar və 300 metr metal çəpər çəkilmişdir. Həmçinin müvafiq yerlərdə piyada keçidləri və digər yol hərəkət nişanları quraşdırılmış, avtomobillərin və piyadaların rahat hərəkəti təmin olunmuşdur.

 Kürkənd tam orta məktəbi yeni binada fəaliyyət göstərəcəkdir

Fevralın 16-da Kürkənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Məktəbin direktoru Yeganə Seyidova çıxış edərək demişdir ki, kəndlərə yeni görkəm, sakinlərə firavanlıq gətirən quruculuq tədbirlərindən Kürkəndə də pay düşmüşdür. Kənd məktəbi üçün yeni bina inşa olunmuş, maddi-texniki baza xeyli gücləndirilmişdir. Bütün bunlar müəllimləri daha məsuliyyətlə çalışmağa, şagirdləri isə yaxşı təhsil almağa ruhlandırır. Yeganə Seyidova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kürkənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını və kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Məktəblərdə gənclər nə qədər yaxşı, hərtərəfli hazırlansalar, müstəqil Azərbaycanın gələcəyi də bir o qədər parlaq və müvəffəqiyyətli olacaqdır” fikrini xatırladaraq demişdir: “Bu gün məktəblərdə hazır­lanan gənclər ölkəmizin sabahına xidmət edəcəklər. Ona görə də dövlətimiz tərəfindən gənclərin hərtərəfli hazırlanması istiqamətində müvafiq tədbirlər görülür, müasir tələblərə cavab verən məktəb binaları tikilərək istifadəyə verilir”.
Ali Məclisin Sədri demişdir: “Müəllimlər bilməlidirlər ki, onlar ölkənin gələcəyini hazır­layırlar. Gənclərimiz də bilməlidirlər ki, onlar bu gələcəyin təminatçısı kimi yetişməlidirlər. Ona görə də hər bir gənc özünü bu gələcəyə hazırlamalı, yaxşı təhsil almalı, vətənpərvər böyüməlidir. Kürkənd tam orta məktəbində yaradılan şərait, pedaqoji kollektivdə bütün fənlər üzrə müəllimlərin fəaliyyət göstərməsi gənclərin yüksək təhsil almasına və onların hərtərəfli hazırlanmasına imkan verəcəkdir. Məktəbin ötən dövrdəki fəaliyyəti, qazandığı uğurlu nailiyyətlər onu deməyə əsas verir ki, məktəbdə tədris düzgün qurulmuşdur. Burada nizam-intizam, müəllim tələbkarlığı və şagird çalışqanlığı vardır”.
Ali Məclisin Sədri qazandıqları nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür etmiş, onlara gələcək tədrisdə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 198 yerlik məktəb binasında 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, şahmat və müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Kürkənd tam orta məktəbinin kitabxanasında kollektivin istifadəsinə 3455 kitab verilmişdir. Həmçinin məktəbin elektron tədris bazası da gücləndirilmiş, 19 kompüter dəsti və 3 elektron lövhə quraşdırılmış, internetə çıxış təmin olunmuşdur. Bu da dərslərin daha effektiv tədrisinə imkan verəcəkdir.
Elektron lövhəli sinifdə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi arasında videoəlaqə yaradılmış və distant dərs keçilmişdir. Muxtar respublikanın 217 təhsil müəssisəsi muzey şəbəkəsinə qoşularaq keçilən dərsi eyni vaxtda izləmişdir.

Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərs prosesi ilə də maraqlanmışdır. Bildirilmişdir ki, 2014-2015-ci tədris ilində Kürkənd tam orta məktəbinin birinci sinfinə 12 şagird qəbul olunmuşdur. Sağlam və vətənpərvər gənc nəslin böyüdülməsi müəllimlərin qarşısında duran ən mühüm vəzifədir. Məktəbin hərbi kabinəsi imkan verəcəkdir ki, ilkin hərbi hazırlıq dərsləri səmərəli tədris olunsun. İdman zalında da şagirdlərin fiziki hazırlıqlarının artırılması üçün hər cür şərait yaradılmışdır.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, məktəbdə müəllim-şagird nisbətinin uyğun olması tədrisin keyfiyyətinə müsbət təsir göstərmiş, ali məktəblərə qəbul imtahanlarında nailiyyətlər qazanılmışdır. Lakin kollektiv bu nailiyyətlərlə kifayətlənməməli, kəmiyyətlə bərabər, keyfiyyətə də diqqət yetirilməlidir. Bu gün ölkəmizdə təhsilə göstərilən qayğı, yaradılan şərait imkan verir ki, gənclər dünyanın istənilən universitetində ali təhsillərini davam etdirsinlər. Artıq muxtar respublikadan xarici ölkələrdə təhsil alan gənclərin sayı ilbəil artır. Kürkənd tam orta məktəbinin kollektivi də bu imkanlardan səmərəli istifadə etməli, təhsilli və vətənpərvər gənclər yetişdirilməlidir.
Məktəbin müəllimi Novruz İsmayılov minnətdarlıq edərək demişdir ki, Kürkənddə tikilən müasir məktəb binası gələcəyimizə göstərilən qayğıdan xəbər verir. Məktəbdə gənclərin yaxşı təhsil alması üçün hər cür şərait vardır. Bu da müəllimlərin üzərinə mühüm vəzifələr qoyur. Kollektiv bundan sonra da təhsilin səviyyəsinin yüksəldilməsi üçün əzmlə çalışacaqdır.
Məktəb binası müasir işıqlandırma və istilik sistemləri ilə təchiz olunmuş, fərdi qazanxana quraşdırılmışdır.

Kürkənddə yeni kənd mərkəzi istifadəyə verilmişdir

Sakinlərin rahatlığına və dövlət qurumlarının səmərəli fəaliyyətinə təminat verən növbəti kənd mərkəzi Kürkənddə inşa olunmuşdur.
Fevralın 16-da kənd mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışını bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, mərkəzdə rabitə evi, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, feldşer-mama, baytarlıq və polis sahə məntəqələri, kitabxana, mədəniyyət evi və 60 yerlik iclas zalı yerləşir.
Rabitə evində 384 yerlik yeni ATS quraşdırılmış, poçt şöbəsi yaradılmışdır. Bu da Kürkənddə xidmətin səmərəli təşkilinə imkan verəcəkdir. Hazırda sakinlər kommunal xidmət haqlarını poçt şöbəsi vasitəsilə asanlıqla ödəyirlər.
Mərkəzin birinci mərtəbəsində yerləşən kitabxana da zəngin fondu ilə seçilir. Burada 4722 kitab vardır. Baxış zamanı kitabxana işinin gücləndirilməsi, xüsusilə ədəbi-bədii gecələrin və kitab müzakirələrinin keçirilməsi barədə tapşırıqlar verilmişdir.
Yeni Azərbaycan Partiyası Kürkənd ərazi ilk təşkilatının 63 üzvü vardır. Onlardan 23-ü gənclər, 11-i isə qadınlardır.
Ali Məclisin Sədri kənddə baytarlıq xidmətinin təşkili ilə maraqlanmışdır.
Bildirilmişdir ki, 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunması baytarlar qarşısında da mühüm vəzifələr qoyur. Fərdi təsərrüfatlarda saxlanılan mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və fermerlərin maarifləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Vaxtlı-vaxtında aparılan profilaktik tədbirlərin nəticəsi­dir ki, Kürkənddə heç bir xəstəlik qeydə alınmamışdır.
Feldşer-mama məntəqəsi də lazımi avadanlıqlar və dərman vasitələri ilə təmin edilmişdir. Mövcud şərait kənddə sakinlərin lazımi tibbi xidmətlə təmin olunmasına imkan verəcəkdir.
Binanın həyətində də geniş abadlıq işləri görülmüş, gülkarlıqlar salınmışdır.

Kənddə yeni xidmət mərkəzi fəaliyyətə başlamışdır

Həmin gün Kürkənddə yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını etmiş, xidmətin təşkili ilə maraqlanmışdır.
Bildirilmişdir ki, kəndlərdə tikilən yeni xidmət mərkəzləri insanların rahatlığına təminat verən müasir sosial obyektlərdir. Burada sakinlərə müxtəlif məişət xidmətləri göstərilir, sənaye və ərzaq mallarının satışı təşkil olunur. Kürkənddəki xidmət mərkəzində də bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşmüşdür.
Ali Məclisin Sədri Kürkəndin muxtar respublikanın abad yaşayış məntəqəsinə çevrildiyini bildirmiş və bu münasibətlə sakinləri təbrik edərək demişdir: “Kənddə əhalinin rahat yaşaması üçün hər cür şərait yaradılmış, infrastruktur müasirləşdirilmişdir. Bu gün Kürkənddə yeni evlər tikilir, məskunlaşma artır. Bütün bunlar da dövlətimiz tərəfindən yaradılan şəraitin, insan amilinə verilən qiymətin nəticəsidir. Bu şərait­dən səmərəli istifadə etmək, tikilənləri qorumaq, kəndi daha da inkişaf etdirmək isə sakinlərin qarşısında duran əsas vəzifələrdir. Torpaqlar əkilməli, təsərrüfatlar genişləndirilməli, sakinlər öz zəhmətləri ilə nümunə göstərməlidirlər”. Ali Məclisin Sədri gələcəkdə də kəndin inkişafı istiqamətində ardıcıl tədbirlərin görüləcəyini qeyd etmiş, sakinlərə firavan həyat arzulamışdır.
Kənd əhalisi adından minnətdarlıq edən Fəxrəddin Həsənov demişdir ki, quruculuq və abadlıq işləri hər bir bölgənin inkişaf göstəricisidir. Son 20 ildə ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi qədim Naxçıvanın simasını tamamilə dəyişmişdir. Bu gün muxtar respublikanın hansı yaşayış məntəqəsinə nəzər salırsansa, yeniləşmənin, böyük quruculuq işlərinin şahidi olursan. Kəndlərin inkişafı diqqətdə saxlanılır, geniş quruculuq işləri görülür. Artıq kəndlə şəhər arasında fərq yoxdur. İnsanlar rahat yaşayır, öz təsərrüfatları ilə məşğul olur, uşaqlar müasir məktəb binalarında təhsil alırlar. Kürkənddə də kompleks tədbirlər görülmüş, kənd yolu yenidən qurulmuş, məktəb binası tikilmiş, suvarma tədbirləri yaxşılaşdırılmışdır. Bu inkişaf və qayğı insanların torpağa bağlılığını artırmış, onların daha əzmlə çalışmasına səbəb olmuşdur.

*  *  *

Kürkənddə geniş abadlıq işləri də aparılmışdır. Belə ki, kəndin rabitə, elektrik və qaz təchizatı yaxşı­laşdırılmış, 2980 metr fiber-optik, 8850 metr yerüstü, 1300 metr yeraltı rabitə və 1300 metr qaz xətti çəkilmiş, 2,5 kilometrlik elektrik xətti yenilənmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR