08 Yanvar 2025, Çərşənbə

Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu ölkəsinin milli bayramı – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.

İran İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildikdən sonra “Qurani-Kərim”dən ayələr oxunmuşdur.
Tədbirdə İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli çıxış edərək demişdir ki, 1979-cu ildə azadlıq və istiqlaliyyət uğrunda mübarizəyə qalxan İran xalqı qələbə qazanmış, ötən dövrdə İran İslam Respublikası uğurlu inkişaf yolu keçmişdir. Bu gün dünya ölkələri ilə səmərəli əməkdaşlığın qurulması İran İslam Respublikasının xarici siyasət kursunun əsas istiqamətini təşkil edir. İran-Azərbaycan münasibətlərinin inkişafı da bu mənada mühüm əhəmiyyətə malikdir. Hazır­da hər iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr uğurla inkişaf etdirilir.
Muxtar respublikada diplomatik fəaliyyətinin başa çatdığını bildirən Baş konsul Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əlaqələrin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu qeyd etmiş, mövcud səmərəli əməkdaşlığın gələcəkdə ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyini diqqətə çatdırmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam İnqilabının 36-cı ildönümü münasibətilə dost və qardaş İran xalqını təbrik etmiş, İran İslam Respublikasına inkişaf və tərəqqi arzulayaraq demişdir: “Azərbaycan-İran əlaqələrinin dərin kökləri vardır. Bu əlaqələrin inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi əsasını qoyduğu səmərəli əməkdaşlıq əlaqələri dahi şəxsiyyətin ali hakimiyyətə ikinci qayıdışından sonra dövlətlərarası münasibətlər səviyyəsinə yüksəldilmişdir. Hazırda ölkələrimiz arasındakı qarşılıqlı əməkdaşlıq mehriban qonşuluq münasibətlərinə əsaslanaraq daha da inkişaf etdirilir”.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycan-İran əlaqələrinin inkişafına Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əlaqələrin dərinləşməsi də öz töhfəsini verir. Mövcud imkanlardan səmərəli istifadə və qarşılıqlı rəsmi səfərlər əlaqələrimizin davamlı olması üçün möhkəm təməl yaratmışdır. Son illər energetika, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrində əməkdaşlıq imkanları genişlənmişdir. Bütün bunlar Azərbaycan-İran əlaqələrinin sarsılmazlığından xəbər verir.
Ali Məclisin Sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İranla Azərbaycan arasında olan münasibətlər çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə bizim aramızda əməkdaşlığın əməli nəticələri vardır. Bu əməkdaşlıq daha da güclənəcəkdir” fikrini xatırlatmış, bir daha qardaş İran xalqını İslam inqilabının ildönümü münasibətilə təbrik etmişdir.
Sonra tədbir İrandan gələn incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR