Fevralın 9-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirə keçirilmişdir.
Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye naziri Famil Seyidov demişdir ki, 2014-cü ildə də muxtar respublika iqtisadiyyatının bütün sahələr üzrə dinamik inkişafı təmin olunmuş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, özəl bölmənin inkişafına dövlət dəstəyi davam etdirilmişdir. 2004-2014-cü illərdə ümumi tutumu 12 min 250 ton olan soyuducu anbarlar, tutumu 27 min ton olan uzunmüddətli və 43 min 400 ton olan qısamüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi, 222 heyvandarlıq, 64 quşçuluq, 94 arıçılıq, 12 balıqçılıq, 68 bağçılıq və üzümçülük təsərrüfatı istifadəyə verilmişdir. Hazırda muxtar respublikada 352 növdə məhsul istehsal olunur və 336 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Elşad Əliyev demişdir ki, muxtar respublikada meliorasiya və irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının inkişafına əlverişli şərait yaratmışdır. 2014-cü ilin məhsulu üçün sahələrdən 103 min ton taxıl, 41 min tondan artıq kartof, 66 min 731 ton tərəvəz, 36 min ton meyvə toplanmışdır. Ötən il muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalçılarına 4 milyon 920 min manat yardım və subsidiyalar ödənilmişdir. Bütün bunlar kənd təsərrüfatının dinamik inkişafı ilə nəticələnmiş, bütövlükdə, kənd təsərrüfatının ümumi məhsulu 355 milyon 157 min manat təşkil etmişdir.
Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov çıxış edərək bildirmişdir ki, 2014-cü ildə bank sistemində maliyyə sabitliyi təmin edilmiş, bank aktivlərinin keyfiyyət göstəriciləri məqbul həddə qorunmuşdur. Muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən 2014-cü il ərzində 54 milyon 457 min manat kredit verilmişdir ki, bunun da 21 milyon 362 min manatını qısamüddətli, 33 milyon 95 min manatını uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditlərin 17 milyon 956 min manatı kənd təsərrüfatının, 5 milyon 674 min manatı sənayenin, 7 milyon 180 min manatı tikintinin, 4 milyon 702 min manatı kommersiya sahibkarlığının inkişafına, 2 milyon 53 min manatı daşınmaz əmlak alınması üçün ipotekaya, 16 milyon 892 min manatı digər kommunal, sosial və istehlak sahələrinə yönəldilmişdir. Banklar tərəfindən 2014-cü il ərzində 2244 hüquqi, 36 min 13 fiziki şəxs olmaqla, 38 min 257 müştəriyə xidmət göstərilmiş, 107 hüquqi, 17 min 867 fiziki şəxs olmaqla, 17 min 974 müştəriyə yeni bank hesabı açılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: “2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları bir daha göstərdi ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda əvvəlki illərdə əldə edilmiş inkişaf meyilləri qorunub saxlanmışdır. Ötən il yaradılmasının 90 illik yubileyini təntənəli şəkildə qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial həyatın bütün sahələrində dinamik inkişaf təmin olunmuşdur. İqtisadi tərəqqinin əldə olunmasında sahibkarlıq subyektlərinin özünəməxsus yeri və rolu vardır. Bu barədə ümummilli liderimiz Heydər Əliyev demişdir: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafı dövlət siyasətinin aparıcı istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır, iş adamlarının fəaliyyət dairəsinin genişləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradılıb. Bunun nəticəsidir ki, ötən il Ümumi Daxili Məhsulda özəl bölmənin payı 87 faizi ötmüşdür”.
Qeyd olunmuşdur ki, daxili bazarın qorunması və yerli istehsalın inkişafı sahəsində son illər həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, muxtar respublikada məşğulluq səviyyəsi yüksəlmiş, əhali tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları daha da artmışdır. Lakin bu imkanlardan, yaradılmış şəraitdən bəzən lazımi səviyyədə istifadə olunmur, müəssisələrin yaradılmasına dövlət maliyyə dəstəyi göstərilərkən layihələr düzgün qiymətləndirilmir, eləcə də xammal və istehlak bazarı amilləri nəzərə alınmır.
Ali Məclisin Sədri aid dövlət orqanlarına konkret tapşırıqlar verərək demişdir: “Maliyyə Nazirliyi növbəti ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin müvafiq orqanlar tərəfindən səmərəli və təyinatına uyğun istifadəsinə nəzarəti gücləndirməli, aid dövlət strukturları isə dövlət büdcəsinin vəsaitindən qənaətlə istifadə olunmasına çalışmalıdırlar. Həyata keçirilən maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılmasına üstünlük verilməlidir. Nağdsız ödənişlərin həcminin artırılmasında böyük əhəmiyyət daşıyan POS-terminallardan səmərəli istifadənin təmin olunması məqsədilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Vergilər Nazirliyi fəaliyyətlərini gücləndirməlidirlər.
Daxili bazarın qorunması, məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yerli xammal və əmək resurslarından səmərəli istifadə etməklə yeni istehsal müəssisələrinin yaradılmasını bundan sonra da diqqət mərkəzində saxlamalıdır. Təklif olunmuş biznes-planların qiymətləndirilməsinə məsuliyyətlə yanaşılmalıdır. Satış bazarı olan və yerli təsərrüfatçılıq ənənələrinə əsaslanan kiçik sahibkarlıq subyektlərinin yaradılmasına üstünlük verilməli, bu sahədə muxtar respublikanın bütün şəhər və rayonlarının imkanlarından istifadə olunmalıdır. Sahibkarlıq subyektlərinin normal fəaliyyətinə mənfi təsir göstərən amillər ciddi təhlil olunmalıdır. Nazirlik sahibkarlıq subyektləri ilə müvafiq dövlət orqanları arasında fəaliyyətin əlaqələndirilməsinə nail olmalıdır. Yeni yaradılan müəssisələrin fəaliyyətinin stimullaşdırılması məqsədilə qanunamüvafiq güzəştlərin tətbiq olunması nəzərdən keçirilməli, sənədləşmə zamanı yol verilən bürokratik əngəllərə son qoyulmalı, əsassız müdaxilə halları aradan qaldırılmalıdır. Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində yoxlamaların məlumat reyestrinin qanunvericiliyə uyğun aparılmasını təmin etməlidir”.
Qeyd olunmuşdur ki, sahibkarlığın inkişafının dəstəklənməsi nəticəsində muxtar respublikada sahibkarlar təbəqəsi formalaşmışdır. Bunun nəticəsidir ki, dövlətin maliyyə dəstəyi ilə yanaşı, sahibkarların şəxsi vəsaitləri hesabına investisiya qoyuluşlarının həcmi də ilbəil artır. İqtisadiyyat və Sənaye Nazirliyi iqtisadi inkişafın üstün istiqamətlərinə uyğun yeni layihələrin icra edilməsinə diqqəti artırmalı, kreditlərin daha çox real sektorun inkişafına yönəldilməsi təmin edilməli, kənd təsərrüfatı sahəsində yaradılması nəzərdə tutulan layihələrin maliyyələşdirilməsinə üstünlük verilməlidir.
“Sahibkarların fəaliyyətinin səmərəli təşkili üçün onlara təkcə maliyyə dəstəyinin göstərilməsi ilə kifayətlənmək olmaz”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, müvafiq sahədə uğur qazanmaq üçün sahibkarlara, xüsusilə fiziki şəxslərə zəruri iqtisadi biliklərin verilməsi də lazımdır. İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlar Konfederasiyası ilə birlikdə Biznes Mərkəzinin imkanlarından istifadə edərək sahibkarların maarifləndirilməsi, onlara beynəlxalq təcrübənin öyrədilməsi ilə bağlı müxtəlif kurs və treninqlərin təşkilinə diqqəti artırmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə bütün işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanmasına diqqət yetirməlidir. Hər bir sahibkar tabeliyində çalışan işçilər üçün normal iş və istirahət şəraitinin yaradılmasına, xüsusilə istehsal müəssisələrində əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etməlidir.
Ali Məclisin Sədri demişdir: “Muxtar respublikanın sosial-iqtisadi inkişafında bank sektorunun rolu xüsusi əhəmiyyətə malikdir. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi 2015-ci ildə əhalinin maliyyə resurslarına və bank xidmətlərinə çıxış imkanlarının daha da yaxşılaşdırılması üçün maliyyə vasitəçiliyini genişləndirməli, təklif olunan xidmətlərin keyfiyyəti yüksəldilməlidir. Bank və kredit təşkilatları tərəfindən real iqtisadiyyata, xüsusilə kənd təsərrüfatına daha böyük həcmdə kreditlərin ayrılması, həmçinin onların çoxsahəli olması təmin edilməlidir”.
Daxili bazarda süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, kənd təsərrüfatı və emal müəssisələrinin istehsal etdikləri məhsulların birbaşa istehsalçılar tərəfindən satışına şərait yaradan yarmarkaların təşkilini cari ildə də davam etdirsinlər. Yerli istehsalın qorunmasının, həmçinin istehlak bazarının keyfiyyətli məhsullarla təchiz olunmasının vacibliyini vurğulayan Ali Məclisin Sədri aid qurumlara tapşırıqlar verərək demişdir: “Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatlarının mövsümə uyğun olaraq tənzimlənməsini davam etdirməli, sərhəd-buraxılış məntəqələrində sanitariya və karantin mühafizəsi üçün tədbirlər müasir tələblər səviyyəsində təşkil olunmalıdır. İqtisadiyyat və Sənaye Nazirliyi Dövlət Gömrük Komitəsi ilə birlikdə daxili bazarın yerli məhsullarla təminatı istiqamətində ardıcıl tədbirlər görməli, idxala nəzarət olunmalı, yerli məhsulların keyfiyyəti yüksəldilməlidir. Eyni zamanda xarici ticarət iştirakçıları olan sahibkarlıq subyektləri ilə əməkdaşlıq daha da artırılmalıdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehsal olunmuş məhsulların keyfiyyətinin yoxlanılması işini mütərəqqi təcrübələrdən istifadə etməklə davam etdirməli, sağlamlıq üçün zərərli məhsulların satışına yol verilməməlidir”.
Ali Məclisin Sədri demişdir: “2015-ci il “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Əhalinin ərzaq məhsulları ilə təmin olunması, emal müəssisələrinin xammal təchizatındakı rolu, eləcə də əhalinin əksər hissəsinin kəndlərdə məskunlaşması və aqrar sektorda çalışması nəzərə alınaraq kənd təsərrüfatının inkişafı hər zaman diqqət mərkəzində saxlanılıb. Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən edib. Bununla yanaşı, müvafiq qurumlar da kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün məhsul istehsalçılarına yaxından köməklik göstərməli və mütəxəssis məsləhətləri verməlidirlər. Əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə etmək üçün Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun əkilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması ilə əlaqədar yerlərdə mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil etməlidirlər. Sənayedə olduğu kimi, kənd təsərrüfatında da innovasiyaların tətbiqi təşviq edilməlidir. Yeni texnologiyaların, suvarma və əkin üsullarının, qabaqcıl təcrübənin kənd təsərrüfatında tətbiqinə diqqət göstərilməli, keyfiyyətli toxum sortlarından istifadə olunmalı, Ümumi Daxili Məhsul istehsalında kənd təsərrüfatının payı artırılmalıdır. Torpağın münbitliyini artırmaq və yüksək məhsuldarlıq əldə etmək məqsədilə əkin zamanı torpaq altına qidalandırıcı gübrələrin vaxtında və normalara uyğun verilməsinə nəzarət olunmalı, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları gübrələrin istehsalçılara vaxtında çatdırılmasını təmin etməlidirlər”.
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinə tapşırılmışdır ki, yerli icra hakimiyyətləri ilə birlikdə suvarma suyu ilə təchizatı yaxşılaşdırmaq məqsədilə mövcud su anbarları və sututarlarının doldurulmasını təmin etsinlər. Əkin sahələrini su ilə təmin etmək, eləcə də su itkisinin qarşısını almaq üçün su bölgüsünə mütəmadi nəzarət edilməli, sudan səmərəli istifadə olunmalı, kanal və arxların təmizlənməsi və bərpası vaxtında aparılmalıdır. Eroziya və şoranlaşmanın qarşısının alınması üçün kompleks təsərrüfat, aqrotexniki, meliorativ tədbirlər davam etdirilməlidir.
Ali Məclisin Sədri qeyd etmişdir ki, kənd təsərrüfatı və ərzaq məhsullarının ixrac potensialının artırılması diqqət mərkəzində saxlanılmalıdır. İqtisadiyyat və Sənaye Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə nəzarəti artırmaqla yanaşı, tələbatdan artıq istehsal edilmiş məhsulların ixracı sahəsində də müvafiq iş aparmalıdır. İqtisadiyyat və Sənaye Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə mövsüm dövründə məhsulun anbarlar tərəfindən alınmasını təşkil etməli, yaradılan süni maneələri aradan qaldırmalıdır. Eyni zamanda istixana komplekslərinin yaradılması və fəaliyyətinin genişləndirilməsi üçün də müvafiq işlər görülməlidir. Heyvandarlıq məhsulları ilə təchizatı yaxşılaşdırmaq məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları yeni cins heyvandarlıq komplekslərinin yaradılması və inkişafına xüsusi diqqət yetirməlidirlər. Quşçuluq, balıqçılıq və arıçılıq təsərrüfatlarının inkişafı istiqamətində səylər artırılmalıdır. Dövlət Baytarlıq Xidməti heyvanlar arasında müxtəlif xəstəliklərin qarşısını almaq məqsədilə epizootiya və peyvəndləmə tədbirlərini gücləndirməli, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin əhatə dairəsini genişləndirməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qoruyucu meşə zolaqlarının salınmasını davam etdirməli, yaşıllıqların mühafizəsi və bərpası tədbirlərinə diqqəti artırmalıdır. Muxtar respublikanın flora və faunasının qorunması istiqamətində tədbirlər gücləndirilməlidir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ayrılan maliyyə vəsaitindən səmərəli istifadəni təmin etməli, həyata keçirilən tikinti-abadlıq işlərinin keyfiyyətinə nəzarəti artırmalıdır. İnşaat işlərinin yerinə yetirilməsində yerli istehsal məhsullarına üstünlük verilməli, keyfiyyətsiz materiallardan istifadənin qarşısı alınmalıdır. Əlavə xərclərə və vaxtından əvvəl təmir işlərinə yol verilməməsi üçün kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan təşkilatların fəaliyyətində əlaqələndirmə və ardıcıllıq təmin olunmalıdır. Tikinti sektorunda bədbəxt hadisələrin qarşısının alınması üçün işçilərin fərdi və xüsusi mühafizə vasitələri ilə təchiz olunması, texniki təhlükəsizlik qaydaları barədə təlimatlandırılması nəzarətdə saxlanılmalıdır.
Ali Məclisin Sədri rabitə, nəqliyyat və energetika sahələri üzrə də konkret tapşırıqlar verərək demişdir ki, Rabitə və Yeni Texnologiyalar Nazirliyi muxtar respublikada universal telekommunikasiya və poçt xidmətlərinin inkişafı, simsiz internetin əhatə dairəsinin genişləndirilməsi üçün səylərini artırmalı, aidiyyəti orqanlarla birlikdə elektron hökumətin təşkili istiqamətində müvafiq işləri başa çatdırmalıdır. Nəqliyyat Nazirliyi muxtar respublikanın bütün yaşayış məntəqələrində rahat gediş-gəlişi təmin etmək məqsədilə xidmətin keyfiyyətinin yüksəldilməsinə diqqəti artırmalı, mövcud nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün müvafiq işlər görməlidir. Dövlət Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi enerjidaşıyıcılarından qənaətlə istifadəni təmin etmək üçün tədbirləri davam etdirməlidirlər.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə tapşırılmışdır ki, muxtar respublikanın kənd yaşayış məntəqələrində mütəmadi olaraq qrafik əsasında səyyar xidmətlər göstərilməsini davam etdirsin. Dövlət Baş Sığorta Agentliyi sığorta fəaliyyətinin canlandırılması, əhalinin sığortaya olan etibarının artırılması üçün bürokratik əngəlləri aradan qaldırmalıdır. Dövlət Statistika Komitəsi muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı təhlili materialların hazırlanaraq kütləvi informasiya vasitələrində verilməsini bundan sonra da davam etdirməlidir.
Vurğulanmışdır ki, yerli icra hakimiyyəti orqanları əkinəyararlı torpaq sahələrindən səmərəli istifadəni diqqət mərkəzində saxlamalı, salınmış yaşıllıqlara vaxtında aqrotexniki qulluq göstərilməsini təmin etməlidirlər. Yerlərdə abadlıq işlərinin keyfiyyətinə nəzarət gücləndirilməli, tullantılar vaxtında daşınmalı, istifadəyə verilmiş obyektlərin normal fəaliyyəti ilə yanaşı, onların qorunmasına da qayğı göstərilməli, müəssisə və təşkilatlarda nizam-intizam gücləndirilməlidir. Şəhər və rayonlarda vətəndaşların müraciətlərinə vaxtında və qanuni şəkildə baxılması təmin edilməlidir.
Təhsilin və elmin inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyini bildirən Ali Məclisin Sədri demişdir: “Təhsil Nazirliyi təhsil müəssisələrində tədrisin keyfiyyətinə nəzarəti gücləndirməli, fənn laboratoriyalarından və informasiya texnologiyalarından səmərəli istifadə olunmalıdır. Bədən tərbiyəsi dərslərinin idman zallarında keyfiyyətli keçirilməsinə nəzarət olunmalıdır. Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı dərslərin təşkilində muzeylərlə təhsil müəssisələri arasında yaradılmış interaktiv əlaqədən səmərəli istifadə edilməlidir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi aparılan elmi tədqiqatların səmərəliliyinə diqqəti artırmalı, elmin istehsalatda və səhiyyədə tətbiqi, iqtisadi səmərə verməsi istiqamətində müvafiq işlər aparmalı, gənc tədqiqatçıların yetişdirilməsi işində ardıcıllığı təmin etməlidir. Ali təhsil müəssisələri gənclərin elmi-tədqiqat işlərinə cəlb edilməsi səviyyəsini yüksəltməli, elmi dərəcəli kadrların hazırlanmasına, dissertasiya şuralarında müdafiə olunan elmi işlərin keyfiyyətinə diqqəti artırmalıdırlar. Müvafiq ixtisaslar üzrə tədris və elmi-metodik vəsaitlərin elmi şuralarda aid mütəxəssislərin iştirakı ilə müzakirəsi təmin olunmalıdır. Tədris və istehsalat təcrübələrinin keçirilməsində muxtar respublikanın müvafiq müəssisələrinin bazasından və imkanlarından səmərəli istifadə edilməlidir. Müəllim hazırlığı ilə məşğul olan ali təhsil müəssisələri pedaqoji kadr hazırlığı işini məktəblərlə uzlaşdırmalıdırlar”.
Müşavirədə Səhiyyə Nazirliyinə rayon mərkəzi xəstəxanalarının, eləcə də kənd tibb müəssisələrinin kadr təminatının yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər görməsi tapşırılmış və qeyd olunmuşdur ki, nazirlik tibbi heyətin ixtisasartırma kurslarına göndərilməsini, eləcə də rayonlarda müvafiq kursların təşkil olunmasını təmin etməli, səhiyyə xidmətinin səviyyəsini yüksəltməlidir. Sağlamlığın qorunması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilməlidir. Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün profilaktika, ilkin tibbi yardım və müalicə xidmətləri təkmilləşdirilməli, xüsusilə ilkin tibbi yardım sistemi inkişaf etdirilməlidir. İstehsal olunan məhsulun, göstərilən xidmətin keyfiyyəti gigiyenik tələblərə əməl olunmasından da asılıdır. Bu baxımdan Səhiyyə Nazirliyi öz səlahiyyətləri daxilində sanitar-gigiyenik şəraitə nəzarət etməli, xüsusilə ərzaq istehsalı müəssisələrində və vətəndaşlarla birbaşa ünsiyyətdə olan xidmət obyektlərindəki işçi heyətinin tibbi baxışdan keçməsinə diqqəti artırmalıdır.
Ali Məclisin Sədri demişdir: “Mədəniyyət və Turizm Nazirliyi fəaliyyətində ciddi dönüş yaratmalı, tabeliyində olan müəssisə və təşkilatlarda kadrların düzgün yerləşdirilməsinə və intizama riayət olunmasına nəzarəti artırmalıdır. Təhsil müəssisələri ilə muzeylər arasında interaktiv əlaqənin səmərəli təşkili məqsədilə muzeylərdə zəruri şərait yaradılmalı, muzey bələdçilərinin qaydalara əməl etmələri və aid sahə üzrə məlumat bazasını mənimsəmələri təmin edilməlidir. Gənclər və İdman Nazirliyi muxtar respublikada olan idman qurğu və obyektlərindən, eyni zamanda olimpiya-idman komplekslərindən istifadəyə və onların qorunub saxlanılmasına diqqəti artırmalıdır. İdman federasiyalarında gənclər vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi muxtar respublikada əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən tədbirləri davam etdirməli, əmək bazarında tələb və təklifin real vəziyyətinin qiymətləndirilməsi üçün təhlillər aparmalı, peşə hazırlığını əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırmalı, əlillərin məşğulluğunun təmin edilməsinə nail olmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aid təşkilatlarla birlikdə sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması üçün nəzərdə tutulmuş tədbirləri icra etməli, ailə, qadın və uşaqlarla bağlı məlumat bazasını təkmilləşdirməli, qadınların sağlamlıqlarının qorunması istiqamətində maarifləndirici tədbirləri davam etdirməlidir. Dövlət Sosial Müdafiə Fondu elektron xidmətlərin tətbiqi, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının “Onlayn ödəmə” rejimində həyata keçirilməsi və avtomatlaşdırılmış pensiya təyinatı ilə bağlı maarifləndirmə işlərini gücləndirməlidir”.
Müşavirədə hüquq-mühafizə orqanlarına maarifləndirmə və profilaktika tədbirlərinin davam etdirməsi, nizam-intizamın daha da möhkəmləndirməsi, ictimai asayişin və sabitliyin qorunmasına diqqətin artırılması barədə müvafiq tapşırıqlar verilmişdir. Bildirilmişdir ki, Daxili İşlər Nazirliyi əhaliyə müvafiq xidmətlərin səyyar qaydada həyata keçirilməsini təmin etməli, şəxsi heyətin peşəkarlığını artırmalıdır. Fövqəladə Hallar Nazirliyi tikintiyə dövlət nəzarətinin qanunvericiliyə uyğun həyata keçirilməsinə nail olmalı, qeyri-yaşayış sahələrinin icbari sığortaya cəlb olunmasını təmin etməlidir. Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icrasına nəzarəti artırmalı, hüquqi aktların reyestrini təkmilləşdirməlidir. Dövlət Miqrasiya Xidməti əmək miqrasiyası sahəsində maarifləndirmə tədbirlərini gücləndirməli, qanunsuz fəaliyyətlə məşğul olan əcnəbilərlə profilaktik tədbirləri davam etdirməlidir.
Qeyd olunmuşdur ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluqçularının elektron reyestrinin yaradılmasını başa çatdırmalı, dövlət orqanlarında kadrlarla işi gücləndirməli, dövlət qulluğuna qəbul imtahanlarının dövriliyini təmin etməlidir. Kütləvi informasiya vasitələri mətbuatın ictimai nəzarət funksiyasını gücləndirməli, muxtar respublikanın inkişafında yaxından iştirak etməlidirlər.
Ali Məclisin Sədri müşavirəyə yekun vuraraq demişdir: “Ümumilikdə, 2014-cü ilin nəticələri deməyə əsas verir ki, 2015-ci ildə qarşıya qoyulmuş bütün vəzifələr icra ediləcəkdir. Bunun üçün isə hər bir dövlət orqanı və sahibkarlıq subyekti daha səylə çalışmalı, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər”.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 91-ci ildönümünün tamam olmasını bildirən Ali Məclisin Sədri bu münasibətlə muxtar respublika əhalisini təbrik etmiş və qeyd olunan sahələrdə fəaliyyətin təşkilində müşavirə iştirakçılarına uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 6 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etmişdir. Bu kreditlər məhsulların istehsalı və ixracı müəssisəsinin, məsaməli beton istehsalı, iaşə obyektinin, elektrik açarları istehsalı sahəsinin, eləcə də maldarlıq və heyvandarlıq təsərrüfatlarının yaradılmasına sərf olunacaqdır.
Tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasının 2014-cü ildəki sosial-iqtisadi inkişafından bəhs edən filmə baxmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və müşavirə iştirakçıları Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan müxtəlif növdə ərzaq və sənaye məhsullarının, eləcə də sənətkarlıq nümunələri və əl işlərinin sərgisi ilə tanış olmuşlar.
Ali Məclisin Sədri Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərə də baxmışdır. Bildirilmişdir ki, 2010-cu ildən fəaliyyətə başlayan zavodda 12 modeldə minik və yük avtomobilləri istehsal olunur.
Qeyd olunmuşdur ki, bütövlükdə, sərgidə 90 müəssisənin 129 növdə və 652 çeşiddə məhsulu nümayiş olunur. Həyata keçirilən məqsədyönlü tədbirlər istehsal olunan məhsulların sayının və çeşidlərinin artmasına səbəb olmuş, 1995-ci ildən ötən dövrdə muxtar respublikada 812 yeni istehsal müəssisəsi yaradılmışdır. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 ildə Ümumi Daxili Məhsul istehsalı 10,3 dəfə, sənaye məhsulunun həcmi 34,9 dəfə, kənd təsərrüfatının ümumu məhsulu 4,6 dəfə, əsas kapitala yönəldilən investisiyalar 11,5 dəfə, xarici ticarət dövriyyəsi 13,2 dəfə, o cümlədən ixracın həcmi 78 dəfə artmışdır. Təkcə 2014-cü ildə Naxçıvan Muxtar Respublikasında 47 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamış, 3805 yeni iş yeri açılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti