Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sürətli sosial-iqtisadi inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunu da əhatə etmişdir. Bu gün muxtar respublikada aparılan geniş quruculuq işləri rayonun Bənəniyar kəndini də müasir görkəmə qovuşdurmuşdur. Kənddə həyata keçirilən kompleks quruculuq işləri, yaradılan müasir infrastruktur, rahat iş və xidmət şəraiti sakinlərin firavan yaşayışına səbəb olmuşdur. Fevralın 5-də Bənəniyar kəndində yeni sosial obyektlərin açılışı olmuşdur..
Bənəniyar kənd tam orta məktəbində müasir tədris şəraiti yaradılmışdır
Müasir təhsil infrastrukturu hər bir ölkədə inkişafın əsas göstəricisidir. Bu səbəbdən də muxtar respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilir, yeni məktəb binaları tikilir, gələcəyimiz olan gənc nəslin əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılır.
Fevralın 5-də Bənəniyar kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev demişdir ki, bu gün Culfa rayonu günü-gündən inkişaf edir, yeniləşir. Göstərilən qayğı rayon mərkəzi ilə yanaşı, kəndlərin də inkişafına səbəb olmuşdur. Ötən il rayonun Əlincə və Şurud kəndlərində yeni sosial obyektlər istifadəyə verilmiş, Culfa şəhərindəki 18 və 20 nömrəli yaşayış binaları əsaslı təmir olunmuş, Naxçıvan Muxtar Respublikası
Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin tikintisi, Əlincəqala tarixi abidəsinin, Gülüstan türbəsinin bərpası davam etdirilmişdir.
Rayonda əhalinin rahat yaşayışı da diqqət mərkəzində saxlanılır, Culfa şəhərinin içməli su sistemi yenidən qurulur. Şükür Babayev həyata keçirilən tədbirlərin ölkəmizdə insan amilinə verilən qiymətin daha bir ifadəsi olduğunu bildirmiş, yaradılan şəraitə görə rayon əhalisi adından minnətdarlıq etmişdir.
Məktəbin müəllimi Ələviyyə Nuri çıxış edərək demişdir ki, kənd məktəbi müasir tədris avadanlıqları ilə təmin olunmuş, kollektivin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Bu da dərslərin daha səmərəli təşkilinə imkan verəcəkdir. Göstərilən qayğıya görə kollektiv adından minnətdarlıq edən Ələviyyə Nuri bundan sonra daha səylə çalışacaqlarına söz vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “Bu gün Bənəniyar kəndinin həyatında ən əlamətdar günlərdən biridir. Kənd tamamilə abadlaşdırılmış, geniş quruculuq işləri aparılmış, xüsusilə də kənd məktəbinin binası müasir tədrisin tələbləri səviyyəsində yenidən qurulmuşdur”. Ali Məclisin Sədri bu münasibətlə məktəbin kollektivini təbrik etmiş, onlara tədrisdə uğurlar arzulayaraq demişdir: “Məktəblərin informasiya-kommunikasiya texnologiyaları və lazımi tədris avadanlıqları ilə təminatı, müəllimlərin hazırlıq səviyyələrinin artırılması, şagirdlərin bilik və dünyagörüşlərinin formalaşdırılması müasir tədrisin qarşıya qoyduğu əsas vəzifələrdir. Çünki gənclərin hərtərəfli hazırlanması müasir dövrün tələbinə çevrilmişdir.
Ölkəmizin hansı bölgəsində yaşamasından asılı olmayaraq, gənc nəsil dünyada gedən prosesləri yaxından izləməli, yaxşı təhsil almalı, gələcəkdə dünyanın və ölkəmizin istənilən universitetlərində ali təhsillərini davam etdirməlidirlər.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Məktəblərdə yaradılan müasir tədris şəraiti gənclərin hərtərəfli hazırlanmasına təminat verir”. Əgər məktəblərdə lazımi tədris şəraiti vardırsa, müəllimlərin hazırlığı və tələbkarlığı tələb olunan səviyyədədirsə, onda gənclərin hərtərəfli hazırlanması da təmin olunacaqdır. Hər bir gəncin qabiliyyətinə və bacarığına uyğun peşəyə yönəldilməsi isə onların hərtərəfli hazırlanmasında başlıca vəzifədir. Ümumtəhsil məktəblərində yaradılan şərait qarşıya qoyulan bu vəzifələrin icrasına imkan verir. Ona görə də şagirdlər məktəbdə təhsil almalı, informasiya-kommunikasiya texnologiyalarından istifadə vərdişlərini öyrənməli, gələcəkdə bir peşənin sahibi olmalıdırlar. Bütün bunların həyata keçirilməsində müəllimlərin də üzərinə mühüm vəzifələr düşür. Müəllimlər, ilk növbədə, özləri yaradılan şəraitdən lazımi səviyyədə bəhrələnməli və bundan sonra öyrəndiklərini gənc nəslə aşılamalıdırlar”.
Ali Məclisin Sədri kollektivin qazanılan nailiyyətləri bundan sonra da artıracaqlarına əminliyini bildirmişdir.
Sonra Ali Məclisin Sədri Culfa rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompüter dəsti hədiyyə etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 3 mərtəbəli məktəb binası 666 yerlikdir. Binada 4-ü elektron lövhəli olmaqla, 37 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter və 2 şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.
Şagirdlərin kitaba marağının artırılması və mütaliə vərdişlərinin formalaşdırılması pedaqoji kollektivlərin qarşısında duran mühüm vəzifələrdəndir. Muxtar respublikada bu sahədə işlərin səmərəli təşkili diqqət mərkəzində saxlanılır, məktəb kitabxanalarının fondu mütəmadi olaraq elmi və bədii ədəbiyyatlarla zənginləşdirilir. Bənəniyar kənd tam orta məktəbinin kitabxanasında da 11 min 708 kitab vardır.
Kompüter otaqlarındakı 57 kompüterin hər biri internetə qoşulmuş və elektron dərsliklərlə təmin olunmuşdur.
Ali Məclisin Sədri elektron lövhəli sinifdə muxtar respublikanın 205 təhsil müəssisəsi ilə Naxçıvan Dövlət Tarix Muzeyi arasında videobağlantı vasitəsilə keçilən dərsi izləmişdir.
Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, cari tədris ilində Bənəniyar kənd tam orta məktəbinin birinci siniflərinə 47 şagird qəbul olunmuşdur. Müəllimlər ibtidai sinif şagirdlərinin hər biri ilə fərdi məşğul olur, onların dərslərdə aktiv fəaliyyəti təmin olunur.
Məktəbin hərbi kabinəsi və geniş idman zalı sağlam və vətənpərvər gənclərin böyüdülməsində öz müsbət təsirini göstərəcəkdir.
Məktəbin müəllimləri ilə söhbət zamanı Ali Məclisin Sədri demişdir ki, gənclərin vətənpərvər və savadlı böyüdülməsi, onların peşə sahibi olması hər bir ümumtəhsil məktəbinin uğurudur. Ötən tədris ilində Bənəniyar kənd tam orta məktəbini bitirən məzunlardan 16-sı ali məktəblərə, 8-i orta ixtisas məktəbinə, 3-ü isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuş, tələbə adını qazanan məzunlardan 4-ü 500-700 intervalında yüksək bal toplamışdır. Yaradılan şərait gələcəkdə bu uğurların daha da artırılmasına imkan verəcəkdir.
Müəllimlərdən Sevda Məmmədova və Ruqayə Nəcəfquliyeva minnətdarlıq edərək demişlər ki, şagirdlərin yaxşı təhsil alması, bilikli, zəngin dünyagörüşlü və vətənpərvər böyüdülməsi çətin və şərəfli bir vəzifədir. Məktəbin müasir tədris şəraiti qarşıya qoyulan bu vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəkdir.
Məktəbin həyəti də abadlaşdırılmış, gülkarlıqlar salınmışdır.
Bənəniyar Kənd Uşaq musiqi məktəbinin yeni binası istifadəyə verilmişdir
Muxtar respublikada gənclərin musiqi təhsili və musiqi sənətinin inkişafı da diqqət mərkəzində saxlanılır. Bənəniyar Kənd Uşaq musiqi məktəbi üçün yeni binanın inşa olunması da bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Fevralın 5-də Bənəniyar Kənd Uşaq musiqi məktəbinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərli yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edərək demişdir ki, bu gün muxtar respublikamızda musiqi sənətinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hər il yeni musiqi məktəbləri inşa olunur, maddi-texniki bazaları gücləndirilir, milli musiqiçi kadrların yetişdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Bənəniyar Kənd Uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. Azər Cəfərli bundan sonra da istedadlı uşaqların üzə çıxarılması və milli musiqimizin inkişafı sahəsində səylə çalışacaqlarına söz vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bənəniyar Kənd Uşaq musiqi məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, onlara musiqi mədəniyyətimizin inkişafı sahəsindəki fəaliyyətlərində uğurlar arzulayaraq demişdir: “Musiqi hər bir xalqın mədəni inkişafının göstəricisidir. Azərbaycan xalqının zəngin xalq yaradıcılığı nümunələri, milli dəyərləri və adət-ənənələri vardır. Bunlar hər xalqa nəsib olmur. Çünki xalq yaradıcılığını, milli dəyərləri ancaq zəngin mədəniyyətə malik olan xalq yarada bilər. Bu gün muxtar respublikada musiqi məktəblərinin yaradılmasında əsas məqsəd də xalq yaradıcılığı nümunələrini qoruyaraq gələcək nəsillərə çatdırmaqdan, o cümlədən musiqi mədəniyyətimizin inkişafına töhfələr verməkdən ibarətdir”.
Ali Məclisin Sədri demişdir: “Bənəniyar Kənd Uşaq musiqi məktəbində 3 şöbədə 6 ixtisas üzrə musiqi dərsləri keçiləcəkdir. Bu da gənclərin asudə vaxtlarının səmərəli təşkilinə və onların istedadlarının üzə çıxarılmasına imkan verəcəkdir. Həmçinin məktəbdə yaradılan şərait bu ərazidə yaşayan gənclərin uzaq məsafələr qət etmədən öz kəndlərində musiqi təhsili almalarına, bacarıqlarını inkişaf etdirmələrinə səbəb olacaqdır”.
Qeyd olunmuşdur ki, Bənəniyar Kənd Uşaq musiqi məktəbinin uğurlu nailiyyətləri vardır. Ötən tədris ilində məktəbi bitirən şagirdlərdən musiqi ixtisası üzrə 1-i ali, 3-ü isə orta ixtisas məktəbinə qəbul olunmuşdur. Bu da məktəbdə musiqi sənətinə olan marağın və tədrisin düzgün təşkil olunmasının nəticəsidir.
Ali Məclisin Sədri Bənəniyar Kənd Uşaq musiqi məktəbinin muxtar respublikanın ən yaxşı musiqi məktəblərindən birinə çevriləcəyinə əminliyini bildirmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, məktəbdə 37 sinif, orkestr və konsert zalları, musiqi alətlərinin təmiri otağı, kitabxana və bufet fəaliyyət göstərəcəkdir. Məktəb müasir inventar və avadanlıqlarla, o cümlədən 9 pianino və ayrı-ayrı ixtisaslar üzrə digər musiqi alətləri ilə təchiz olunmuş, şagirdlərin musiqi biliklərinə yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Məktəbin kitabxana fondunda 300 kitab vardır.
Musiqi məktəbi gənclərdə musiqi zövqünün formalaşmasında xüsusi rol oynayacaqdır. Hazırda məktəbdə dərslər xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər üzrə aparılır, şagirdlərə tar, kamança, fortepiano, qarmon, nağara və xanəndəlik ixtisasları öyrədilir.
Ali Məclisin Sədri müəllimlərlə söhbət zamanı qeyd etmişdir ki, məktəbin əvvəlki şəraiti dərslərin keçilməsində müəyyən çətinliklər yaradırdı. Lakin bu gün istifadəyə verilən yeni binada müasir tədris şəraiti yaradılmışdır. Ona görə də kollektiv yaradılanlardan səmərəli istifadə etməli, gənc musiqiçi kadrların yetişdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır.
Məktəbin müəllimi Rahilə Əsgərova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.
Sonra tədbirlər zalında musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı olmuşdur.
Ali Məclisin Sədri musiqi nömrələrini izləmiş, şagirdləri uğurlu çıxışlarına görə təbrik etmiş və onlarla xatirə şəkli çəkdirmişdir.
Binada fərdi qazanxana quraşdırılmış, həyətdə geniş abadlıq işləri görülmüşdür.
Bənəniyarda yeni xidmət mərkəzi fəaliyyətə başlamışdır
Fevralın 5-də Bənəniyarda yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını etmiş, ayrı-ayrı xidmət sahələrində yaradılan şəraitlə maraqlanmışdır.
Bildirilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri və 2 mağaza fəaliyyət göstərir. Mağazaların birində ərzaq, digərində isə təsərrüfat mallarının satışı həyata keçirilir. Mərkəzdə 9 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşmüşdür.
Kənd ağsaqqalı, şəhid atası Hacıteymur Hüseynov və sakin Əliqulu Əhmədov minnətdarlıq edərək demişlər ki, muxtar respublikada ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi Bənəniyar kəndinin timsalında daha aydın görünür. Qədim tarixə malik olan kənd bu gün müasir inkişaf dövrünü yaşayır.
Artıq Bənəniyarda əhalinin rahatlığı üçün bütün imkanlar yaradılmış, yeni iş yerləri açılmışdır. Bütün bunlar sakinlərin öz yurd-yuvalarına bağlılığını, onların qurub-yaratmaq əzmini daha da artırır. Kənd adamları təsərrüfatlarda həvəslə çalışır, ölkəmizin inkişafına öz töhfələrini verirlər.
Ali Məclisin Sədri demişdir: “Aparılan quruculuq işlərindən sonra Bənəniyar müasir kənd yaşayış məntəqəsinə çevrilmişdir. Məktəb binası, musiqi məktəbi, xidmət mərkəzi, həkim ambulatoriyası və kənd mərkəzi əhalinin rahatlığının təmin olunmasına xidmət edir. Bənəniyar kəndinin qədim tarixi, özünəməxsus ənənələri, torpağa bağlı və zəhmətkeş insanları vardır. Ölkəmizdəki mövcud birlik, sabitlik və inkişaf bu kəndi də əhatə etmiş, həyata keçirilən tədbirlər yeni iş yerlərinin açılmasına, insanların məşğulluğunun təmin olunmasına, bir sözlə, onların rahat yaşayışına səbəb olmuşdur. Sakinlər yaradılan bu şəraitdən səmərəli istifadə etməli, kəndin bugünkü abadlığı, tarixi, ənənələri qorunub saxlanılmalı, gənc nəsil dövlətimiz və xalqımız üçün yararlı vətəndaş kimi böyüdülməlidir”.
Həkim ambulatoriyasında yenidənqurma işləri aparılmışdır
Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bənəniyar kənd həkim ambulatoriyasına gəlmiş, burada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, ambulatoriya 8 otaqdan – baş həkim, stomatoloq üçün kabinə, palata, aptek, doğuş, peyvənd, manipulyasiya və qeydiyyat otaqlarından ibarətdir. Burada 8 tibb işçisi sakinlərin sağlamlığının keşiyində durur.
Aparılan yenidənqurma işləri tibbi xidmətin daha səmərəli təşkilinə səbəb olmuşdur. Otaq və kabinələrin hər biri təyinatı üzrə ən müasir avadanlıqlarla və lazımi dərman vasitələri ilə təchiz olunmuşdur. Bütün bunlar kənddə əhali arasında müayinə və müalicə işinin səmərəli təşkilinə imkan verəcəkdir.
Baxış zamanı uşaq və hamilə qadınların qeydiyyata alınması və tibbi yoxlamadan keçirilməsinin vacibliyi vurğulanmış, əhalinin sağlamlığının qorunması barədə müvafiq tapşırıqlar verilmişdir.
Bənəniyarda dövlət qurumları üçün nümunəvi iş şəraiti yaradılmışdır
Bənəniyarda aparılan quruculuq tədbirləri çərçivəsində kənd mərkəzinin binası da əsaslı təmir olunmuşdur.
Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, klub və 60 yerlik iclas zalı yerləşir.
Culfa rayonunun böyük yaşayış məntəqələrindən biri olan Bənəniyarda sakinlərin rahat yaşayışı məqsədilə bütün zəruri infrastruktur, o cümlədən müasir rabitə sistemi yaradılmış, poçt şöbəsinin fəaliyyəti gücləndirilmişdir.
Kəndlərdə baytarlıq xidmətinin təşkili heyvandarlığın inkişaf etdirilməsində və əhalinin sağlam heyvandarlıq məhsulları ilə təmin olunmasında xüsusi əhəmiyyət daşıyır. Bənəniyar kəndində baytarlıq xidmətinin səviyyəsi yüksəldilmiş, baytarlıq məntəqəsi lazımi dərman preparatları ilə təchiz olunmuşdur.
Kənd mərkəzində 14 min 826 kitab fondu olan kitabxana və geniş iclas zalı vardır. Binada Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının əməkdaşları da rahat iş şəraiti ilə təmin olunmuşlar. Bənəniyar kənd ərazi ilk təşkilatının 354 üzvü vardır, onlardan 123-ü gənclər, 119-u isə qadınlardır.
Kənd mərkəzinin həyətində də geniş abadlıq işləri görülmüşdür.
* * *
Bənəniyar kəndində aparılan abadlıq işləri zamanı kənddaxili 1100 metr yola asfalt örtük salınmış, 151 metr uzunluğunda beton kanal çəkilmiş, 9 su keçidi qoyulmuşdur. Rabitə, elektrik və qaz şəbəkələrində yenidənqurma işləri aparılmış, 500 metr fiber-optik kabel çəkilmiş, 5 min 920 metr elektrik xətti yenilənmiş, yeni tikililərə 400 metr uzunluğunda qaz xətti çəkilmişdir. Kəndin içməli su təchizatı da yaxşılaşdırılmış, mövcud kaptajın uzunluğu 100 metr artırılmış, 1500 metr yeni su xətti çəkilmiş və kənddə 250 ailə içməli su ilə təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti