Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakının Xətai rayonu ərazisində yeni yaradılan fəvvarələr və şəlalələr kompleksi ilə tanış olub.
Görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi. Uzunluğu 150 metr olan kompleks ən müasir tələblər səviyyəsində qurulub. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yaradılıb. Müxtəlifrəngli 700-dən artıq işıq effekti fəvvarələrə xüsusi yaraşıq verəcək.
Kompleksdə müasir işıqlandırma sistemi qurulub, yeni yaşıllıq zolağı salınıb, abadlıq işləri aparılıb, əraziyə keyfiyyətli plitələr döşənib.
Fəvvarələr və şəlalələr kompleksində yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tövsiyələrini verdi.
* * *
Fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşüblər.
AzərTAc