Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksində olublar.
Dövlətimizin başçısı və xanımı “Park Chalet Shahdag” otelinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsdi.
“Park Chalet Shahdag” oteli Bakıdan 210 kilometr şimal-qərbdə yeganə alp üslublu dəbdəbəli məkandır. Əzəmətli dağlarla əhatə olunan otelin 164 eleqant qonaq otağı var.
Dövlətimizin başçısı və xanımı otelin nömrələrində yaradılan şəraitlə tanış oldular.
Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.
* * *
Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısına məlumat verildi ki, kompleksdə inşası nəzərdə tutulan 9 kanat yolundan 7-si artıq hazırdır. Bundan başqa, ümumi uzunluğu 5860 metr olan 4 “xalça cığırı” və ümumi uzunluğu 12 min 430 metr olan 11 dağ xizək enişi inşa olunub. Həmçinin sahəsi 41,5 hektar olan enişlərin süni qarlaşdırma sistemi yaradılıb.
Dövlətimizin başçısı 1 nömrəli kanat yolunu işə saldı.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kanat yolunu sınaqdan keçirdilər.
AzərTAc