Yanvarın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” və “Hərbi xidmətlərə görə” medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının, 2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinə mükafatların təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək demişdir: “Ölkəmizdə bütün sahələr inkişaf etdirilir, müxtəlif sahələrdə çalışan və fəaliyyətləri ilə fərqlənən insanların əməyi dövlətimiz tərəfindən qiymətləndirilir. O insanların əməyi qiymətləndirilir ki, onlar öz fəaliyyətləri ilə digərlərindən seçilir, ölkəmizin inkişafı, tərəqqisi yolunda daha çox çalışırlar. Hər bir insanda vəzifə borcu ilə yanaşı, onun Vətən qarşısında, cəmiyyət qarşısında daşıdığı borc hissi də olmalıdır. Vəzifələrini layiqincə yerinə yetirən, fədakarlıq göstərən belə insanlar daim öz fəaliyyətləri ilə nümunə göstərirlər. Çünki bu insanlar vəzifə borclarını yerinə yetirməklə yanaşı, həm də ölkəmizin inkişafına töhfə verirlər. Bu gün təltif olunanlar da çalışdıqları sahələrdə nümunəvi xidmətləri ilə seçilən insanlardır”.
Ali Məclisin Sədri demişdir: “İnsan əməyi o ölkələrdə qiymətləndirilir ki, həmin ölkədə inkişaf və sabitlik olsun. Ölkəmizdəki mövcud inkişaf və sabitlik insanların əməyinin layiqincə qiymətləndirilməsinə, onların dövlət mükafatları ilə təltif olunmasına imkan verir. Bu gün təltif olunanlar da əməklərinə verilən yüksək qiymətin müqabilində daha səylə çalışacaq, bundan sonra da ölkəmizin inkişafında yaxından iştirak edəcəklər”.
Ali Məclisin Sədri bir daha təltif olunanları təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının medallarını və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.
Təltif olunanlardan Niyaməddin Əliyev, Şahin Abdullayev, Mehman Əliyev, Nəzakət Gülməmmədova, Kəmalə İbrahimova, Akifə Quliyeva, Məryəm Bayramova və Abdulla Tahirli minnətdarlıq edərək demişlər ki, ölkəmizin, eləcə də muxtar respublikanın bugünkü inkişafı naminə xidmət göstərmək ikiqat qürur və şərəfdir. Qədim Naxçıvanın müasir inkişafı hər bir sakinin qurub-yaratmaq əzmini artırır. Bu gün bir qrup insanın təltif olunması onların əməyinə verilən qiymətin daha bir ifadəsidir. Təltif olunanlar bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi naminə səylə çalışacaqlarını bildirmişlər.
Daha sonra Ali Məclisin Sədri 2013-2014-cü tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuş Naxçıvan şəhər 9 nömrəli, Babək qəsəbə və Şahbuz şəhər 2 nömrəli tam orta məktəblərinə, eləcə də “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş 5 müəllimə mükafatları təqdim etmişdir.
Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin direktoru Ülkər Məmmədova, Babək qəsəbə tam orta məktəbinin direktoru Əli Hacıyev, Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin direktoru Əvəz Həsənov, “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən Rəxşəndə Rüstəmova, Sədaqət Cəfərova, Həyat Həşimova, Ədalət Əhmədov və Məhəddin Kazımov mükafata layiq görülmələrini təmsil etdikləri kollektivin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirmiş, bundan sonra da savadlı, vətənpərvər gənclərin yetişdirilməsi yolunda bilik və bacarıqlarını əsirgəməyəcəklərinə söz vermişlər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti