Yanvarın 22-də Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə keçirilən təqdimat mərasiminə İsveçrənin ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, Dünya İqtisadi Forumunda iştirak edən xarici ölkələrin təmsilçiləri qatılmışdılar.
Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının “Bakı-2015”ə həsr olunmuş bürünc heykəllərindən ibarət sərgiyə baxdılar. “Biz birlikdə” adlanan bu sərgidə 20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərini təsvir edən əsərləri sərgilənirdi.
Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən Birinci Avropa Oyunlarına həsr olunan bukletləri təqdim edildi.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.
Daha sonra mərasim iştirakçıları “Bakı-2015”-ə həsr olunan filmə baxdılar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işləri və digər tədbirlər barədə geniş məlumat verildi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin həyata keçirdiyi qlobal enerji layihələrinin önəmi vurğulandı.
* * *
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Monako Şahzadəsi II Albert ilə görüşü olub.
AzərTAc