“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, muxtar respublikanın yaşayış məntəqələrinin tarazlı inkişafının təmin olunması, kəndlərin infrastrukturunun yenilənməsi diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlər Culfa rayonunun Şurud kəndini də əhatə etmişdir. Rayon mərkəzindən 23 kilometr aralıda – hündür dağ silsilələrinin ətəyində yerləşən Şurudun quruculuq xəritəsi ötən ildən başlayaraq xeyli genişlənmiş, kənddə yeni sosial obyektlər tikilmişdir.
Şurud kənd məktəbinin binası yenidən qurulmuşdur
Şurud kənd tam orta məktəbinin binasında əsaslı yenidənqurma işləri aparılmışdır.
Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şurud kəndinə gəlmiş, məktəb binasında yaradılan şərait və tədrisin vəziyyəti ilə maraqlanmışdır.
Bildirilmişdir ki, yenidənqurma işləri aparılarkən məktəb binasının döşəməsi, tavanı, qapı və pəncərələri dəyişdirilmiş, sinif otaqları və fənn kabinələri müasir tədris metodlarına uyğun qurulmuşdur. Hazırda məktəbdə 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompüter otağı, kitabxana, müəllimlər otağı, hərbi kabinə, şahmat sinfi, idman zalı, açıq idman meydançası və bufet vardır.
Məktəbin kitabxanasındakı 1468 kitab müəllim və şagirdlərin asudə vaxtlarının səmərəli təşkilinə imkan verəcəkdir.
Ali Məclisin Sədri məktəbin mütəmadi olaraq elektron dərsliklərlə təmin olunması və kitabxana fondunun yeni nəşr olunan ədəbiyyatlarla zənginləşdirilməsi barədə tapşırıqlar vermişdir.
Kompüter sinfindəki kompüterlərin hər birinin internetə çıxışı vardır. Kimya-biologiya və fizika laboratoriyalarındakı əyani vəsaitlər isə müvafiq fənlər üzrə biliklərin təcrübi yolla möhkəmləndirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədrinə məlumat verilmişdir ki, müəllim-şagird münasibətlərinin düzgün qurulması məktəbdə yaxşı təhsil ənənələrinin formalaşmasına və uğurlu nəticələrin qazanılmasına səbəb olmuşdur. Belə ki, son 3 ildə məktəbi bitirən 18 məzunun hamısı ali məktəblərə qəbul olunmuş, onlardan 5-i isə 500-700 intervalında yüksək bal toplamışdır.
Elektron lövhəli siniflərdə muzeylər və ümumtəhsil məktəbləri ilə interaktiv əlaqələrin yaradılması təmin edilmişdir. Ali Məclisin Sədri muxtar respublikanın 212 təhsil müəssisəsi ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında “Qəhrəmanlar unudulmur” mövzusunda keçilən virtual dərsi izləmişdir.
İdman zalı və həyətdə quraşdırılan açıq idman qurğuları fiziki tərbiyə dərslərinin səmərəli təşkilinə imkan verəcəkdir. Hərbi kabinə də gənclərin çağırışaqədərki hazırlıqlarına və vətənpərvər ruhda böyüməsinə mühüm töhfə verəcəkdir.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, bu gün Şurud kənd tam orta məktəbi müasir tədrisin tələbləri səviyyəsində qurulmuşdur. Məktəbdə tədrisin normal təşkili üçün lazımi şərait yaradılmış, elektron tədris avadanlıqları qurulmuş, internetə çıxış təmin edilmişdir. Məktəbin nailiyyətləri uğurludur və 1 müəllim “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin pedaqoji kollektivinə təşəkkürünü bildirmiş, onlara gələcək tədrisdə uğurlar arzulamışdır.
Müəllim Səbinə Vəliyeva minnətdarlıq edərək demişdir ki, Şurud kənd tam orta məktəbində yaradılan şərait tədrisin hərtərəfli təşkilinə, daha uğurlu nəticələrin qazanılmasına imkan verəcəkdir. Göstərilən qayğı qarşıya mühüm vəzifələr qoyur. Müəllimlər bundan sonra da səylə çalışacaq, ölkəmiz və xalqımız üçün savadlı və vətənpərvər gənclər yetişdirəcəklər.
Binada yeni istilik sistemi quraşdırılmış, həyətdə yaşıllıqlar salınmışdır.
Şurudda kənd mərkəzi istifadəyə verilmişdir
Yanvarın 22-də Şurud Kənd Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə Şurud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşı Fariz Orucov çıxış edərək demişdir ki, ucqar dağ kəndi olan Şurud muxtar respublikanın abadlaşan yaşayış məntəqələrinin sırasına qoşulmuşdur. İnşa olunan yeni sosial obyektlər dövlət qurumlarının fəaliyyətinin səmərəli təşkilinə imkan verəcəkdir. Kənddə əhali maldarlıq, əkinçilik və arıçılıqla məşğul olur. Yaradılan şərait təsərrüfatların inkişafına, əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olmuşdur. Fariz Orucov qurulanlardan səmərəli istifadə edəcəklərinə və sakinlərə nümunəvi xidmət göstərəcəklərinə söz vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şurud kəndində aparılan abadlıq-quruculuq işləri münasibətilə sakinləri təbrik edərək demişdir: “Muxtar respublikada dağ və sərhəd kəndlərinin abadlaşması, yenidən qurulması diqqət mərkəzində saxlanılır, kompleks tikinti-quruculuq işləri aparılır. Həyata keçirilən bu tədbirlər sakinlərin rahat yaşayışının təmin olunmasına xidmət edir. Kəndin abadlaşması və infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq qaz xətti çəkilmiş, elektrik enerjisinin fasiləsiz verilişi təmin olunmuşdur. Dövlətin yaratdığı şəraitin nəticəsidir ki, ucqar dağ kəndi olmasına baxmayaraq, bu gün Şuruda fiber-optik kabel çəkilmiş, yeni ATS quraşdırılmış, sakinlərin internetə çıxış imkanı yaradılmışdır”.
Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada ən geniş torpaq sahəsi Gal və Şurud kənd bələdiyyəsinin payına düşür. Kənddə fərdi təsərrüfatların genişləndirilməsi, xüsusilə heyvandarlığın və arıçılığın inkişaf etdirilməsi üçün lazımi şərait vardır. Torpaq sahələrindən səmərəli istifadə edilməsi, təsərrüfatların genişləndirilməsi qarşıda duran əsas vəzifələrdir. Bütün bunlar kəndlərdə əhalinin rifahının yaxşılaşmasına, məskunlaşmanın artmasına, kənd təsərrüfatı məhsulları istehsalının çoxalmasına və nəticədə, ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Ona görə də rayon icra hakimiyyətləri və aid dövlət qurumları bundan sonra da ucqar dağ və sərhəd kəndlərində əhalinin məşğulluğunun təmin olunmasını diqqət mərkəzində saxlamalı, güzəştli şərtlərlə kreditlər verilməli, təsərrüfatlar inkişaf etdirilməlidir”.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmiş, sakinlərə firavan həyat arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, binada rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, klub, 35 yerlik iclas zalı və kitabxana vardır. Kitabxanada oxucuların istifadəsinə 5 min 764 kitab verilmişdir.
Muxtar respublikanın bütün yaşayış məntəqələrində aparılan tikinti-quruculuq işləri zamanı rabitə xidmətlərinin keyfiyyəti də yaxşılaşdırılır, kəndlər genişzolaqlı internet şəbəkəsi və rəqəmsal ATS-lərlə təchiz olunur. Şurud kənd rabitə evində də 384 yerlik yeni nəsil ATS quraşdırılmış, poçt şöbəsi yaradılmışdır.
Kənd mərkəzində feldşer-mama məntəqəsi üçün 3 iş otağı ayrılmışdır. Burada sakinlərə səhiyyə xidmətinin göstərilməsi üçün hər cür şərait vardır. Lazımi dərman vasitələri və müasir avadanlıqlarla təminat sakinlərin vaxtlı-vaxtında müayinəsinə və profilaktik tədbirlərin təşkilinə imkan verəcəkdir.
Ali Məclisin Sədri rayon mərkəzi xəstəxanası tərəfindən kəndə mütəmadi olaraq həkim briqadalarının göndərilməsi və əhalinin müayinədən keçirilməsi barədə tapşırıqlar vermişdir.
Yeni Azərbaycan Partiyası Şurud kənd ərazi ilk təşkilatının 76 üzvü vardır. Onlardan 24-ü gənclər, 39-u isə qadınlardır. Mərkəzdə ərazi ilk təşkilatının səmərəli fəaliyyəti üçün də ayrıca iş otağı ayrılmışdır.
Mal-qaranın baş sayının artırılması və xəstəliklərə qarşı mübarizə heyvandarlığın inkişafında əsas şərtdir. Buna görə də kənd yerlərində baytarlıq xidməti səmərəli təşkil olunur. Bütün lazımi vasitələrlə təmin olunan baytarlıq məntəqəsi Şurud və Gal kəndlərində bu sahədə xidmətin nümunəvi təşkilinə şərait yaradacaqdır.
Binanın həyətində də geniş abadlıq işləri görülmüşdür.
Xidmət mərkəzi sakinlərin rahatlığını təmin edəcəkdir
Həmin gün Şurudda yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını etmişdir.
Bildirilmişdir ki, ucqar dağ kəndlərində xidmət mərkəzlərinin tikilib istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Məhz bu xidmət sayəsində sakinlər uzun məsafə qət etmir, gündəlik tələbatlarını öz kəndlərində ödəyirlər. Xidmət mərkəzində mağaza və bərbərxana fəaliyyət göstərir. Mağazada ərzaq və sənaye məhsulları ilə yanaşı, Şurud kəndində yetişdirilən məhsullar da satışa çıxarılır. Burada 2 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri sakinlərlə görüşmüşdür.
Kənd ağsaqqalları Əli Şəkərəliyev, Həşim Kalbalıyev və Əli Orucov minnətdarlıq edərək demişlər ki, bu gün Şurud kəndi xoş günlərini yaşayır. Kənddə sakinlər rahat yaşayır, təsərrüfatla məşğul olur, öz güzəranlarını təmin edirlər. Bütün bunlar dövlətimizin yaratdığı şəraitin, insanlara göstərilən qayğının nəticəsidir. Ucqar dağ kəndi olan Şurud müasirləşən Naxçıvanın abad guşələrindən birinə çevrilmişdir. Yaradılan şəraitin nəticəsidir ki, artıq kənddə məskunlaşma ilbəil artır. Naxçıvan Muxtar Respublikasının inkişafını, onun hər bir yaşayış məntəqəsinin, hər bir kəndinin abadlığını görən sakinlər öz yurdlarına daha sıx tellərlə bağlanır, onların qurub-yaratmaq əzmi daha da artır.
Ali Məclisin Sədri demişdir ki, kəndlərin abadlaşması, insanların rahat yaşayışının təmin olunması dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Şurud kəndində insanların rahatlığı və məskunlaşması üçün həyata keçirilən tədbirlər gələcəkdə də davam etdiriləcəkdir. Yaradılan şəraitin müqabilində isə kənd sakinləri, xüsusilə ağsaqqallar gənclərin vətənpərvər, torpağına, yurduna bağlı insanlar kimi yetişməsinə diqqət yetirməli, ölkəmizin inkişafında yaxından iştirak etməlidirlər.
* * *
Kənddə aparılan abadlıq-quruculuq işləri zamanı 12,2 kilometrlik Gal-Şurud avtomobil yoluna qum-çınqıl qatı verilmiş, yol üzərindəki 2 körpü təmir edilmiş, 19 su keçidi, 25 selötürücü qoyulmuşdur. Kəndə 1030 metr fiber-optik kabel çəkilmiş, 920 metr rabitə kabeli, 5 kilometrə yaxın elektrik verilişi xətti yenilənmişdir. Həmçinin kənddə 160 metr yeni qaz xətti, 100 metr kaptaj, 450 metr yeni içməli su xətti çəkilmiş, kənd kəhrizində bərpa işləri aparılmışdır.
Gal kəndində yeni sosial obyektlər inşa olunacaqdır
Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işləri 2015-ci ildə də davam etdirilir. Bu tədbirlər çərçivəsində bu il Culfa rayonunun Gal kəndində geniş quruculuq işləri aparılacaqdır.
Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gal kəndinə gəlmiş, kənd məktəbinin mövcud vəziyyəti və dövlət qurumlarının fəaliyyəti ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, kənd məktəbinin binası müasir tələblərə cavab vermir. Kənddə yeni məktəb binası, kənd və xidmət mərkəzlərinin inşa olunması nəzərdə tutulmuşdur.
Ali Məclisin Sədri tikinti aparılacaq ərazilərə baxmış, obyektlərin layihələndirilməsi və inşaat işlərinə başlanılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti