08 Yanvar 2025, Çərşənbə

  Naxçıvanda 20 Yanvar faciəsinin 25-ci ildönümü qeyd olunmuşdur

1990-cı il yanvarın 20-də keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və azadlıq əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı amansız qırğın törətmişdir. Bəşəriyyət tarixinə silinməz faciə kimi yazılmış 20 Yanvar həm də müstəqillik tariximizin qəhrəmanlıq səhifəsi, iftixar günüdür.
Azərbaycan xalqının mustəqillik mübarizəsinin zirvəsi sayılan bu faciənin törədilməsindən 25 il ötür. Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da hər il 20 Yanvar şəhidlərinin xatirəsi əziz tutulur, şəhər və rayonlardakı Şəhidlər xiyabanları ziyarətgaha çevrilir.

Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəlmişdir.
Ali Məclisin Sədri xiyabandakı Ana abidəsinin önünə əklil qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir.
Sonra Naxçıvan Qarnizonunun hərbi orkestrinin ifasında Dövlət Himni səslənmişdir.
Ali Məclisin Sədri Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhidlik zirvəsinə ucalanların məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş türk ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər qoymuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və onun yerli təşkilatlarının, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri şəhid məzarları önündən keçərək onların əziz xatirəsini ehtiramla yad etmişlər.
Xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi pisləmişdir. Əsl vətəndaşlıq və ümummilli mübarizəyə çağırış məqamı olan bu addım Azərbaycan xalqının milli azadlıq uğrunda apardığı mübarizədə əsas stimul olmuşdur.
Vətən və torpaq şəhidləri ilə ucalır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.
20 Yanvar hadisələri təkcə azğınlaşmış sovet qoşunlarının Bakıda törətdiyi qanlı cinayətlərlə tamamlanmamışdır. Həmin gün eyni zamanda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə də erməni silahlılarının işğalçı hücumları olmuşdur. 1990-cı il yanvarın 18-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunmuş, 1990-cı il yanvarın 20-də Qanlı yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə, muxtar respublikanın digər sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumları başlamışdır. Bu, 20 Yanvar faciəsinin ilk qanlı səhifələri idi. Ərazi bütövlüyümüz uğrunda döyüşlərdə naxçıvanlılar düşmənə qarşı mərdliklə dayanmış, qəhrəmancasına mübarizə aparmış, şəhidlər versə də, Naxçıvanı qoruyub saxlamışlar.
Ümummilli liderimiz Heydər Əliyev həmin dövrdə Naxçıvanda baş verən hadisələri belə xarakterizə etmişdir: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və erməni quldur dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişdir... Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı. Milli istiqlaliyyət uğrunda mübarizə yollarında o zaman Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərdi”.
Bütün bunlar bir daha təsdiq edir ki, 20 Yanvar faciəsi yalnız Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq məqsədi daşımırdı. Bu həm də ermənilərin işğalçılıq siyasətinin həyata keçirilməsinə xidmət edən terror aktı idi. İstər ermənilərin Bakıda sovet əsgəri libasında törətdiyi qırğın, istərsə də hələ faciədən bir neçə gün əvvəl Naxçıvana hücumları bunu bir daha təsdiq edir.
Milli birlik və qəhrəmanlıq simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın şərəf tarixidir. Bu gün doğma torpağını öz müqəddəs qanları ilə yuyan, onu düşmən tapdağı altına verməyən şəhidlərimizin qəhrəmanlıqları hər bir azərbaycanlının qəlbində əbədi yaşayır. Müstəqil və qüdrətli Azərbaycan uğrunda canlarından keçən şəhidlərimizin ruhu isə şaddır. Çünki ümummilli liderimizin dediyi kimi: “Bizim şəhidlərimizin xatirəsinə ən böyük abidə Azərbaycanın istiqlaliyyətidir, müstəqil Azərbaycandır, hüquqi, demokratik, dünyəvi Azərbaycan dövlətidir. Vətən, torpaq uğrunda döyüşlərdə şəhid olan övladlarımız rahat yatsınlar. Çünki artıq onların istəkləri, arzuları yerinə yetirilibdir – Azərbaycan öz dövlət müstəqilliyini əldə edibdir”.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. “20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir”, – deyən dövlət başçısının rəhbərliyi ilə Bakı şəhərində şəhidlərin xatirəsinə xüsusi memorial kompleks ucaldılmış, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı yenidən qurulmuşdur.

Tədbirdən sonra Ali Məclisin Sədri yeni tikilmiş Xatirə Muzeyinə gəlmiş, burada yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, xüsusi memarlıq üslubunda tikilən binada muzey əməkdaşları üçün iş otaqları və geniş ekspozisiya zalı yerləşir. Muzey binasının Şəhidlər xiyabanı yaxınlığında yerləşməsi onun əhəmiyyətini daha da artırır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir. Muzeydə eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi bura gələnlərin, xüsusilə gənc nəslin qəhrəmanlıq tariximiz haqqında ətraflı məlumat almasına imkan verir.
Ali Məclisin Sədri Xatirə Muzeyinin məktəb-muzey şəbəkəsinə qoşulması və interaktiv dərslərin keçilməsi, muzey fondunun qəhrəmanlıq tariximizdən bəhs edən kitablarla zənginləşdirilməsi barədə tapşırıqlar vermişdir.
Həmin gün saat 1200-də şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR