Yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qars Qafqaz Universitetinin rektoru, professor doktor Sami Özcanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin Sədri Qars Qafqaz Universitetinin bölgədə elmin və təhsilin inkişafına mühüm töhfələr verdiyini qeyd etmişdir. Qardaş Türkiyənin universitetləri ilə əlaqələrin genişləndirilməsinin vacibliyinə diqqəti çəkən Ali Məclisin Sədri Naxçıvan Dövlət Universiteti ilə Qars Qafqaz Universiteti arasındakı səmərəli elmi əməkdaşlığın məmnunluq doğurduğunu bildirmişdir.
Ali Məclisin Sədri universitetlərarası əlaqələrin inkişafına verdiyi töhfəyə görə Qars Qafqaz Universitetinin rektoru Sami Özcana təşəkkürünü bildirmişdir.
Nümayəndə heyətinə göstərilən səmimi münasibətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edən Sami Özcan demişdir ki, Naxçıvan Muxtar Respublikasındakı müasir təhsil infrastrukturu universitetlər arasındakı əlaqələrin yeni istiqamətlər üzrə inkişafını şərtləndirir. Qars Qafqaz Universiteti ilə muxtar respublikanın ali təhsil ocaqları arasındakı əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verdiyini qeyd edən rektor gələcəkdə də bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırmışdır.
Görüşdə elm və təhsil sahəsindəki əlaqələrin perspektivi ətrafında fikir mübadiləsi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti