İslam aləmində müqəddəs sayılan günlərdən biri də hicri təqvimi ilə Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən mövlud gecəsidir. Mövlud gecəsi İslam dininin banisi, onun təşəkkül tapmasında və bütün dünyaya yayılmasında böyük xidmətləri olan, insanları mənəvi saflığa və yüksək əxlaqi dəyərlərə səsləyən Məhəmməd Peyğəmbərin doğum günüdür.
Yanvarın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Cümə məscidinə gəlmiş, həzrəti Məhəmməd Peyğəmbərin mövlud günü münasibətilə keçirilən tədbirdə iştirak etmişdir.
Çoxəsrlik tolerantlıq ənənələrinə malik olan Azərbaycanda dini-mənəvi dəyərlər tarixən müqəddəs hesab olunmuş, xalqımız humanizm və bəşəri ideyaların daşıyıcısı olan islami dəyərləri daim uca tutmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycanda formalaşan dövlət-din münasibətləri və dini dəyərlərə sadiqlik nümunə gücündədir. Naxçıvan Muxtar Respublikasında da dini-mənəvi dəyərlərin qorunub yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni məscid binaları tikilir, dindarlar üçün lazımi şərait yaradılır. Hər il muxtar respublikada dini mərasimlərin, xüsusilə Məhəmməd Peyğəmbərin mövludu gününün geniş qeyd olunması da islami dəyərlərə hörmətin daha bir ifadəsidir.
Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunmuş, xalqımıza əmin-amanlıq, ölkəmizə inkişaf və tərəqqi arzulanmışdır.
Muxtar respublikanın rayonlarında da Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti