08 Yanvar 2025, Çərşənbə

Naxçıvan Muxtar Respublikası 2014-cü ili bütün sahələrdə qazanılan uğurlarla başa vurdu. Ötən il quruculuq tədbirlərinin əhatə dairəsi xeyli genişlənmiş, 30-a yaxın kənd yaşayış məntəqəsində müxtəliftəyinatlı obyektlər tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Ardıcıl şəkildə aparılan quruculuq işləri kəndlərdə infrastrukturun yenilənməsinə, əhalinin rahatlığının təmin olunmasına səbəb olmuşdur.
Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində yanvarın 6-da Şərur rayonunun Püsyan kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

2015-ci ildə ilk məktəb binası Püsyan kəndində istifadəyə verilmişdir

Yanvarın 6-da Püsyan kənd tam orta məktəbinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə məktəbin direktoru Ülkər Nağıyeva çıxış edərək demişdir ki, Püsyan kəndi muxtar respublikanın müasir yaşayış məntəqələrinin sırasına qoşulmuşdur. Aparılan quruculuq işləri digər sahələrlə yanaşı, kənddə təhsilin inkişafına da öz töhfəsini verəcəkdir. Hər cür maddi-texniki bazaya malik olan müasir məktəb binasının istifadəyə verilməsini kollektiv, eləcə də kənd sakinləri sevinclə qarşılayırlar. Ülkər Nağıyeva yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Püsyan kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, onlara gələcək tədrisdə uğurlar arzulayaraq demişdir: “Bu gün ölkəmizdə məktəb işi ümumxalq, ümumdövlət işinə çevrilmişdir. Hər bir kənddə, hər bir yaşayış məntəqəsində yeni məktəb binaları tikilərək istifadəyə verilir. Çünki məktəb tikintisi ölkəmizin gələcəyinə xidmət edir, məktəblərdə ölkəmizin gələcək təminatçıları olan gənc nəsil yetişir. Bu amili yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Məktəb təhsil verməklə yanaşı, eyni zamanda gəncləri müstəqil həyata hazırlayan tərbiyə ocağıdır”.

Ali Məclisin Sədri demişdir: “Hər bir gənc orta məktəbdə təhsil almaqla yanaşı, həm də peşə seçməli, özünü ölkənin gələcəyinə hazırlamalıdır. Ölkəmizdə bu məsələ daim diqqət mərkəzində saxlanılır, təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Çünki təhsilə göstərilən qayğı ölkənin gələcəyinə göstərilən qayğı, təhsilə qoyulan sərmayə isə ölkənin gələcəyinə qoyulan sərmayədir. Bu amil hər bir ölkənin gələcək inkişaf yolunun təhsildən keçdiyini bir daha təsdiq edir. Püsyan kənd tam orta məktəbi üçün yeni binanın istifadəyə verilməsi, yaradılan müasir tədris şəraiti də ölkə­mizdə təhsilin inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Məktəbdə elektron lövhəli siniflər, internetə qoşulmuş kompüter otaqları, laboratoriyalar, hərbi kabinə, idman qurğuları və digər müasir tədris avadanlıqları kollektivin istifadəsinə verilmişdir. Bütün bunlar da məktəbdə təhsilli və sağlam gənc nəslin yetişdirilməsinə imkan verəcəkdir. Gənclərə yaxşı təhsil vermək, onları gələcəyə hazırlamaq, hər bir şagirdə bacarığına uyğun olaraq peşə seçimində köməklik göstərmək müəllimlərin qarşısında duran əsas vəzifələrdir”.

Məktəbin təhsil sahəsindəki nəticələrinə diqqəti çəkən Ali Məclisin Sədri demişdir: “Püsyan kənd tam orta məktəbinin nailiyyətləri muxtar respublikanın ümumtəhsil məktəblərinin orta göstəricilərindən aşağıdır. Ona görə də müəllimlər yaradılan şəraitdən səmərəli istifadə etməli, məktəbin nailiyyətləri artırılmalıdır. Bu işdə məktəb kollektivi ilə yanaşı, kənd ictimaiyyətinin nümayəndələri, xüsusilə ailələr yaxından iştirak etməli, məktəb-ailə münasibətləri düzgün qurulmalı, təhsilli və vətənpərvər gənclər yetişdirilməlidir”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 4 mərtəbədən ibarət olan məktəb binası 792 şagird yerlikdir. Binada 46 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat otağı, 2 kompüter otağı, 2 müəllimlər otağı, 4 elektron lövhəli sinif, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları istifadəyə verilmişdir.
Məktəbin kitabxana fondunda 8 mindən artıq kitab vardır. Kimya, biologiya və fizika laboratoriyalarında müxtəlif cihaz və alətlər qoyulmuş, müasir tədris şəraiti yaradılmışdır.
Ali Məclisin Sədri birinci siniflərdə oxuyan şagirdlərin dərs prosesi ilə maraqlanmışdır. Bildirilmişdir ki, 2014-2015-ci tədris ilində Püsyan kənd tam orta məktəbində birinci sinfə 31 şagird qəbul olunmuşdur. Şagirdlərin məktəbəhazırlıq kurslarına cəlb edilməsi onların ilk günlərdən məktəb auditoriyasına uyğunlaşmasına, keçilən dərs və məşğələlərdə fəal iştirakına səbəb olmuşdur.
Kompüter siniflərində 38 kompüter dəsti quraşdırılmış və internetə qoşulmuşdur. Bu da məktəbdə yeni texnologiyaların imkanlarından səmərəli istifadə olunmasına, eləcə də tədrisyönümlü saytlar vasitəsilə keçilən mövzuların daha dərindən qavranılmasına şərait yaradacaqdır.
Elektron lövhəli siniflər də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu avadanlıqlar təhsil ocaqları arasında elektron tədris mübadiləsinin aparılmasına, müştərək dərslərin keçilməsinə imkan verir. Baxış zamanı muxtar respublikanın 210 ümumtəhsil məktəbi ilə Cəmşid Naxçıvanskinin ev-muzeyi arasında interaktiv əlaqə yaradılmış və keçilən dərs nümayiş olunmuşdur.
Məktəbdə şagirdlərin ilkin hərbi biliklərə yiyələnməsi və vətənpərvərlik ruhunda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Son illər Püsyan kənd tam orta məktəbindən Heydər Əliyev adına Hərbi Liseyə 21 şagird qəbul olunmuşdur. Onlardan 5-i hazırda müxtəlif ali hərbi məktəblərdə təhsillərini davam etdirir. Hərbi kabinədə yaradılan şərait gənclərin bu sahəyə olan marağını daha da artıracaqdır.
Püsyan kənd tam orta məktəbində idman dərslərinin yüksək səviyyədə tədris olunması üçün bütün imkanlar yaradılmış, müasir idman zalı istifadəyə verilmiş, həyətdə açıq idman qurğuları quraşdırılmışdır.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir: “Təhsil hər bir ölkə­nin inkişaf göstəricisidir. Bu gün təhsil sahəsində qazanılan nailiyyətlər ölkəmizin gələcəyinin uğurlu olacağından xəbər verir. Muxtar respublikada da təhsilin inkişafına xüsusi diqqət yetirilir. Göstərilən qayğının nəticəsidir ki, muxtar respublikada orta, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə təhsil müəssisələrinin fəaliyyəti təmin olunmuşdur. Məktəblərdə gənclərin bilikli, vətənpərvər və dünyagörüşlü formalaşması diqqət mərkəzində saxlanılmalıdır. Püsyan kəndində müasir məktəb binasının istifadəyə verilməsi gələcəkdə nailiyyətlərin daha da artırılmasına imkan verəcək, məktəb muxtar respublikanın qabaqcıl təhsil ocaqlarından birinə çevriləcəkdir”.
Məktəbin müəllimləri Saqiyə Quliyeva və Ərkinaz Abbasova pedaqoji kollektiv adından minnətdarlıq etmiş, təhsilli və vətənpərvər gənclər yetişdirəcəklərinə söz vermişlər.
Məktəbin həyətində də geniş abadlıq işləri aparılmışdır.

Püsyan kənd həkim ambulatoriyasında sakinlərə hərtərəfli səhiyyə xidməti göstəriləcəkdir

Muxtar respublikanın kəndlərində aparılan tikinti-quruculuq işləri kompleks xarakter daşıyır. Ən ucqar kəndlərdə belə, bütün zəruri istiqamətlər üzrə, o cümlədən səhiyyə sahəsini əhatə edən müasir obyektlər tikilib istifadəyə verilir. Püsyanda xəstəxanatipli həkim ambu­latoriyasının inşa olunması da kənddə həyata keçirilən kompleks quruculuq işlərinin tərkib hissəsidir.
Yanvarın 6-da həkim ambulatoriyası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, ambulatoriyada yaradılan şəraitlə maraqlanmışdır.
Bildirilmişdir ki, ikimərtəbəli ambulatoriya 13 otaqdan ibarətdir. Burada baş həkim, ginekoloq, doğuş, pediatr, peyvənd, mama, tibb bacısı, qeydiyyat, müayinə, manipulyasiya otaqları, stomatoloji kabinə, palata və aptek vardır.
Səhiyyə ocağında müasir avadanlıqlar quraşdırılmış, tibb işçilərinin səmərəli fəaliyyəti təmin olunmuşdur. Bu da sakinlərə göstərilən səhiyyə xidmətinin keyfiyyətini xeyli yüksəldəcəkdir.
Ali Məclisin Sədri kənddə tibbi maarifləndirmə işinin aparılmasının, uşaq və hamilə qadınların vaxtlı-vaxtında müayinədən keçirilməsinin vacibliyini vurğulamış, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tapşırıqlar vermişdir.
Binada müasir istilik sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, gülkarlıqlar salınmışdır.

 Kənd mərkəzində dövlət qurumlarının səmərəli fəaliyyəti təmin olunmuşdur

Püsyan kəndində həyata keçirilən qurucu­luq işləri çərçivəsində yeni kənd mərkəzi də inşa olunmuşdur.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin də açılışını etmişdir.
Mərkəzlə tanışlıq zamanı məlumat verilmişdir ki, iki mərtəbədən ibarət olan binada rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, klub və 70 yerlik iclas zalı yerləşir. Ayrı-ayrı təşkilatların bir mərkəzdə fəaliyyət göstərməsi əhaliyə nümunəvi xidmət göstərilməsinə imkan verəcəkdir.
Mərkəzdə kitabxana işi də səmərəli təşkil olunmuş, 6 mindən artıq ədəbiyyat fondu olan kitabxana yaradılmışdır.
Müasir texnoloji avadanlıqlarla təchiz olunan rabitə evində elektron ATS quraşdırılmış, poçt bölməsinin fəaliyyəti təşkil olunmuşdur. Hazırda burada Püsyan və Təzəkənd kəndlərini əhatə etməklə 455 abonentə telefon xidməti göstərilir.
Binada Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün də iş otağı ayrılmışdır. Hazır­da təşkilatın 243 üzvü vardır. Onlardan 92-si gənclər, 46-sı isə qadınlardır.
Baytarlıq məntəqəsi Püsyan və Təzəkənd kəndlərini əhatə edir. Məntəqədə lazımi dərman preparatlarının və səyyar tibb avadanlıqlarının qoyulması profilaktika tədbirlərinin vaxtında təşkilinə imkan verəcəkdir. Bildirilmişdir ki, Püsyan kəndində 4 min başdan artıq iribuynuzlu, 13 min baş xırdabuynuzlu və 14 min baş quş saxlanılır. Mütəmadi olaraq təsərrüfatlarda dezinfeksiya işlərinin aparılması, süni mayalanma tədbirlərinin genişləndirilməsi xəstəliklərin qarşısının alınmasına və mal-qaranın baş sayının ilbəil artmasına səbəb olmuşdur.

 Püsyanda xidmət mərkəzi istifadəyə verilmişdir

 

Həmin gün Püsyan kəndində yeni xidmət mərkəzinin də açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
İki mərtəbədən ibarət olan xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları olmaqla, 3 mağaza fəaliyyət göstərir. Xidmət mərkəzinin istifadəyə verilməsi ilə sakinlərin lazımi ərzaq və sənaye mallarına olan tələbatları öz kəndlərində ödəniləcəkdir. Mərkəzdə 9 nəfər işlə təmin olunmuşdur.
Ali Məclisin Sədri xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüşmüş və demişdir ki, Püsyan kəndinin sakinləri zəhmətkeş insanlardır. Kəndin tarixən yaxşı ənənələri olmuş, ölkəmizdə və ondan kənarda tanınan ziyalılar yetirmişdir. Gələcəkdə də kənddə inkişafın davamlı olması üçün ardıcıl tədbirlər həyata keçiriləcəkdir. Kənddə aparılan quruculuq işləri, yaradılan müasir infrastruktur dövlətimizin iqtisadi qüdrətinin göstəricisidir. Bundan sonra əsas vəzifə sakinlərin, kənd ictimaiyyətinin üzərinə düşür. Tikilənlər, qurulanlar qorunub saxlanılmalı, onlardan səmərəli istifadə olunmalı, təsərrüfatlar inkişaf etdirilməlidir.
Kənd sakini Şükür Əsgərli demişdir ki, Püsyan kəndində məktəb binasının, həkim ambulatoriyasının, müasir yolun, kənd və xidmət mərkəzlərinin tikintisi sakinlərin böyük sevincinə səbəb olmuşdur. Hələ ötən əsrin 90-cı illərində muxtar respublikada ilk dəfə özəl nümunəvi təsərrüfat Püsyan kəndində yaradılmış, yeraltı suvarma şəbəkəsi qurulmuşdur. Bu gün də sakinlər bundan geniş istifadə edir. Ötən dövrdə kənddə həyata keçirilən tədbirlər insanların rahat yaşayışına səbəb olmuşdur. Kənd sakinləri əmindirlər ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkəmizdə, eləcə də muxtar respublikada uğurla davam etdirilməsi Azərbaycanı və onun hər bir yaşayış məntəqəsini daha sürətli inkişafa qovuşduracaqdır. Püsyan kənd sakinləri bundan sonra da dahi şəxsiyyətin siyasi xəttinə sadiq qalaraq ölkəmizin inkişafına öz töhfələrini verəcəklər.

 *    *    * 

Aparılan kompleks tikinti-quruculuq işləri zamanı Nax­çıvan-Sədərək magistral avtomobil yolundan Püsyan kəndinədək, eləcə də kənddaxili 5,4 kilometr yola asfalt örtük salınmış, hərəkətin rahatlığı və təhlükəsizliyi təmin olunmuş, yol nişanları quraşdırılmışdır. Yolun uzunmüddətli istismarı məqsədilə də zəruri tədbirlər görülmüş, 33 su keçidi, 940 metr məsafədə beton kanal çəkilmiş, 10 kilometr məsafədə məhəllələrarası yollar təmir olunmuşdur. Həmçinin kəndin rabitə, elektrik, qaz və su təchizatı da yaxşılaşdırılmışdır. Kənddaxili 400 metr fiber-optik, ümumi uzunluğu 14,7 kilometr olan yerüstü və 2,5 kilometr olan yeraltı rabitə, 1,5 kilometr elektrik xətləri çəkilmişdir. Həmçinin yeni tikililərə 360 metr uzunluğunda qaz xətti çəkilmiş, 478 metr suvarma kanalı və 590 metr kənddaxili su arxları təmizlənilmişdir.

Kəngərli rayonunun Qıvraq qəsəbəsində yeni xidmət kompleksi tikilir

Muxtar respublikada həyata keçirilən tikinti-quruculuq işləri Kəngərli rayonunun da simasını başdan-başa dəyişmişdir. Rayon mərkəzi Qıvraq qəsəbəsində yeni inzibati binaların və sosial obyektlərin inşası ilə yanaşı, müxtəlif xidmət sahələrinin yaradılması da diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı olaraq, Qıvraq qəsəbəsində yeni xidmət mərkəzi kompleksi inşa olunur.

Yanvarın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qıvraq qəsəbəsinə gəlmiş, obyektdə aparılan tikinti işləri ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, kompleksə 3 mərtəbəli ticarət mərkəzi, mağazalar, şadlıq evi və digər xidmət sahələri daxildir. Ticarət mərkəzinin birinci mərtəbəsində qapalı bazar, ikinci mərtəbəsində müxtəliftəyinatlı dükanlar, üçüncü mərtəbəsində isə 300 yerlik şadlıq evi yerləşəcəkdir. Həmçinin binanın həyətində 12 mağaza və açıq bazar fəaliyyət göstərəcəkdir. Hazırda obyektdə son tamamlama işləri görülür. Müasir dizayn əsasında inşa olunan binada insanların istirahəti və asudə vaxtları səmərəli təşkil olunacaq, qəsəbə sakinlərinə nümunəvi iaşə xidməti göstəriləcəkdir.

Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılması barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR