08 Yanvar 2025, Çərşənbə

Tarixə uğurlu il kimi daxil olan 2014-cü il Naxçıvan Muxtar Respublikası üçün də əlamətdar hadisələrlə yadda qaldı. Yola saldığımız ildə Naxçıvan Muxtar Respublikasının 90 illiyi qeyd olundu. Əvvəlki illərdə olduğu kimi, “Muxtariyyət ili”ndə də iqtisadi və sosial həyatın bütün sahələrində tərəqqiyə nail olundu, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirildi. Xüsusilə abadlıq-quruculuq işlərinin əhatə dairəsinin genişlənməsi qədim Naxçıvanın müasir görkəmini daha da füsunkar etmişdir. Başa vurduğumuz ilin uğurlu sosial-iqtisadi yekunları muxtar respublika əhalisini yeni ili daha yüksək bayram əhval-ruhiyyəsi ilə qarşılamağa ruhlandırır.
Muxtar respublikada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ruh yüksəkliyi, möhtəşəm təntənə və bayram gəzintisi şəraitində qeyd edilmişdir. Naxçıvan şəhərində bir neçə gün əvvəldən bayramların gəlişi münasibətilə yolkalar bəzədilmiş, şəhər bayram libasına bürünmüşdü.
Dekabrın 31-də axşam saatlarında minlərlə sakin və şəhərimizin qonaqları Heydər Əliyev prospektində – şəhərin mərkəzi meydanında toplaşmış, həmrəylik bayramını birlikdə qeyd etmişlər. Meydanda konsert proqramı təşkil olunmuş, Vətənimizi, həmrəyliyi, milli dəyərləri, yeni ili tərənnüm edən mahnılar səslənmiş, gənclər rəqs edərək xoş dəqiqələr keçirmişlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda və digər yerlərdə quraşdırılan monitorlar vasitəsilə canlı yayımlanmışdır. Azərbaycan xalqına təbriklərini çatdıran ölkə Prezidenti demişdir: “Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, bu gün qüdrətli, müstəqil Azərbaycan dövləti vardır. Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz 23 ildir ki, müstəqilik və müstəqil siyasət aparırıq. Milli maraqlar, milli dəyərlər üzərində qurulmuş bu müstəqil siyasət bugünkü Azərbaycan reallıqlarını təmin edir. Bu gün Azərbaycan dinamik, sürətlə inkişaf edən ölkədir. Azərbaycan demokratiya, azadlıq, müstəqillik, tərəqqi, inkişaf yolu ilə uğurla gedən ölkədir. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir”.
Gecə saatlarında şənliyə toplaşan sakinlər möhtəşəm bayram atəşfəşanlığını seyr etmiş, yurdumuza ilk qədəmlərini qoyan yeni ili xoş arzular və böyük təntənə ilə qarşılamışlar.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR