Muxtar respublikamız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və yeni ili böyük nailiyyətlərlə qarşılayır. “Muxtariyyət ili”ndə Naxçıvanda bütün sahələrdə olduğu kimi, təhsil infrastrukturunun yenilənməsi istiqamətində də kompleks tədbirlər görülmüşdür. Aparılan quruculuq işləri nəticəsində müasir məktəb binaları tikilmiş, təhsil ocaqlarının maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir. Bu sahədə həyata keçirilən tədbirlər Kəngərli rayonunun Qarabağlar kəndini də əhatə etmişdir.
Dekabrın 29-da – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə məktəbin direktoru Mənsim Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən Qarabağlar kəndinə də pay düşmüşdür. Yüksək zövqlə tikilib istifadəyə verilən məktəb binası həm məktəbin kollektivinin, həm də valideynlərin böyük sevincinə səbəb olmuşdur. Müasir şərait, yeni tədris vasitələri kollektivi daha yüksək nəticələrin qazanılmasına ruhlandırır. Mənsim Məmmədov göstərilən dövlət qayğısının müqabilində səylə çalışacaqlarına, şagirdləri təhsilli və vətənpərvər ruhda böyüdəcəklərinə söz vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabağlar kənd 1 nömrəli tam orta məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli lider Heydər Əliyevin “Bizim məqsədimiz müstəqil Azərbaycanın gələcəyi üçün daha bilikli, zəkalı gənclər hazırlamaqdır” fikrini xatırladaraq demişdir: “Ulu öndərimiz gənclərin gələcəyin təminatçıları kimi hazırlanmasını mühüm vəzifə kimi müəyyənləşdirmişdir. Bu sahədə də ümummilli liderimizin yoluna sədaqətini əməli işdə göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə təhsilin inkişafına, məktəb işinə mühüm əhəmiyyət verir, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Qarabağlar kənd 1 nömrəli tam orta məktəbinin binasının istifadəyə verilməsi də ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir”.
Ali Məclisin Sədri demişdir: “Məktəbin qarşısında duran əsas vəzifə gəncləri gələcəyə hazırlamaq, onların bacarıq və marağına uyğun peşələrə yiyələnməsinə nail olmaqdan ibarətdir. Ümumtəhsil məktəblərini bitirən hər bir gənc vətənpərvər böyüməklə yanaşı, həm də peşə sahibi olmalıdır. Ölkəmizdə gənclərin orta ixtisas, peşə və ali təhsil almaları üçün hər cür şərait vardır. Gənclərimiz bu şəraitdən səmərəli istifadə etməli, hər hansı bir təhsil pilləsi üzrə öz təhsillərini davam etdirməlidirlər. Ölkəmizin, eləcə də muxtar respublikanın orta məktəblərində yaradılan şərait, tədrisin normal təşkili qarşıya qoyulan bu vəzifələrin icrasına imkan verir. Bu gün istifadəyə verilən Qarabağlar kənd 1 nömrəli tam orta məktəbində də gənclərin hazırlanması üçün hərtərəfli şərait yaradılmış, tədrisin müasir metodlarla tətbiqi təmin edilmişdir. Gənclərimiz bu şəraitdən səmərəli istifadə etməli, müəllimlər şagirdlərlə fərdi qaydada məşğul olmalı, onların hər biri vətənpərvər gənc kimi yetişdirilməlidir”.
Məktəbin nailiyyətlərinin uğurlu olduğunu qeyd edən Ali Məclisin Sədri kollektivə təşəkkür etmiş, məktəbdə tarixən formalaşmış təhsil ənənələrinin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirmişdir.
Sonra Ali Məclisin Sədri Kəngərli rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompüter dəsti hədiyyə etmişdir.
Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur.
Məlumat verilmişdir ki, məktəb 648 şagird yerlikdir. 4 mərtəbədən ibarət olan məktəbdə 5-i elektron lövhəli olmaqla, 36 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 şahmat, 2 kompüter, 2 müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.
Muxtar respublikada məktəb kitabxanalarının müasir tələblər səviyyəsində qurulması diqqət mərkəzində saxlanılır. Qarabağlar kənd 1 nömrəli tam orta məktəbinin kitabxanası da zəngin fonda malikdir. Burada 8 mindən çox dərslik və bədii ədəbiyyat vardır.
Ali Məclisin Sədri 1-ci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanmışdır. Bildirilmişdir ki, bu il məktəbin birinci sinfinə 28 şagird qəbul olunmuşdur. Məktəbdə sinif otaqlarının yaş pillələrinə uyğun yerləşdirilməsi aşağı sinif şagirdlərinin tədris metodlarını daha yaxşı qavramağa, eləcə də bilik, bacarıq və dünyagörüşlərini inkişaf etdirməyə imkan verir.
Kompüter siniflərində müasir tədris imkanları yaradılmış, 38 kompüter dəsti quraşdırılmış və internetə qoşulmuşdur.
Elektron lövhələrin təhsildə tətbiqi dərslərin daha səmərəli mənimsənilməsinə xidmət edir. Ali Məclisin Sədri elektron lövhəli sinifdə muxtar respublikanın 206 ümumtəhsil məktəbi ilə Bəhruz Kəngərli Muzeyi arasında videobağlantı vasitəsilə keçilən dərsi izləmiş, Naxçıvan tarixi və bu torpağın yetirmələri olan görkəmli şəxsiyyətlər haqqında elektron dərsliklərin hazırlanmasının əhəmiyyətini vurğulamışdır.
Məktəbin kimya-biologiya və fizika laboratoriyalarında da müasir tədris şəraiti yaradılmışdır.
Muxtar respublikada gənc nəslin hərtərəfli inkişafına hesablanmış məqsədyönlü tədbirlər həyata keçirilir. İdmanın inkişafı və kütləvi xarakter alması istiqamətində görülən işlər də bu məqsədə xidmət edir. Məktəbdə istifadəyə verilən müasir idman zalı və açıq idman qurğuları, eləcə də şahmat otaqları fiziki və əqli cəhətdən sağlam gənclərin yetişdirilməsinə şərait yaradacaqdır.
Qarabağlar kənd 1 nömrəli tam orta məktəbində şagirdlər ilkin hərbi hazırlıq fənninə böyük maraq göstərir. Ötən tədris ilində məktəbin 3 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Məktəbdə müasir avadanlıqlarla təchiz olunmuş hərbi kabinənin istifadəyə verilməsi bundan sonra da ilkin hərbi hazırlıq fənninin hərtərəfli tədrisinə imkan verəcəkdir.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir: “Qarabağlar kənd 1 nömrəli tam orta məktəbi tarixən muxtar respublikanın nümunəvi təhsil ocaqlarından olmuşdur. Bu gün də məktəbin nailiyyətləri qənaətləndiricidir. Ötən tədris ilində 12 məzun ali məktəbə, 3-ü orta ixtisas məktəbinə qəbul olunmuş, tələbə adını qazanan məzunlardan 2-si 500-700 intervalında yüksək bal toplamış, 1 şagird məktəbi qızıl medalla bitirmişdir. Məktəbin təhsil sahəsində qazandığı uğurlar dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, müəllimlərindən 1-i “Tərəqqi” medalına, 2-si “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 1-i “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüş, 1-i isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müəllim adı ən yüksək addır”. Bu gün Qarabağlar kənd 1 nömrəli tam orta məktəbinin pedaqoji kollektivi də öz fəaliyyətlərilə, ilk növbədə, müəllim adını doğrultmalı, məktəbdə təhsilli, dünyagörüşlü və vətənpərvər gənclər yetişdirilməli, nailiyyətlər artırılmalıdır”.
Müəllimlərdən Gülçin Cəfərova və Turac Məmmədova kollektiv adından minnətdarlıq edərək demişlər ki, müasir məktəb binası şagirdlərin böyük sevincinə səbəb olmuşdur. Çünki muxtar respublikada təhsilə göstərilən qayğı, yeni məktəb binalarının tikilməsi gənclərin hərtərəfli böyüməsinə hesablanmış tədbirlərdir. Yaradılan şərait müəllimlərin üzərinə mühüm vəzifələr qoyur. Təhsilli və vətənpərvər gənclərin hazırlanması istiqamətində səylə çalışmaq, göstərilən etimada uğurlu nailiyyətlərlə cavab vermək bundan sonra da məktəbin pedaqoji kollektivinin fəaliyyətində əsas istiqamət kimi götürüləcəkdir.
Məktəb binasının həyətində də geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Xidmət mərkəzi kənd sakinlərinin gündəlik tələbatını ödəyəcəkdir
Qarabağlar kəndində aparılan kompleks quruculuq tədbirləri çərçivəsində yeni xidmət mərkəzi də inşa olunmuşdur.
Dekabrın 29-da xidmət mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin açılışını etmiş, burada yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları yerləşir. Bu cür zəruri sosial xidmətlərin bir mərkəzdən təşkili əhalinin rahatlığına xidmət edir. Mərkəzdə 7 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, bu gün Qarabağlar kəndində yeni məktəb binasının və xidmət mərkəzinin istifadəyə verilməsi kənddə uşaqların yaxşı təhsil almasına, insanlara lazımi məişət xidmətinin göstərilməsinə imkan verəcəkdir. Qarabağlar kəndi qədim tarixə və zəngin ənənələrə malikdir. Dünya əhəmiyyətli “Qarabağlar” türbəsi bu kənddə yerləşir. Muxtar respublikaya səfər edən turistlərin ən çox üz tutduqları ünvanlardan biri də bu abidədir. Gələcəkdə bu abidənin də bərpa olunması nəzərdə tutulmuşdur. Bu gün kəndin tarixi görkəmi qorunub saxlanılmaqla yanaşı, həm də müasir inkişafına xüsusi diqqət yetirilir, geniş abadlıq-quruculuq işləri aparılır. Sakinlər də yaradılanları qorumalı, kəndin inkişafına öz töhfələrini verməli, kənd yalnız qədim tarixi ilə deyil, həm də müasir inkişafı ilə diqqəti cəlb etməlidir.
Ali Məclisin Sədri bu işlərin görülməsində sakinlərə uğurlar arzulamış, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir.
Kənd ağsaqqalı Vəli Əsədov demişdir ki, son illər Qarabağlar kəndində geniş quruculuq işləri aparılmışdır. Həyata keçirilən tədbirlər, sakinlərin rifahının yüksəldilməsi istiqamətində görülən işlər dövlətimizin iqtisadi qüdrətinin göstəricisidir. Hər bir sakin ölkəmizin inkişafı, eləcə də onun hər bir bölgəsinin, hər bir kəndinin bu cür müasir görkəm alması ilə fəxr edir, bütün bunları insan amilinə verilən qiymət kimi dəyərləndirir. Vəli Əsədov yaradılan şəraitə görə sakinlər adından minnətdarlıq etmişdir.
* * *
Aparılan quruculuq işləri nəticəsində daha da müasir görkəm alan Qarabağlar kəndinin yol infrastrukturu da yenidən qurulmuş, 3 kilometrdən artıq kənddaxili yola asfalt örtük salınmış, 3 selötürücü, 18 su keçidi quraşdırılmış, 672 metr beton kanal çəkilmişdir. Kənddə nümunəvi rabitə xidmətinin təşkili məqsədilə 1100 metr fiber-optik kabel, 470 metr yeraltı, 250 metr hava xətti çəkilmişdir. Quruculuq işləri zamanı elektrik xətləri və 6 transformator yarımstansiyası da əsaslı təmir olunmuş, 1 ədəd 250 kilovolt-amper gücündə yeni transformator yarımstansiyası quraşdırılmışdır. Kəndin qaz təchizatı da yaxşılaşdırılmış, 560 metr məsafədə yeni qaz xətti çəkilmişdir. Rayon mərkəzindən Qarabağlar kəndinədək olan ortatəzyiqli qaz xəttində təmir-bərpa işləri aparılmışdır. Həmçinin kənddə 2100 metr məsafədə içməli su xətti çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti