Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olublar.
Parkın tikintisi ilə bağlı dövlətimizin başçısına məlumat verildi.
Parkda abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib, geniş yaşıllıq tədbirləri görülüb. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində müxtəlif fəvvarələr quraşdırılıb. Bu da istirahət məkanına əlavə gözəllik verir.
Parkın altında ikimərtəbəli avtomobil dayanacağı da inşa edilib. Yeraltı dayanacağa enmək üçün iki lift və müasir eskalatorlar quraşdırılıb.
Dövlətimizin başçısı və xanımı burada yaradılan şəraitlə də tanış oldular.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 29-da – Dövlət Neft Fondunun yaradılmasının 15-ci ildönümü günündə bu qurumun yeni inzibati binasının açılışında iştirak ediblər.
AzərTAc