Hörmətli deputatlar və sessiya iştirakçıları!
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2013-cü il 28 dekabr tarixdə keçirilmiş sessiyasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi şərəfinə 2014-cü il muxtar respublikamızda “Muxtariyyət ili” elan edilmişdir.
Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət qazanması bu qədim diyarın siyasi taleyində və sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır. Lakin bu da danılmaz faktdır ki, muxtariyyət tarixi ərzində Naxçıvanın hərtərəfli inkişafa qovuşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələləri ilə bağlı dövlət siyasəti bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il yanvarın 14-də imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin ölkə miqyasında silsilə tədbirlərlə qeyd olunması bu qayğının daha bir ifadəsidir.
2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına növbəti səfəri və 90 illik yubiley tədbirində iştirakı muxtariyyət ilinin ən əlamətdar hadisəsinə çevrilmişdir. Ölkə Prezidenti səfər zamanı Naxçıvan Beynəlxalq Hava Limanının və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun inzibati binalarının, Gənclər Mərkəzinin, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının açılışında iştirak etmiş, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə, Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal edilən məhsulların sərgisi ilə tanış olmuş, muxtar respublika ərazisində yerləşən hərbi hissələrə verilmiş yeni texnika və silahlara baxmışdır.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə çıxış edən ölkə rəhbəri demişdir: “Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”. Əldə edilmiş uğurların davamlılığını təmin etmək, abadlıq-quruculuq işlərinin daha da genişləndirilməsinə nail olmaq, infrastruktur obyektlərinin müasir tələblər səviyyəsində qurulmasına köməklik məqsədilə ölkə başçısının il ərzində imzaladığı beş müxtəlif sərəncamla Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan muxtar respublikanın inkişafına 25 milyon manat vəsait ayrılmışdır.
“Muxtariyyət ili”ndə əldə olunmuş nəticələr sosial-iqtisadi inkişafa davamlı xarakter vermişdir. Qəbul olunmuş mühüm dövlət proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın çoxşaxəli inkişafına, məşğulluğun artırılmasına nail olunmuş və bu inkişafın davamlı olması məqsədilə 2014-cü il sentyabrın 1-də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən 3-cü Dövlət Proqramı qəbul olunmuşdur.
Bütün bunlar muxtar respublikanın iqtisadi cəhətdən daha da qüdrətlənməsinə, makroiqtisadi dinamikanın qorunub saxlanmasına səbəb olmuşdur. Belə ki, 2014-cü ildə Ümumi Daxili Məhsulun həcmi 2013-cü illə müqayisədə 1,3 faiz artaraq 2 milyard 388 milyon manatdan çox olmuşdur. Onun hər bir nəfərə düşən həcmi 5459 manat təşkil etmişdir. Maddi istehsal sektorunun Ümumi Daxili Məhsulda payının 63 faiz olması isə sabit iqtisadi artımın nəticəsidir.
Maddi istehsalın xüsusi çəkisinin yüksəlməsi son illərdə muxtar respublikada məqsədli investisiya qoyuluşu, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması nəticəsində mümkün olmuşdur.
İqtisadi artım təkcə mövcud istehsal sahələrinin imkanları hesabına yox, həm də yeni və mütərəqqi texnologiyalı müəssisələrin yaradılması hesabına təmin edilmişdir. Bunun nəticəsidir ki, artıq bu gün muxtar respublikada 352 növdə məhsul istehsal edilir. Yaradılmış istehsal potensialından səmərəli istifadə daxili bazarı möhkəmləndirmiş, 107-si ərzaq və 229-u qeyri-ərzaq olmaqla, 336 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilmişdir. Bütün bunlar özəl sektorun sürətli inkişafının nəticəsidir. Bu inkişafı belə bir fakt da sübut edir ki, 2014-cü ildə muxtar respublika üzrə Ümumi Daxili Məhsulun həcmində özəl bölmənin xüsusi çəkisi 87 faizə yüksəlmişdir. 2014-cü ildə muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 32 milyon 733 min manat təşkil etmişdir. Bu kreditlərdən 21 milyon 167 min manatı fərdi sahibkarlığın inkişafına, 11 milyon 566 min manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunmuşdur.
Muxtar respublikanın malik olduğu resurslardan, hər bir rayonun əmək və xammal ehtiyatlarından səmərəli istifadə edilməsi qarşıda duran əsas vəzifələrdəndir. “Muxtariyyət ili”ndə muxtar respublikanın bölgələrində yeni istehsal və xidmət sahələrinin yaradılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi diqqətdə saxlanılmışdır. Tələbatın keyfiyyətli məhsullarla ödənilməsini təmin etmək üçün 2014-cü ildə muxtar respublikanın şəhər və rayonlarında 47 yeni istehsal və xidmət sahəsi yaradılmışdır.
2013-cü il dekabrın 18-də qəbul olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılmasına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər əmək bazarının tənzimlənməsinə və yeni iş yerlərinin açılmasına müsbət təsir göstərmiş və 2014-cü ildə 3523 iş yeri açılmışdır ki, bunun da 97 faizi və ya 3422-si daimi iş yerləridir.
Muxtar respublika iqtisadiyyatında müşahidə olunan müsbət dəyişikliklər və yüksəliş sənayenin inkişafında da aydın nəzərə çarpır. Hazırda sənaye 892 milyon manata yaxın məhsul istehsalı həcmi ilə Ümumi Daxili Məhsulun tərkibində ilk yerə sahibdir. Muxtar respublikada sənaye parklarının yaradılması istiqamətində görülən işlər gələcəkdə sənayenin daha sürətli inkişafı üçün geniş imkanlar açacaqdır.
Muxtar respublikada istehsal olunan sənaye məhsulunun 93 faizi emal sənayesinin payına düşür. Bu isə emal müəssisələrinin xammal təchizatında mühüm rola malik olan kənd təsərrüfatının əhəmiyyətini xeyli artırmış və 2014-cü ildə muxtar respublikada ötən illə müqayisədə 6 faiz çox, yəni 355 milyon manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.
Meliorasiya-irriqasiya sistemlərinin daim təkmilləşdirilməsi məhsul artımının əsas şərtlərindən biridir. Bu baxımdan su anbarlarına suyun yığılması, kollektor və drenaj şəbəkələrinin inşası və təmiri, yeni kanalların tikintisi, nasos stansiyalarının təmiri və yararsız suvarma xətlərinin yenilənməsi işləri 2014-cü ildə də davam etdirilmişdir. İl ərzində meliorasiya sahəsi üçün müxtəlif təyinatlı maşın-mexanizmlər alınmış, Uzunoba Su Anbarı yenidən qurulmuş, 2 nasos stansiyası tikilmiş və 9 kəhriz təmir olunmuşdur.
Sahibkarların əməyini yüngülləşdirmək, onların vaxtında və güzəştli şərtlərlə lazımi texnika ilə təmin edilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2014-cü ildə 260 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmiş və məhsul istehsalçılarına verilmişdir. Bundan başqa, məhsul istehsalçıları 3867 ton mineral gübrə ilə də təmin olunmuşlar.
Aqrar sektorun inkişafına son vaxtlar qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası da öz təsirini göstərmişdir. Bu baxımdan “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” mühüm əhəmiyyətə malikdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əkinəyararlı torpaqların səmərəli istifadəsi ciddi nəzarətdə saxlanılmış, 2014-cü ildə 60 min 829 hektar sahədə əkin aparılmışdır.
Taxılçılıq kənd təsərrüfatının aparıcı sahəsi kimi diqqətdə saxlanılmış və 35 min 750 hektar sahədən 103 min 70 ton məhsul toplanmışdır.
Muxtar respublikada məhsuldar və keyfiyyətli buğda toxumlarının istehsalının stimullaşdırılması və daxili tələbatın ödənilməsi məqsədilə 2000 hektar torpaq sahəsi ayrılmış və toxumçuluq təsərrüfatı üçün yeni kompleksin inşasına başlanılmışdır. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının əkininin və satışının da həyata keçirilməsi nəzərdə tutulub.
Hər il olduğu kimi, 2014-cü ildə də kartofçuluğun inkişafı diqqətdə saxlanmış, 2962 hektar sahədə kartof əkilmişdir. Əkin sahələrindən 41 min 406 tona yaxın məhsul tədarük olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında meyvəçilik və tərəvəzçiliyin inkişafı ərzaq təminatının yaxşılaşması ilə yanaşı, daxili və xarici bazarlara çıxış imkanlarının genişlənməsinə də şərait yaratmış, 2014-cü ilin məhsulu üçün tərəvəz əkilmiş 6125 hektar sahədən 66 min 731 ton məhsul yığılmışdır.
Əhalinin ilin bütün fəsillərində tərəvəz məhsulları ilə təchizatı üçün istixana komplekslərinin yaradılması da davam etdirilmiş, il ərzində 6 yeni istixana kompleksi fəaliyyətə başlamışdır.
Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində və ərzaq təminatının yaxşılaşdırılmasında dövlət ehtiyatlarının yaradılması, anbar təsərrüfatının inkişaf etdirilməsi də vacib şərtdir. Hazırda muxtar respublikamızda taxılı uzun müddətə saxlamağa imkan verən anbarların həcmi 27 min tona, kənd təsərrüfatı məhsullarının saxlanılması və satışını təmin edən soyuducu anbarların sayı 20-yə, ümumi tutumu isə 12 min 250 tona çatdırılmışdır.
Kənd təsərrüfatının digər aparıcı sahəsi olan heyvandarlıq əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynamaqla yanaşı, həm də sənayenin xammal təchizatında mühüm çəkiyə malikdir. Bu sahənin inkişaf etdirilməsində mövcud ərazi imkanlarının məhdudluğu nəzərə alınaraq intensiv metodlara, o cümlədən heyvanların cins tərkibinin yaxşılaşdırılması tədbirlərinə daha çox üstünlük verilir. Son illər muxtar respublikaya 1678 baş yüksək məhsuldarlığa malik cins mal-qara gətirilmiş və lizinq yolu ilə satışı həyata keçirilmişdir.
Heyvandarlığın inkişaf etdirilməsində, mal-qara arasında müxtəlif xəstəliklərə qarşı epizootik tədbirlərin aparılmasında baytarlıq xidmətinin günün tələbləri səviyyəsində qurulması mühüm rol oynayır. Bu baxımdan cari ildə də baytarlıq laboratoriyasının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə müxtəlif adda avadanlıq və cihazlar, həmçinin süni mayalanma ləvazimatları alınıb baytarların istifadəsinə verilmişdir.
Quş əti və yumurtaya olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi məqsədilə tədbirlər davam etdirilir. 2014-cü ildə daha 4 quşçuluq təsərrüfatı yaradılmış, quşçuluq təsərrüfatlarının sayı 64-ə çatdırılmışdır.
Kənd təsərrüfatının ənənəvi və yüksək inkişaf perspektivlərinə malik sahələrindən olan arıçılığın inkişafı da diqqətdən kənarda qalmamışdır. Yeni arıçılıq təsərrüfatlarının yaradılması məqsədilə il ərzində 525 min manat həcmində kredit verilmiş, balın emalı və qablaşdırılması ilə məşğul olan yeni təsərrüfat subyektləri fəaliyyətə başlamış, 2014-cü ildə arı ailələrinin sayı 69 minə çatmışdır.
Muxtar respublikada ekologiyanın qorunması sahəsində ardıcıl tədbirlər görülür, torpaq və iqlim xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların artırılmasına xüsusi diqqət yetirilir. 2014-cü ildə 537 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 441 minə yaxın ağac və gül kolu əkilmişdir.
Bu gün muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, rayon mərkəzlərində, şəhər, qəsəbə və kəndlərdə geniş tikinti-quraşdırma və abadlaşdırma işləri aparılır ki, bunun da nəticəsində 2014-cü ildə bütün maliyyə mənbələri hesabına 296 obyektin tikintisi, yenidən qurulması, təmiri və ya bərpası başa çatdırılaraq istifadəyə verilmişdir.
Muxtar respublikada rayonların tarazlı inkişafının təmin edilməsi, kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində görülən tədbirlər də 2014-cü ildə davam etdirilmişdir. Şəhər və rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində istifadəyə verilən yeni sosial obyektlər, tikilən inzibati binalar, açılan yeni iş yerləri, ilk növbədə, əhalinin sosial problemlərinin həllinə və nəticə etibarı ilə, insanların məskunlaşmasına, bölgələrin inkişafına səbəb olmuşdur. “Muxtariyyət ili”ndə daha 9 kənd və 8 xidmət mərkəzi istifadəyə verilmişdir.
Əhalinin mənzillərə olan tələbatının ödənilməsi, eləcə də mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə son illər muxtar respublikamızda yeni yaşayış binalarının tikintisinə, habelə mövcud yaşayış binalarının yenidən qurulmasına xüsusi diqqət yetirilir. “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a uyğun olaraq, Naxçıvan şəhərində gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə “Gənclər şəhərciyi”nin təməli qoyulmuş, 80 mənzildən ibarət yeni yaşayış kompleksi istifadəyə verilmişdir. Cari ildə şəxsi maliyyə vəsaitləri hesabına tikilən mənzillərin sahəsi isə 366 min kvadratmetr olmuşdur.
Əhalinin rahatlığına və yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması tədbirlərinin tərkib hissəsi kimi içməli su xətlərinin və kanalizasiya şəbəkələrinin tikintisi Naxçıvan şəhəri, rayon mərkəzləri və ətraf kəndlər üzrə davam etdirilmişdir.
Muxtar respublikada həyata keçirilən hər bir layihədə əsas məqsəd, ilk növbədə, əhalinin rahat yaşayışını təmin etməkdir. Bu baxımdan yol-nəqliyyat infrastrukturu xüsusən əhəmiyyətli olduğu üçün 2014-cü ildə muxtar respublikada 73 kilometr uzunluğunda asfalt yollar salınmış, 5 körpü tikilərək istismara verilmişdir.
Müasir dünyada sürətli informasiya mübadiləsi olmadan inkişafı təsəvvür etmək mümkün deyil. Muxtar respublikamızda da informasiya və yeni texnologiyaların inkişafı istiqamətində ardıcıl işlər görülür. 2014-cü ildə Naxçıvan şəhəri, Şərur və Sədərək rayonlarından sonra Şahbuz və Babək rayonlarında 3-cü nəsil telekommunikasiya sistemlərinin quraşdırılması başa çatdırılmışdır. Hazırda bu sistem mövcud telefon istifadəçilərinin 65 faizinə xidmət göstərir. Bundan başqa, 242 kilometr uzunluğunda Ordubad-Sədərək alternativ fiber-optik magistral kabel xəttinin tikintisi yekunlaşdırılmışdır. Görülmüş tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın yaşayış ərazilərinin 93 faizində genişzolaqlı, 83 faizində isə simsiz internet xidməti göstərilir. İnformasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər görülür. 2014-cü ildə bu tədbirlərin tərkib hissəsi kimi Elektron İmzanın Sertifikat Mərkəzi yaradılmış və “Elektron imza”nın tətbiqinə başlanılmışdır. Hazırda muxtar respublikanın bütün yaşayış ərazilərində sosial paketdə olan 12 televiziya kanalının rəqəmsal yayımı təmin edilir.
Bu gün enerji hər bir inkişafın təməlində dayanan ən vacib amildir. Ona görə də muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır. 2014-cü ildə ölkə başçısının iştirakı ilə gücü 20,5 meqavat olan “Arpaçay-1” və gücü 1,4 meqavat olan “Arpaçay-2” Su Elektrik stansiyalarının istifadəyə verilməsi elektrik enerjisinə olan tələbatın bərpa olunan enerji mənbələri hesabına ödənilməsinə şərait yaratmışdır.
İl ərzində istehlakçıların fasiləsiz qazla təmin olunması ilə yanaşı, mövcud infrastrukturun yenilənməsi, istismar üçün yararsız qaz xətlərinin və sayğacların dəyişdirilməsi işləri davam etdirilmiş, istehlak olunan qaz və enerjinin dəyəri tam həcmdə ödənilmişdir.
Enerji təhlükəsizliyinin təmin olunması muxtar respublikada payız-qış mövsümünə hazırlıqla bağlı problemlərin də aradan qalxmasına şərait yaratmışdır. 2014-cü ildə də payız-qış mövsümünə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan şəhəri və bütün rayon mərkəzlərindəki çoxmərtəbəli yaşayış binaları fasiləsiz istiliklə təchiz olunur. Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin böyük bir qisminin, idman obyektlərinin isə hamısının müasir binalarda fəaliyyət göstərməsi qış mövsümündə istilik təminatındakı problemləri aradan qaldırmışdır.
Muxtar respublikada sahibkarlıq fəaliyyəti və ticarət üçün yaradılmış şəraitin nəticəsi olaraq, xarici ticarət əlaqələrinin coğrafiyası genişlənmişdir. 2014-cü ilin ötən dövründə xarici ticarət əməliyyatlarının həcmi 515 milyon 194 min ABŞ dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 408 milyon 640 mini ixracın, 106 milyon 554 mini isə idxalın payına düşür. Artıq bir neçə ildir ki, davam edən ixracın idxalı üstələmə tendensiyası 2014-cü ildə də qorunmuş, 302 milyon 86 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
“Cəmiyyətin gələcək tərəqqisi təhsilin vəziyyətindən asılıdır”, – deyən ümummilli liderimizin ideyalarına sədaqət göstərilərək yeni nəslin təhsilli olması üçün ən müasir şərait yaradılmış, “Muxtariyyət ili”ndə təhsil quruculuğu sahəsində qarşıda duran vəzifələr uğurla icra olunmuşdur. Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin 10 illiyi geniş qeyd edilmiş, məktəbin 1206 şagird yerlik binasında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. İl ərzində Naxçıvan şəhərində 1100 şagird yerlik 11 nömrəli, Şahbuz şəhərində 216 şagird yerlik 2 nömrəli, Şərur rayonunun Diyadin kəndində 88, Axura və Dizə kəndlərinin hər birində 234 şagird yerlik, Babək rayonunun Qahab kəndində 612, Güznüt kəndində 324, Naxışnərgiz kəndində 234, Ordubad rayonunun Aşağı Əylis kəndində 234, Culfa rayonunun Əlincə kəndində 252, Şahbuz rayonunun Sələsüz və Nursu kəndlərinin hər birində 234 şagird yerlik tam orta məktəb binaları istifadəyə verilmiş, Naxçıvan şəhəri 9 nömrəli, Şərur rayonunun Püsyan, Kəngərli rayonunun Qarabağlar, Culfa rayonunun Bənəniyar, Şurud, Şahbuz rayonunun Gömür kəndlərində məktəblərin tikintisi və yenidən qurulması başa çatdırılmışdır. Ümumilikdə, il ərzində 19 tam orta məktəb binasında tikinti, yenidənqurma və əsaslı təmir işləri həyata keçirilmişdir.
Təhsil sistemində aparılan islahatlar təkcə məktəb tikintisi ilə yekunlaşmamış, tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrinin maddi-texniki bazaları da gücləndirilmiş, məktəblər ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində 600-ə yaxın elektron lövhə quraşdırılmış, məktəblərə 3640 dəst kompüter verilmiş və onların 84 faizi internetə qoşulmuşdur.
“Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq cari tədris ilindən etibarən muxtar respublikanın ümumtəhsil məktəblərində Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr yaradılır ki, bu da şagirdlərin biliklərinin və milli-mənəvi irsimizə marağının artmasında mühüm rol oynayır.
Həyata keçirilən təhsil islahatı, tətbiq olunan müasir tədris metodları təhsilin keyfiyyətinin də yüksəlməsinə səbəb olmuşdur. 2014-cü ilin qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1725 nəfəri ali məktəblərin, 519 nəfəri isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışlar. Ali məktəblərə qəbul olan məzunların 347 nəfəri qəbul imtahanlarında 500-700 arası bal toplamışdır. Onlardan 2-si ölkə başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür. Təhsildə qazandığı nailiyyətlərə görə, 3 məktəb “Ən yaxşı ümumtəhsil məktəbi”, 5 müəllim isə “Ən yaxşı müəllim” mükafatı ilə təltif olunmuşdur.
Muxtar respublikada uşaqların təhsil və tərbiyəsinin təşkili, eləcə də məktəbəqədər tərbiyə müəssisələri üçün zəruri şəraitin yaradılması diqqət mərkəzində saxlanılır. 2014-cü ildə Babək qəsəbəsində 242 yerlik uşaq bağçası tikilərək istifadəyə verilmiş, Şahbuz şəhərində isə uşaq bağçasının tikintisi davam etdirilir. Məktəblilərin dərsdən sonrakı vaxtlarının səmərəli təşkili, onların müxtəlif məktəbdənkənar tədris müəssisələrinə cəlb olunması üçün də müvafiq tədbirlər görülür. Cari ildə Naxçıvan şəhərinin Qaraçuq kəndində və Culfa rayonunun Bənəniyar kəndində uşaq musiqi məktəblərinin tikintisi aparılmışdır. Gənclərin müxtəlif peşələrə yiyələnmələri üçün Şərur rayonunda Texniki-Peşə və Sürücülük Məktəb Kompleksi tikilərək istifadəyə verilmişdir.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsilinin səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. 2013-cü il 18 dekabr tarixdə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu mənada mühüm əhəmiyyətə malikdir. Sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinə cəlbi istiqamətində bir sıra işlər görülmüşdür. Dövlət proqramına uyğun olaraq, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmişdir.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elm və təhsili inkişaf etdirmədən dayanıqlı inkişafı təmin etmək mümkün deyil. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Klinik Xəstəxanasının, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq korpusunun yenidən qurulması başa çatdırılmış, Naxçıvan Özəl Universitetində yeni tədris korpuslarının və sosial obyektlərin tikintisi aparılmışdır.
Elmin inkişafına göstərilən qayğının nəticəsidir ki, 2014-cü ildə 1 nəfər elmlər doktoru, 13 nəfər fəlsəfə doktoru alimlik dərəcəsi müdafiə etmiş, 1 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 5 nəfər isə müxbir üzvü seçilmişdir.
İnsan sağlamlığı bütün dövrlər üçün cəmiyyətin ən qiymətli sərvəti hesab olunur. Məhz buna görə səhiyyə sisteminin inkişafı diqqətdə saxlanmış, səhiyyənin yeni dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə tədbirlər görülmüşdür. Səhiyyə infrastrukturunun yenilənməsi istiqamətində tədbirlərin davamı olaraq, 2014-cü ildə Kəngərli Rayon Mərkəzi Xəstəxanasının binası yenidən qurulmuş, Şərur rayonunun Dizə, Babək rayonunun Qahab və Güznüt, Şahbuz rayonunun Nursu kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Diyadin, Babək rayonunun Naxışnərgiz, Ordubad rayonunun Aşağı Əylis, Culfa rayonunun Əlincə kəndlərində feldşer-mama məntəqələri istifadəyə verilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzinin binası əsaslı təmir olunmuş, Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Püsyan, Culfa rayonunun Bənəniyar kəndlərində həkim ambulatoriyalarının, Culfa rayonunun Şurud və Şahbuz rayonunun Gömür kəndlərində feldşer-mama məntəqələrinin tikintisi və yenidən qurulması başa çatdırılmışdır. Ümumilikdə, il ərzində 15 səhiyyə obyekti tikilmiş və ya yenidən qurulmuşdur.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, sosial qayğıya ehtiyacı olan 89 nəfərə minik avtomobilləri verilmiş, onların mənzil şəraitini yaxşılaşdırmaq üçün 3 yaşayış evi tikilmişdir.
Cəmiyyətin əsas hərəkətverici qüvvəsi hesab olunan gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, onların sosial problemlərinin həlli diqqət mərkəzində saxlanmışdır. Dövlət gənclər siyasətinin tərkib hissəsi kimi cari ilin aprel ayında ölkə başçısının iştirakı ilə Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilmiş, binada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun fəaliyyəti təmin olunmuşdur. İl ərzində Gənclər Fondu və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə muxtar respublikada gənclərin fəallığının artırılması istiqamətində tədbirlər davam etdirilmişdir.
Muxtar respublikada həyata keçirilən gənclər siyasətinin tərkib hissəsi kimi bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunması istiqamətində bir sıra tədbirlər görülmüş, Şərur şəhərində Əl Topu Oyunları İdman Meydançası yenidən qurulmuş, “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalı, sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda Beynəlxalq Turnir, ağır atletika üzrə veteranlar arasında dünya kuboku uğrunda yarışlar keçirilmişdir.
Qədim Naxçıvan həmişə özünün zəngin mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə xalqımızın tarixində əvəzsiz rol oynamışdır. “Muxtariyyət ili”ndə milli dəyərlərimizin və mədəniyyətimizin öyrənilməsində əvəzsiz mənbə olan tarixi abidələrimizin bərpası, onların qorunaraq gələcək nəsillərə çatdırılması sahəsində işlər davam etdirilmiş, Ordubad şəhərindəki “Buzxana” tarix-memarlıq abidəsi bərpa olunaraq istifadəyə verilmişdir. Şərur rayonundakı Cəlilkənddə “Buzxana” abidəsinin, Culfa rayonunda “Əlincəqala” tarixi abidəsinin və Gülüstan türbəsinin bərpası davam etdirilir.
Muzeylər tarixi keçmişimizi gələcəyə aparan əsas vasitə olduğundan onların qorunması, maddi-texniki bazasının möhkəmləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması hər zaman diqqət mərkəzində saxlanılır. Cari ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin, Dövlət Bayrağı Muzeyinin və Xalq şairi Məmməd Arazın, böyük pedaqoq Məhəmməd Tağı Sidqinin ev-muzeylərinin yaradılması mövcud muzeylər şəbəkəsinin genişləndirilməsində, muxtar respublika tarixinin və ədəbi mühitinin tədqiqində yeni mərhələ təşkil etmiş, Naxçıvan şəhərində Xatirə Muzeyi üçün yeni binanın tikintisi başa çatdırılmışdır.
Muxtar respublikamızda rəssamlığın və təsviri sənətin inkişafı sahəsində də ardıcıl tədbirlər görülmüş, “Naxçıvan – bəşəriyyətin beşiyi” mövzusunda İkinci Beynəlxalq Rəsm Festivalı keçirilmiş, Bakı və Naxçıvan şəhərlərində, eləcə də ölkəmizdən kənarda naxçıvanlı rəssamların əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur.
2014-cü ildə muxtar respublikada kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların fəaliyyətinin səmərəli təşkili istiqamətində də tədbirlər görülmüş, Dövlət Televiziyası və Radiosunun texniki imkanları daha da artırılmışdır.
Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Bu tədbirlərin davamı kimi 2014-cü ildə Kəngərli rayonundakı hərbi hissədə müasir avadanlıq, texnika və qurğularla təchiz olunmuş yeni Təlim-Tədris Mərkəzi və Naxçıvan şəhərində əsgər yataqxanası istifadəyə verilmiş, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 218-i ölkəmizin müxtəlif ali hərbi məktəblərinə, ümumtəhsil məktəblərini bitirmiş məzunlardan isə 40 nəfəri ali hərbi və xüsusi təyinatlı məktəblərə qəbul olunmuşlar.
Hüquq-mühafizə orqanlarının iş şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsinin Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi, Hərbi Prokurorluq, Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi, Daxili İşlər Nazirliyinin Şərur Rayonlararası Müayinə Mərkəzi üçün binalar tikilərək istifadəyə verilmişdir.
İqtisadi sahədə dinamik inkişafın, məşğulluq səviyyəsinin yüksəldilməsinin və əhali arasında hüquq maarifinin, profilaktik tədbirlərin düzgün təşkilinin nəticəsi olaraq muxtar respublikada cinayətkarlığın aşağı səviyyədə qalmasına nail olunmuşdur. Bununla yanaşı, hüquq-mühafizə orqanları maarifləndirmə, profilaktika tədbirlərini davam etdirməli, nizam-intizamı daha da möhkəmləndirməli, ictimai asayişin və sabitliyin qorunmasına diqqəti artırmalıdırlar.
Ordu, birləşmə və hərbi hissə komandirləri döyüş hazırlığını daha da gücləndirməli, ehtiyatların qorunub saxlanması, əsgərlərin mövsümə uyğun geyim və yeməklərlə təmin olunması diqqət mərkəzində saxlanmalıdır.
“Muxtariyyət ili”ndə yeni iş yerlərinin açılması, gəlirlərin səviyyəsinin artması əhalinin rifah halının yaxşılaşması ilə yanaşı, demoqrafik vəziyyətə də müsbət təsir göstərmiş, 2014-cü ildə muxtar respublika əhalisinin sayı artaraq 439 min nəfəri ötmüşdür.
Bütün qeyd olunanlar bir daha göstərir ki, “Muxtariyyət ili” muxtar respublikanın 90 illik tarixi ərzində əldə olunmuş iqtisadi göstəricilərinə, sosial-mədəni sahədə qazanılan nailiyyətlərinə görə ən uğurlu il olmuşdur. Bu tərəqqiyə, inkişafa töhfəsini verənlərin əməyi yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 93 nəfər Azərbaycan Respublikasının müxtəlif orden, medal və fəxri adları ilə təltif edilmiş, 3 nəfərə ali hərbi və 1 nəfərə ali xüsusi rütbə verilmiş, 1 nəfər Prezident təqaüdünə, 9 nəfər isə Prezident mükafatına layiq görülmüşdür. Həmçinin 47 nəfərə Naxçıvan Muxtar Respublikasının fəxri adları verilmiş, 20 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 84 nəfər “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunmuşdur.
Bu nailiyyətlərin qazanılmasında, Naxçıvan Muxtar Respublikasının inkişafında əməyi olanların hamısına təşəkkürümüzü bildiririk.
Hörmətli sessiya iştirakçıları!
Aparılan təhlillər və sosial-iqtisadi proseslərin yekunu göstərir ki, ötən dövr ərzində bütün sahələrdə inkişaf tempi davam etdirilmiş, muxtar respublikamızın iqtisadi potensialı daha da möhkəmləndirilmişdir.
Muxtar respublikamızda sürətli inkişaf tempi bundan sonra da qorunub saxlanacaq, ölkə rəhbəri cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Bundan sonra da Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanın uğurlu, dinamik inkişafı təmin ediləcəkdir. Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini ulu öndər qoymuşdur. Biz bu siyasətə sadiqik. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur”.
Bu yolda hamınıza uğurlar arzulayıram.
Sağ olun!