Dekabrın 27-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilmişdir.
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:
1. 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsinin təsdiq edilməsi
4. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir (Ali Məclis Sədrinin məruzəsi qəzetin bugünkü nömrəsində dərc olunur).
“Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin təsdiq edilməsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsinin təsdiq edilməsi” barədə məsələlərin müzakirəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Xalid İsgəndərov, Naxçıvan Muxtar Respublikasının Vergilər naziri Əli Mahmudov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov çıxış etmişlər.
Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi” təsdiq olunmuşdur.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilmişdir.
Ali Məclisin Sədri sessiyaya yekun vuraraq demişdir: “Biz bu gün 2014-cü ilə yekun vurduq. 2015-ci ildə muxtar respublikada tarixən formalaşmış təsərrüfatçılıq ənənələri inkişaf etdirilməli, əhalinin ərzaq məhsulları ilə təminatı davamlı xarakter almalı, emal müəssisələri xammalla fasiləsiz təchiz edilməlidir. Muxtar respublikanın ərzaq təhlükəsizliyi və meyvə-tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası da kənd təsərrüfatına xüsusi diqqət yetirilməsini tələb edir. Qeyd olunanlar nəzərə alınaraq, 2015-ci il Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan edilir”.
2014-cü ildə, “Muxtariyyət ili”ndə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirən Ali Məclisin Sədri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn əlamətdar bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir.
Bununla da, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü çağırış onuncu sessiyası öz işini başa çatdırmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti