Muxtar respublikada nəqliyyat infrastrukturunun müasir standartlara uyğun qurulması dəmir yolu şəbəkəsinin də təkmilləşməsinə səbəb olmuşdur. Son illər həyata keçirilən quruculuq tədbirləri nəticəsində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin maddi-texniki bazası xeyli gücləndirilmiş, dəmiryolçular üçün nümunəvi iş şəraiti yaradılmışdır.
Dekabrın 26-da “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov açılış tədbirində iştirak etmişlər.
Tədbirdə çıxış edən “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev bildirmişdir ki, muxtar respublikada aparılan abadlıq-quruculuq işləri “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətini də əhatə etmişdir. Son illər sərnişinlərə nümunəvi xidmət göstərilməsi üçün Naxçıvan, Şərur, Culfa, Şahtaxtı sərnişin vağzalı binaları müasir tələblər səviyyəsində əsaslı təmir olunmuşdur. Dəmiryolçulara normal və rahat iş şəraitinin yaradılması məqsədilə cəmiyyətin inzibati binası, Yük və Sərnişin Daşımaları İdarəsinin, Təhlükəsizlik İdarəsinin inzibati binaları, Şərur, Culfa idarəetmə mərkəzləri, Culfa Lokomotiv Deposu, lokomotiv briqadalarının idarəedilməsi mərkəzi də əsaslı şəkildə yenidən qurulmuşdur. Mahir Əliyev yaradılan şəraitə görə dəmiryolçular adından minnətdarlıq etmişdir.
İnfrastruktur İdarəsinin əməkdaşı, Azərbaycan Respublikasının Əməkdar mühəndisi İbrahim Bağırov demişdir ki, bu gün muxtar respublikada dəmiryolçular üçün hər cür şəraiti olan inzibati binalar, müasir dəmir yolu vağzalları tikilərək istifadəyə verilir. Bu gün istifadəyə verilən bina da muxtar respublikada dəmir yolunun inkişafına göstərilən qayğının daha bir ifadəsidir. İbrahim Bağırov yaradılan şəraitə və göstərilən qayğıya görə Naxçıvan dəmiryolçuları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov çıxış edərək demişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dəmir yolu nəqliyyatının inkişaf strategiyası bu gün ölkəmizdə uğurla həyata keçirilir, dəmir yolu sisteminin müasir tələblər səviyyəsində qurulması diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu istiqamətdə ardıcıl tədbirlər görülür, ölkəmizin dəmir yolu şəbəkəsi yenidən qurulur, bu sahədə müasir texnologiyaların tətbiqi sürətləndirilir. Bu gün Azərbaycan regionda həm də müasir dəmir yolu infrastrukturuna malik olan bir ölkə kimi tanınır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam etdirilir. Layihə çərçivəsində Qars-İqdır-Aralıq-Dilucu-Naxçıvan dəmir yolunun tikintisi üzrə də işlər görülür. Bütün bunlar muxtar respublikada dəmir yolu nəqliyyatının daha da müasirləşdirilməsinə imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Ölkəmizdə ümummilli lider Heydər Əliyevin yoluna sədaqətin əməli işdə olması nəticəsində bütün sahələrdə inkişafa nail olunmuş, Azərbaycan inkişaf edən ölkələrin sırasına qoşulmuşdur. Həyata keçirilən düzgün daxili siyasət bu gün ölkəmizin kompleks inkişafının əsas səbəblərindəndir”.
Ali Məclisin Sədri demişdir: “Azərbaycanda digər sahələrlə yanaşı, dəmir yolu nəqliyyatının inkişafı da diqqət mərkəzindədir. Çünki dəmir yolu vacib nəqliyyat strukturu olmaqla yanaşı, həm də hər bir ölkənin milli sərvətidir. Bu sərvəti qorumaq və inkişaf etdirərək gələcək nəsillərə çatdırmaq isə qarşıda duran əsas vəzifələrdəndir. Ona görə də dəmir yolu nəqliyyatının inkişafına, bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə və müasir tələblər səviyyəsində qurulmasına daim diqqət göstərilir. Bu gün istifadəyə verilən İnfrastruktur İdarəsi də ölkəmizdə, eləcə də muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir”.
Qeyd olunmuşdur ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsi 5 təşkilatın bazasında yaradılmışdır. Bu da idarənin əhatə etdiyi sahələrdə idarəetmənin çevik və rahat təşkilinə, xidmətin düzgün qurulmasına və hadisələrin qarşısının vaxtında alınmasına imkan verəcəkdir. Rahat iş şəraiti hər bir sahədə işin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Həyata keçirilən tədbirlər, istifadəyə verilən yeni inzibati bina 2015-ci ildə İnfrastruktur İdarəsinin əhatə etdiyi sahələrdə dönüşün yaradılmasına və işin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaqdır.
Ali Məclisin Sədri demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu il 6 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı” qəbul edilmişdir. Ötən müddətdə proqramın qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərin icrasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti də “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinə öz köməkliyini göstərmiş, muxtar respublikanın dəmir yolu infrastrukturunun inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir”.
Ali Məclisin Sədri Naxçıvanda dəmir yolunun inkişafına göstərdiyi köməkliyə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Ali Məclisin Sədri demişdir: “Naxçıvan bu gün blokada şəraitində yaşayır. Lakin blokadanın yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına xüsusi diqqət yetirilir, bu sahə daim işlək vəziyyətdə saxlanılır. Çünki Naxçıvanın işğalçı ölkə ilə sərhəddə yerləşməsi dəmir yolu nəqliyyatının inkişafını zəruri edir. Bu gün muxtar respublikada daxili yük və sərnişin daşınmalarının həyata keçirilməsində dəmir yolunun imkanlarından geniş istifadə olunur. Digər bir tərəfdən, həyata keçirilən bu tədbirlər gələcəkdə reallaşdırılması nəzərdə tutulan Qars-Naxçıvan dəmir yolu xəttinin tikintisinə hazırlıq məqsədi daşıyır. Ona görə də “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin genişləndirilməsi üçün bundan sonra da lazımi tədbirlər görüləcək, muxtar respublikada bu sahə daim diqqət və qayğı ilə əhatə olunacaqdır”.
Ali Məclisin Sədri tədbir iştirakçılarını və dəmiryolçuları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov açılışı bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə tanış olmuşlar.
Bildirilmişdir ki, muxtar respublikada müasir dəmir yolu infrastrukturunun yaradılması bu sahədə xidmətin müasir tələblərə uyğun qurulmasını şərtləndirir. İnfrastruktur İdarəsinin inzibati binasının əsaslı şəkildə yenidən qurulması da bu mənada mühüm əhəmiyyət kəsb edir. Üç mərtəbədən ibarət olan binada iş və kompüter otaqları, 120 yerlik akt zalı və yeməkxana istifadəyə verilmişdir. Binanın interyeri tamamilə yenilənmiş, otaqların hər biri müasir iş avadanlıqları ilə təmin olunmuş, videonəzarət sistemi quraşdırılmışdır.
Ərazidə maşın-mexanizmlərin təmiri sexi, qaraj və qazanxana binası da inşa olunmuşdur. Həmçinin kompleks quruculuq işləri zamanı 54 saylı Naxçıvan Dartı Yarımstansiyasının binası da təmir olunmuşdur. Binanın ətrafı da abadlaşdırılmış, 1 hektar meyvə bağı salınmışdır.
Bina ilə tanışlıqdan sonra “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinə “Naz-Lifan-X-60” markalı minik avtomobilinin açarı təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti