Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Bakıda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “+82 Qərb” su anbarının ərazisində yeni salınan “Yasamal” parkının açılışında iştirak edib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov parkın tikintisi ilə bağlı dövlətimizin başçısına məlumat verdi.
Dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi.
Yeni salınan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Parkda abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib, geniş yaşıllıq işləri görülüb. Parkda iki uşaq oyun meydançası və böyüklər üçün idman meydançası yaradılıb. Eyni zamanda parkın ərazisində iki kafe fəaliyyət göstərəcək. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Həmçinin parkın ərazisində müxtəlif fəvvarələr, süni şəlalələr və xüsusi dizaynla hazırlanmış bulaqlar quraşdırılıb.
Prezident İlham Əliyev “+82 Qərb” su anbarları kompleksinin 3-cü, 4-cü və 5-ci anbarları ilə də tanış oldu.
AzərTAc