Muxtar respublikada əhalinin içməli suya olan tələbatının ödənilməsi və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində görülən işlər Sədərək rayonunda da uğurla davam etdirilir.
Dekabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunun içməli su təchizatı və kanalizasiya sistemləri layihəsi çərçivəsində görülən işlərlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 2012-ci ildən icrasına başlanılan layihə üzrə işlər bu il də uğurla davam etdirilmişdir. Ümumilikdə, 132 kilometr uzunluğunda olacaq içməli su xəttinin bu günədək 116,8 kilometrində işlər başa çatdırılmış, 97,8 kilometr kanalizasiya xətti çəkilmişdir. Layihə çərçivəsində 15 subartezian quyusu qazılmış, hər birinin tutumu 5 min kubmetr olan 4 su anbarının tikintisi həyata keçirilmişdir. Gələcəkdə 18 kilometr məsafədə kanalizasiya və 15,1 kilometr uzunluğunda su şəbəkələrinin çəkilməsi, eləcə də çirkab sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulmuşdur.
Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılması və layihədə nəzərdə tutulan vaxtda başa çatdırılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti