08 Yanvar 2025, Çərşənbə

Sədərək rayonu bu gün inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı bu sərhəd yaşayış məntəqəsini də əhatə etmiş, rayon mərkəzi olan Heydərabad qəsəbəsi müasir şəhər görkəminə qovuşmuşdur. Son illər rayonda müasir yaşayış binalarının, xidmət sahələrinin istifadəyə verilməsi ilə yanaşı, dövlət qurumlarının səmərəli fəaliyyəti də diqqət mərkəzində saxlanılır, yeni inzibati binalar tikilir.
Dekabrın 22-də Heydərabad qəsəbəsində Sədərək Rayon Təhsil və Torpaq şöbələri üçün yeni inzibati bina istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada aparılan tikinti-quruculuq işləri sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunun da simasını tamamilə dəyişmişdir. Son illər rayonda yeni yaşayış evləri, təhsil, səhiyyə və mədəniyyət ocaqları üçün binalar tikilərək istifadəyə verilmiş, əhalinin kommunal-məişət şəraiti yaxşılaşdırılmışdır. Hazırda rayonda içməli su və kanalizasiya sistemlərinin tikintisi davam etdirilir, mənzillər fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur. Bu gün Heydərabad qəsəbəsində yeni inzibati binanın istifadəyə verilməsi dövlət qurumlarının səmərəli fəaliyyətinə imkan verəcəkdir. Həbib İbrahimov yaradılan şəraitə görə sədərəklilər adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək Rayon Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sədərək Rayon Şöbəsi üçün yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə kollektivləri təbrik etmiş, ümummilli lider Heydər Əliyevin “Təhsili daim təkmilləşdirmək təhsil işçilərinin üzərinə düşən ən mühüm vəzifədir” fikrini xatırladaraq demişdir: “Təhsil sisteminin təkmilləşdirilməsi, yeni metodların tətbiqi və elektron tədrisin inkişafı, gənc nəslin təhsilli və vətənpərvər böyüdülməsi təhsil işçilərinin qarşısında duran əsas vəzifələrdir. Bu gün Sədərək rayonunun ümumtəhsil məktəblərində yaradılan şərait rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasına imkan verir”.
Ali Məclisin Sədri demişdir: “Təhsil sahəsindəki mövcud vəziyyəti təhlil edərkən aydın olur ki, Sədərək rayonunda kəmiyyət və keyfiyyət göstəriciləri muxtar respublikanın digər rayonlarının orta göstəricisindən geridə qalır. Bunun da əsas səbəblərindən biri müəllim-şagird nisbətinin tələb olunan səviyyədə olmamasıdır. Əgər muxtar respublikanın digər şəhər və rayonlarında bu göstərici 1 müəllimə 8 şagird nisbətindədirsə, Sədərək rayonunda bu göstərici 1 müəllimə 15 şagird nisbətindədir. Bu isə rayonda təhsilin kəmiyyət və keyfiyyət göstəricilərinə öz təsirini göstərir”.
Ali Məclisin Sədri demişdir: “Mövcud vəziyyət Sədərək rayonunda təhsilin səviyyəsinin yüksəldilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Sədərək Rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsi bu məsələni daim diqqət mərkəzində saxlamalı, tədrisin düzgün təşkilinə nail olunmalıdır. Rayonun ümumtəhsil məktəblərində yaradılan şəraitdən səmərəli istifadə edilməli, təhsil işçiləri, məktəblərin kollektivləri tədrisin səviyyəsini yüksəltməli, təhsilli, vətənpərvər və ixtisaslı gənclər yetişdirilməlidir”.
Ali Məclisin Sədri yaradılan şəraitin müqabilində təhsil işçilərinin daha səylə çalışacaqlarına və uğurlu nailiyyətlər qazanacaqlarına əminliyini bildirmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra açılışı bildirən lent kəsilmiş, binaya baxış olmuşdur.
Məlumat verilmişdir ki, 4 mərtəbədən ibarət olan binada Sədərək Rayon Təhsil Şöbəsi üçün 16 iş otağı və 70 yerlik iclas zalı nəzərdə tutulmuşdur. Otaqların hər biri iş ləvazimatları və mebel avadanlıqları ilə təchiz olunmuşdur. Binanın birinci mərtəbəsində isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sədərək Rayon Şöbəsi üçün 4 iş otağı ayrılmışdır.
Ali Məclisin Sədri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə rayon şöbələri arasında sənədləşmə işlərinin elektron formada aparılmasının vacibliyini vurğulamış, bu sahədə qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar vermişdir.
Binanın zirzəmisində isə qazanxana, anbar, yeməkxana, arxiv və digər yardımçı otaqlar yerləşir. Həyətdə də abadlıq işləri görülmüş, müasir işıqlandırma sistemləri quraşdırılmışdır.

* * *

Bina ilə tanışlıqdan sonra Ali Məclisin Sədri rayon sakinləri ilə görüşmüşdür.
Heydərabad qəsəbə sakini, ziyalı Əmir İbrahimov demişdir ki, Sədərək rayonunda aparılan quruculuq işləri sakinlər tərəfindən böyük sevinclə qarşılanır. Son illər rayonda əhalinin rahatlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Artıq insanlar bu sərhəd yaşayış məntəqəsində rahat və firavan yaşayırlar. Sədərək rayonunda yeni içməli su və kanalizasiya sistemlərinin çəkilməsi isə dövlətimiz tərəfindən göstərilən qayğının daha bir ifadəsidir. Əmir İbrahimov yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri demişdir ki, ölkə Prezidenti cənab İlham Əliyev Sədərək rayonunun inkişafını daim diqqət mərkəzində saxlayır. Son illər dövlət başçısı rayon mərkəzi olan Heydərabad qəsəbəsinin qurulmasına xüsusi qayğı göstərmiş, qəsəbə abad yaşayış məntəqəsinə çevrilmişdir. Sədərək rayonunda bütün sahələrin inkişafı diqqət mərkəzindədir. Rayonda yeni nasos stansiyasının istifadəyə verilməsi torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və suvarma tədbirlərinin yaxşılaşdırılmasına səbəb olmuşdur. Təhsil infra­strukturunun yenidən qurulması sahəsində görülən işlər, gənc müəllimlərin təyinatla rayon məktəblərinə göndərilməsi isə gələcəkdə təhsilin səviyyəsini xeyli yüksəldəcəkdir. Lakin bütün bunlarla yanaşı, əsas vəzifə sakinlərin üzərinə düşür. Bu da tikilənləri, qurulanları qoruyub saxlamaq, onlardan səmərəli istifadə etməkdən ibarətdir.
Ali Məclisin Sədri bu işlərin görülməsində sakinlərə uğurlar arzulamış, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR