08 Yanvar 2025, Çərşənbə

Dekabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun iştirakçıları ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin Sədri Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin plenumunun ilk dəfə Naxçıvanda keçirildiyini bildirmiş, bu tədbirin muxtar respublikada memarlığın inkişafına və memarlar arasında qarşılıqlı əlaqələrin qurulmasına töhfə verəcəyinə əminliyini bildirərək demişdir: “Naxçıvanda memarlıq sənətinin qədim tarixi vardır. Memar Əcəmi Naxçıvani tərəfindən əsası qoyulan Naxçıvan memarlıq məktəbi müxtəlif inkişaf mərhələləri keçmiş, qədim memarlıq ənənələri qorunub saxlanılmışdır”.
Ali Məclisin Sədri demişdir: “Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə memarlığın inkişafına qayğı ilə yanaşmış, bu sahədə ardıcıl tədbirlər həyata keçirilmişdir. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə tikilən binalar milli memarlıq elementlərinin zənginliyi ilə seçilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də memarlıq sənətinin inkişafına xüsusi diqqət yetirilir, ölkəmizin şəhərləri müasir arxitektura elementlərindən və qədim memarlıq ənənələrindən istifadə edilməklə qurulur”.

Qeyd olunmuşdur ki, tarixən formalaşmış memarlıq ənənələri hər bir xalqın mədəni irsidir. Bu mədəni irsə sahiblik isə onların qorunub saxlanılmasından başlayır. Bu gün muxtar respublikada tarixi abidələrin bərpası diqqət mərkəzindədir. Son illər “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Naxçıvanqala, Nuh Peyğəmbərin məzarüstü türbəsi, Xan sarayı, muxtar respublika ərazisindəki buzxanalar və onlarla digər tarixi abidələr bərpa olunmuşdur. Hazırda Gülüstan türbəsində və Əlincə qalasında bərpa işləri davam etdirilir.
Ali Məclisin Sədri qeyd etmişdir ki, mütəxəssis hazırlığı hər bir işin əsasını təşkil edir. Bu amil əsas götürülərək Naxçıvan Dövlət Universitetində Memarlıq fakültəsi yaradılmış, gənc memarların hazırlanmasına başlanılmışdır. Memar hazırlamaq çətin və uzun illər tələb edən bir prosesdir. Bunun üçün, ilk növbədə, ənənə olmalıdır. Ona görə də muxtar respublikada gənc memarlar hazır­lanarkən varislik ənənələri qorunub saxlanılır. Eyni zamanda muxtar respublikada tikinti-quruculuq işləri həyata keçirilərkən əkinəyararlı torpaqlardan səmərəli istifadə, yaşayış məntəqələrində əhalinin rahatlığına xidmət edən binaların tikilməsi, kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması diqqət mərkəzində saxlanılır.
Görüşdə vurğulanmışdır ki, memarlıq çətin və incə bir sahədir. Layihənin relyefə uyğunlaşdırılması bu sənətin ən vacib elementlərindən biridir. Muxtar respublikanın seysmik zonada yerləşməsi, özünəməxsus iqlim və relyef quruluşuna malik olması tikinti-quruculuq işləri həyata keçirilərkən layihələndirmənin düzgün aparılmasını, milli memarlıq elementlərinin tətbiqini zəruri edir. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumu bu məsələlərin müzakirəsinə də imkan verəcəkdir.
Ali Məclisin Sədri plenumun Azərbaycan Memarlar İttifaqı Naxçıvan təşkilatının formalaşmasına stimul verəcəyinə əminliyini bildirmiş, plenumun işinə uğurlar arzulamışdır.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə demişdir ki, Azərbaycan milli memarlığının inkişafında Naxçıvan memarlıq məktəbinin xüsusi yeri vardır. Bu gün muxtar respublikada memarlığın inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun Naxçıvanda keçirilməsi digər məsələlərlə yanaşı, son illər muxtar respublikada memarlıq sənətinin inkişafı sahəsində qazanılan nailiyyətlərin təbliği baxımından da mühüm əhəmiyyət daşıyır. Elbay Qasımzadə plenumun keçirilməsi üçün yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıq etmişdir.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov və digər görüş iştirakçıları da muxtar respublikada memarlığın inkişafı sahəsində görülən işləri qiymətləndirmişlər.
Sonda Ali Məclisin Sədri görüş iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR