Ümummilli liderimizin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyası bu gün muxtar respublikada uğurla həyata keçirilir. Kompleks quruculuq işlərinin aparılması, yeni infrastruktur sahələrinin yaradılması kənd yaşayış məntəqələrinin inkişafına da təkan vermiş, insanların rahat yaşayışı təmin olunmuşdur. Həyata keçirilən bu tədbirlər Babək rayonunun Naxışnərgiz kəndini də əhatə etmişdir. Bu il kənddə müasir məktəb binasının, kənd və xidmət mərkəzlərinin inşası Naxışnərgizin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur.
Naxışnərgiz kənd məktəbi üçün yeni bina tikilmişdir
Dekabrın 8-də Naxışnərgiz kənd tam orta məktəbinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Məktəbin direktoru Anar Fərzəliyev kollektiv adından minnətdarlıq edərək demişdir ki, təhsil islahatlarından Naxışnərgiz kəndinə də pay düşüb. Sakinlər bu məktəb binasının istifadəyə verilməsini böyük sevinc hissi ilə qarşılayırlar. Yeni məktəb binası qarşıya savadlı, intellektli gənclər yetişdirmək kimi mühüm vəzifələr qoyur. Ona görə də kollektiv tədrisin keyfiyyətini yüksəltmək üçün səylə çalışacaq, məktəb muxtar respublikanın qabaqcıl təhsil ocaqlarından birinə çevriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxışnərgiz kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, kollektivə tədrisdə uğurlar arzulayaraq demişdir: “Muxtar respublikanın ümumtəhsil məktəblərinin sırasına daha bir məktəb – Naxışnərgiz kənd tam orta məktəbi əlavə olunur. Bu günə qədər Naxışnərgiz kəndində məktəb olmamış, şagirdlər qonşu kəndin məktəbində təhsil almışlar. Lakin ölkəmizin inkişafı və təhsil sahəsində həyata keçirilən tədbirlər kənddə yeni məktəbin yaradılmasına imkan vermişdir”.
Ümummilli liderimiz Heydər Əliyevin “Ölkəmizin gənclərini təhsilli etmək üçün müasir tələblərə cavab verən məktəb binalarının tikilməsi ilə məşğul olmalıyıq” fikrini xatırladan Ali Məclisin Sədri demişdir: “Ölkəmizdə müasir məktəb binalarının tikilməsi istiqamətində görülən işlər Naxışnərgiz kəndini də əhatə etmişdir. Müasir tədris avadanlıqları ilə təmin olunan yeni məktəb binasının tikilməsi kənddə gənclərin təhsilli böyüdülməsinə imkan verəcəkdir. Məktəb işi ən vacib sahələrdən biridir. Çünki ölkənin gələcəyi məktəblərdə hazırlanır. Ona görə də məktəblərdə lazımi şərait yaradılmalı, müəllimlər tələbkarlıq, şagirdlər isə çalışqanlıq prinsiplərini əsas götürməli, məktəb işi müasir tədris metodlarından istifadə əsasında qurulmalıdır. Müəllimlər bilməlidirlər ki, onlar təhsilli və vətənpərvər gənclər yetişdirməklə ölkəmizin gələcəyinə xidmət edirlər. Gənclərimiz isə bilməlidirlər ki, onların qarşısında duran əsas vəzifə yaxşı oxumaq, vətənpərvər olmaq, qabiliyyətlərinə və bacarıqlarına uyğun peşələrə yiyələnməkdən ibarətdir. Hər bir gənc o zaman ölkəsi və xalqı üçün faydalı olur ki, o, gələcəkdə hər hansısa bir peşə sahibi olsun. Ölkəmizdə, eləcə də muxtar respublikada yeni məktəb binalarının qurulmasında da əsas məqsəd ondan ibarətdir ki, gənclər yaxşı təhsil alsın, maraqlarına uyğun peşəyə yiyələnə bilsinlər”.
Ali Məclisin Sədri Naxışnərgiz kənd məktəbində təhsilli və vətənpərvər gənclərin yetişdiriləcəyinə əminliyini bildirmiş, bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur.
Bildirilmişdir ki, məktəbdə 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat otağı, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları istifadəyə verilmişdir.
Məktəbin kitabxana fondunda 2882 kitab vardır.
Ali Məclisin Sədri ümumtəhsil məktəblərində kitabxana işinin təşkili sahəsində görülən işlərin əhəmiyyətini vurğulamış, şagirdlərdə mütaliəyə marağın artırılması və kitabxana günlərinin keçirilməsinin vacibliyini qeyd etmişdir.
Kimya-biologiya və fizika laboratoriyalarında da lazımi tədris şəraiti vardır. Hərbi kabinəyə baxış zamanı şagirdlərdə hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinin və onların hərb sənətinə marağının artırılmasının əhəmiyyəti vurğulanmışdır.
Kompüter və elektron lövhəli siniflərə baxış zamanı Ali Məclisin Sədrinə məktəbin informasiya texnologiyaları ilə təminatı barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, kompüter otağında 19 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Məktəbdə 3 elektron lövhəli sinif vardır. İnternetə çıxışı olan və lazımi elektron dərsliklərlə təmin edilən interaktiv lövhələr elektron təhsil mübadiləsinin aparılmasına da imkan verir. Baxış zamanı Naxışnərgiz kənd tam orta məktəbi ilə Xalq şairi Məmməd Arazın Şahbuz rayonunun Nursu kəndindəki ev-muzeyi arasında əlaqə qurulmuş, “Məmməd Arazın həyat və yaradıcılığı” mövzusunda dərs keçilmişdir. Virtual dərsi Distant Tədris Mərkəzinə qoşulmuş muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbinin 4 minə yaxın şagirdi izləmişdir.
İdman zalı şagirdlərin fiziki hazırlığının normal təşkilinə imkan verəcəkdir.
Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşmüş, məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi barədə tapşırıqlar verərək demişdir: “Bu gün Naxışnərgiz kəndinin həyatında əlamətdar bir gündür. Kənddə idarəetmə strukturları və məktəb üçün yeni binalar istifadəyə verilir. Bu da tədrisin düzgün təşkilinə, təhsil sahəsində uğurlu nailiyyətlərin qazanılmasına imkan verəcəkdir. Ölkənin tərəqqisi təhsildən, təhsilin inkişafı isə müəllimlərin fəaliyyətindən asılıdır. Pedaqoji kollektivin qarşısında bir vəzifə durur: bu da dövlətimizin yaratdığı şəraitdən düzgün istifadə edərək təhsilli və vətənpərvər gənclər yetişdirməkdir. Ona görə də məktəbdə tələbkarlıq artırılmalı, tədris prosesində qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilməlidir”.
Müəllimlər yaradılan şəraitə görə minnətdarlıq etmiş, məktəbdə tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində səylə çalışacaqlarını bildirmişlər.
Məktəbin həyətində də abadlıq işləri aparılmış, gülkarlıqlar salınmışdır.
Naxışnərgizdə kənd mərkəzi istifadəyə verilmişdir
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu əsas vəzifələrdən biri də kəndlərin inkişafının təmin olunmasıdır. Son illər muxtar respublikanın kəndlərində müasir infrastrukturun yaradılması, yeni sosial obyektlərin inşası, xüsusilə kənd mərkəzlərinin istifadəyə verilməsi bu mənada mühüm əhəmiyyət kəsb edir.
Dekabrın 8-də Naxışnərgiz kəndində yeni kənd mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur.
İki mərtəbədən ibarət olan kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, feldşer-mama məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kənd klubu və 54 yerlik iclas zalı yerləşir.
Rabitə evi mərkəzin birinci mərtəbəsindədir. Burada elektron ATS quraşdırılmış, poçt bölməsinin fəaliyyəti təmin edilmişdir.
Kəndin ictimai-mədəni həyatında öz fəallığı ilə seçilən Yeni Azərbaycan Partiyası Naxışnərgiz kənd ərazi ilk təşkilatı üçün də iş otağı ayrılmış, kənd mərkəzindəki kitabxanada oxucuların istifadəsinə 7469 kitab verilmişdir.
Baytarlıq məntəqəsinə dərman vasitələrini saxlamaq üçün soyuducu qoyulmuş, baytarlara nümunəvi iş şəraiti yaradılmışdır. Qeyd olunmuşdur ki, kənddə əhalinin əsas məşğuliyyət sahəsinin heyvandarlıq olması baytarlıq xidmətinin günün tələbləri səviyyəsində təşkilini zəruri edir. Məntəqədəki yeni avadanlıqlar profilaktik tədbirlərin vaxtında və keyfiyyətlə aparılmasına imkan verəcəkdir.
Binada feldşer-mama məntəqəsi üçün də 4 iş otağı ayrılmış, məntəqə lazımi dərman vasitələri, ilkin tibbi yardım və peyvənd çantaları ilə təmin olunmuşdur.
Ali Məclisin Sədri kənddə əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən profilaktik tədbirlərin bundan sonra da davam etdirilməsi, eləcə də hamilə qadınlara və uşaqlara vaxtlı-vaxtında tibbi xidmət göstərilməsi barədə tapşırıqlar vermişdir.
Binada fərdi qazanxana qurulmuş, həyətdə abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.
Naxışnərgiz kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir
Həmin gün Naxışnərgiz kəndində yeni xidmət mərkəzinin də açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsmişdir.
Binada bərbərxana, qadın gözəllik salonu, ərzaq və sənaye malları mağazaları vardır. Mağazalarda ərzaq məhsullarının, gündəlik tələbat mallarının, eyni zamanda geyim dəstlərinin, məktəbli formalarının və təsərrüfat mallarının satışı təşkil olunub. Xidmət mərkəzində 4 nəfər işlə təmin olunmuşdur.
Mərkəzlə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, son illər Naxışnərgiz kəndində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, feldşer-mama məntəqəsi və digər dövlət qurumları yaradılmışdır. Bu gün isə kənddə yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Artıq Naxışnərgiz muxtar respublikanın abad yaşayış məntəqələrinin sırasına qoşulmuşdur. Bu gün kənddə təsərrüfatın müxtəlif sahələri – əkinçilik, maldarlıq, heyvandarlıq, arıçılıq inkişaf etdirilir. Kənddə əhali keyfiyyətli rabitə xidmətindən istifadə edir. Mənzillər elektrik enerjisi və təbii qazla fasiləsiz təmin olunmuş, məskunlaşma artmışdır. Görülən bu işlər kəndlə şəhər arasında fərqin aradan qaldırılmasına səbəb olmuşdur. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, abadlıq, təmizlik qorunub saxlanılmalı, sakinlər kəndin inkişafına öz töhfələrini verməlidirlər. Çünki kəndlərin inkişafı həm də ölkənin inkişafı deməkdir.
Kənd ziyalısı İsmayıl Ağamalıyev sakinlər adından minnətdarlıq edərək demişdir ki, bu il kənddə aparılan quruculuq işləri bütün sahələri əhatə etmişdir. Rahat yol, kənd və xidmət mərkəzləri, məktəb binası Naxışnərgiz kəndinə qəsəbə görkəmi vermişdir. Kənddə əhalinin məşğulluğunun təmin olunması, təsərrüfatların inkişafı, insanların rahat və firavan yaşaması üçün hər cür şərait vardır. Sakinlər göstərilən qayğının müqabilində daha səylə çalışacaq, ölkəmizin inkişafında, aparılan abadlıq-quruculuq işlərində yaxından iştirak edəcəklər.
* * *
Naxışnərgiz kəndində abadlıq işləri də aparılmış, kənddaxili 1400 metrlik yola asfalt örtük salınmış, 12 ədəd su keçidi qoyulmuş, 1 körpü təmir olunmuş, 950 metr uzunluğunda beton kanal tikilmişdir. Sirab kəndindən Naxışnərgiz kəndinədək 3484 və kənddaxili 200 metr fiber-optik kabel çəkilmiş, 2000 metrlik elektrik xətti yenilənmiş, 1420 metr qaz və 1050 metr içməli su xətti çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti