Bu il görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 ili tamam olur.
Dekabrın 5-də Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin 160 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yubiley tədbirində çıxış edərək demişdir: “Bu gün görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyini qeyd edirik. Məhəmməd Tağı Sidqi böyük maarifçi idi. Klassik maarifçilərlə yeni maarifçi nəsil arasında varislik körpüsü yaradan Sidqi milli maarifçiliyin inkişafı ilə bağlı ən yaxşı ənənələri yaratmışdır.
Məhəmməd Tağı Sidqi maarifçiliyi onun ziyalılığından doğurdu. Bütün mənalı həyatını insanlara maarif işığı gətirməyə həsr edən bu ziyalı insan Azərbaycan ədəbiyyatında və pedaqoji fikir tarixində özünəməxsus yer tutur. Naxçıvanda elmi, mədəni və təhsil mühitinin formalaşmasında Sidqinin tarixi xidmətlərini yüksək qiymətləndirən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur”.
Qeyd olunmuşdur ki, Məhəmməd Tağı Sidqi qısa ömür yaşamışdır. Cəmi 49 il. Lakin bu ömrü o, xalqının təhsillənməsi naminə fədakar fəaliyyətlə zənginləşdirmiş, sağlığında müasirləri tərəfindən “böyük ustad”, “xalq müəllimi” adını almışdır. 160 il bundan əvvəl, 1854-cü ildə Ordubadda anadan olan Məhəmməd Tağı Sidqi Səfərov ilk təhsilini molla məktəbində almış, sonra isə mədrəsədə davam etdirmişdir. Burada klassik Şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənən Məhəmməd Tağı Sidqi ədəbi dərnəklərdə, şeir məclislərində iştirak etmiş, bədii yaradıcılıqla məşğul olmuşdur. Lakin xalq arasında təhsilə ciddi ehtiyac olduğunu görən Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubad şəhərində “Əxtər”, yəni “Ulduz” adlı yeni məktəb yaratmışdır. Gənc müəllimin pedaqoji fəaliyyəti Naxçıvan ziyalılarının diqqətini cəlb etmiş, 1894-cü ildə Naxçıvana dəvət olunan Sidqi burada “Tərbiyə” məktəbinin əsasını qoymuşdur.
Ali Məclisin Sədri demişdir: “Sidqinin “Tərbiyə” məktəbi o dövrdə mövcud olan mollaxana və mədrəsələrdən əsaslı şəkildə fərqlənirdi. Mollaxana və mədrəsələrdə dini elmlər, “Tərbiyə” məktəbində isə dünyəvi elmlər tədris olunurdu. Mollaxana və mədrəsələrdə dərslər ərəb dilində aparılırdısa, “Tərbiyə” məktəbində tədris doğma ana dilində aparılırdı. Burada “ana dili”, “rus dili”, “fars dili”, “tarix”, “coğrafiya”, “hesab” fənləri tədris edilir, əməli məşğələlər keçirilirdi. Mollaxanalardan fərqli olaraq, “Tərbiyə” məktəbində partalar qoyulmuş, sinif-dərs sistemi tətbiq edilmişdir. “Tərbiyə” məktəbində etika dərsləri tədris olunurdu ki, bu da Sidqi məktəbinin şöhrətini daha da artırırdı. Məhəmməd Tağı Sidqinin “Tərbiyə” məktəbinin şagirdləri üçün öz əli ilə yazdığı “Ədəb qaydaları” dövrümüzədək mühafizə edilib saxlanmışdır. “Tərbiyə” məktəbi Azərbaycan məktəbi tarixində ilk milli məktəblərdən biri idi. Bu məktəb böyük ədib Cəlil Məmmədquluzadənin də diqqətini cəlb etmişdir. “Naxçıvan şəhərində həmin məktəbi Sidqi təsis edən zaman belə qaydalı müsəlman mədrəsəsi nəinki İrəvanda, bəlkə, Qafqazın böyük müsəlman şəhərlərinin çoxunda yox idi”, – deyən Cəlil Məmmədquluzadə “Tərbiyə” məktəbini “yeniyetmə müəllim və ədiblər üçün elm və maarif evi adlandırmışdır. Bu məktəb qısa bir zamanda Naxçıvan ədəbi-mədəni fikrinin əsas mərkəzlərindən birinə çevrilmişdir.
Məhəmməd Tağı Sidqinin açdığı yeni üsullu məktəblər xalqımızın bütöv bir ziyalı nəslini yetirmişdir. Azərbaycan romantik dramaturgiyasının banisi Hüseyn Cavid, tarixi roman janrının banisi Məmməd Səid Ordubadi, realist rəssamlığın banisi Bəhruz Kəngərli və onlarla başqaları Məhəmməd Tağı Sidqinin təsis etdiyi “Ulduz” və “Tərbiyə” məktəblərinin yetirmələridirlər. Məhəmməd Tağı Sidqinin yetirmələri onun hikmətli kəlamlarına və pedaqoji söhbətlərinə qulaq asmaq, şeirlərini dinləyib müzakirə etmək, Sidqinin köməkliyi ilə Rusiya, Qafqaz və Şərq mətbuatını mütaliə etmək imkanı qazanmışdılar. Bunun nəticəsidir ki, mütəfəkkir şairimiz Hüseyn Cavid məktublarında Sidqiyə “böyük ustad və cəlallı atamız” deyə müraciət edirdi. “Elm bir çox kitabları oxuyub yazmaqdan ibarət deyil, oxuduqca anlamaqdan ibarətdir”, – deyən Məhəmməd Tağı Sidqi məktəbdə tədrisin səviyyəsinə, müəllimlərin dərsə hazırlığına, şagirdlərin bədii nitqinə, biliklərinin inkişaf etdirilməsinə xüsusi fikir verməklə Azərbaycan məktəbdarlığında yeni ənənələrin əsasını qoymuş, milli maarifçilik tariximizdə özünə böyük abidə ucaltmışdır”.
Ali Məclisin Sədri demişdir ki, Məhəmməd Tağı Sidqinin xüsusi xidmətlərindən biri də qızların təhsil alması ilə bağlı gördüyü fədakar işlərdir. Maarifpərvər ziyalı kimi qızların təhsil almasını çox vacib sayan Sidqi onların elmə və maarifə, mədəniyyətə yiyələnmələrinə xüsusi əhəmiyyət vermişdir. Nəzərə almaq lazımdır ki, Məhəmməd Tağı Sidqinin yaşadığı dövrdə qızların məktəbə cəlb olunması olduqca çətin məsələ idi, buna baxmayaraq, Sidqi 1896-cı ildə “Qız məktəbi”ni təsis etmiş, qızların məktəbə cəlb olunması üçün maarifləndirmə işləri aparmış, öz istəyinə nail ola bilmişdir. Məhəmməd Tağı Sidqi təkcə məktəbdar maarif xadimi kimi deyil, həm də maarifçi şair və yazıçı kimi də böyük şöhrət qazanmışdır. Sidqinin yaradıcılığında maarifçi düşüncə daim aparıcı istiqamət kəsb etmiş, o, məktəbə nur, işıq mənbəyi kimi baxmış, əsl səadəti məktəbdə, xalqın təhsillənməsində axtarmışdır. Sidqi pedaqoji görüşlərində məktəbi “cəhalət dərdinin dərmanı”, müəllimi isə “cəhalət bağının bağbanı” kimi dəyərləndirərək demişdir: “Məktəb nədir? Məktəb bizim elm və maarifimizin vasitəsi, dünya və axirətimizin səadətinin səbəbidir. Elm və ədəb bir xəzinəyə bənzər ki, onun kilidi məktəbdir. Bizi nadanlıq zülmətindən qurtarıb mərifət nuruna yetirən məktəbdir... Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır”.
Şagirdlərin müsbət əxlaqi keyfiyyətlərə və vərdişlərə yiyələnməsi Sidqini daim düşündürmüş, şagirdlər üçün imla mətnlərindən ibarət “Əxlaq nümunələri” adlı dərslik tərtib etmişdir. Sidqinin müəllifi olduğu “Müxtəsər coğrafiya risaləsi” Azərbaycanda ilk coğrafiya dərsliyidir. Onun coğrafi məlumatları toplayıb sistemləşdirməsi və müstəqil bir dərslikdə əks etdirməsi o dövr üçün mütərəqqi elmi hadisə idi. Məhəmməd Tağı Sidqi bir pedaqoq kimi nəsihətlərində tərbiyəvi məqamları aşılayır, gəncləri düzlüyə, etibarlılığa səsləyirdi. Bu baxımdan onun “Nəsihətnamə” və “Hikmətli sözlər” əsərləri maraqlı nəsr nümunələri kimi diqqəti cəlb edir.
“Məktəbə və elmə rəğbət, müəllimə hörmət, yeni nəslin tərbiyəsi, insanı və cəmiyyəti dərk etməyə çağırış maarifçi yazıçının əsərlərində qabarıq şəkildə ifadə olunur. Sidqinin qələmindən çıxmış uşaq ədəbiyyatı nümunələrində maarifçi ideyalar öz əksini tapmışdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, onun uşaqlar üçün hekayələri, əsasən, “Əxlaq nümunələri” və “Qızlara hədiyyə” dərsliklərində toplanmışdır. “Əxlaq nümunələri” dərsliyindəki hekayələr müəllifin maarifçi baxışlarını əsaslandıran, “Qızlara hədiyyə” dərsliyindəki hekayələr isə əxlaqi, tərbiyəvi mahiyyət daşıyan əsərlərdir. Bu əsərlər Azərbaycan milli uşaq nəsrinin ilk bitkin nümunələri kimi mühüm əhəmiyyət kəsb edir. Məhəmməd Tağı Sidqinin şair kimi də ədəbiyyatımızda özünəməxsus yeri vardır. Onun şeirlərində dövrün ən aktual maarifçi ideyaları öz əksini tapmışdır. Xüsusən, qızların maariflənməsinə həsr etdiyi şeirlər öz dövrünə görə mütərəqqi əhəmiyyətə malikdir. Sidqinin “Elmin şərafəti” şeiri Azərbaycan ədəbiyyatında məktəbli qızlara həsr olunmuş ilk maarifçi poetik öyüdnamədir.
Ali Məclisin Sədri demişdir: “Millət dərdi, Vətən və xalq taleyi, elm və maarif problemi Məhəmməd Tağı Sidqinin maarifçi-realist üslubda qələmə aldığı qəzəllərində də əsas və aparıcı mövzulardır. Şairin qəzəllərinin ümumi ruhundan müəyyən etmək mümkündür ki, o, gənclik illərində qədim Şərq fəlsəfəsini mütaliə etmiş, görkəmli şəxsiyyətlərin ədəbi irsini mənimsəmiş və özünün bədii yaradıcılığında həmin mənbələrdən bəhrələnmişdir. Məhəmməd Tağı Sidqi bir ziyalı kimi ədəbi dilin saflığı, sadələşməsi uğrunda da mübarizə aparırdı. Maarifçi ədib ana dilini lüzumsuz, qəliz sözlərlə ağırlaşdıranları tənqid edir, ziyalıları, bir sözlə, qələm sahiblərini doğma dilin saflığını qorumağa çağırırdı.
Naxçıvan teatrının yaradılmasında və inkişafında da Məhəmməd Tağı Sidqinin mühüm xidmətləri olmuşdur. O, 1894-1899-cu illərdə “Dram Cəmiyyəti” üzvləri ilə birlikdə Mirzə Fətəli Axundovun bir neçə komediyasının Naxçıvanda tamaşaya qoyulmasına nail olmuş, həm tamaşaların rejissoru, həm də aktyoru kimi çıxış etmişdir. Böyük pedaqoq və maarifçi bu yolla milli teatrın imkanlarını xalqın maariflənməsinə, ictimai-mədəni tərəqqiyə cəlb etməyi bacarmışdır. Məhəmməd Tağı Sidqinin yaradıcılığında publisistikanın da özunəməxsus yeri vardır. Onun Azərbaycan və Yaxın Şərq mətbuatındakı ədəbi-maarifçi və publisist fəaliyyəti göstərir ki, maarifpərvər ziyalı özünün bütün yaradıcılığı boyu mütəmadi olaraq milli-demokratik mövqedən çıxış etmiş, Vətən və millətin azadlığı yolunda yorulmadan çalışmışdır. Sidqinin bu sahədəki fəaliyyəti Azərbaycan maarifçi-realist ədəbiyyatının və bədii publisistikanın formalaşmasına əvəzsiz töhfələr vermişdir”.
Qeyd olunmuşdur ki, görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin Azərbaycan təhsili, ədəbiyyat, teatr və mətbuatı sahəsindəki mühüm xidmətləri nəzərə alınaraq 2004-cü ildə 150 illik yubileyi geniş qeyd olunmuş, təhsil və mədəniyyət müəssisələrində həyat və fəaliyyətinə həsr olunmuş sərgi və guşələr yaradılmış, oxucu konfransları keçirilmişdir. Naxçıvan şəhərində Məhəmməd Tağı Sidqinin adını daşıyan küçə və məzarı abadlaşdırılmış, Naxçıvan Dövlət Kukla Teatrına Məhəmməd Tağı Sidqinın adı verilmiş, “Naxçıvan” jurnalının bir nömrəsi görkəmli pedaqoqun həyat və fəaliyyətinə həsr olunmuş, seçilmiş əsərləri çap edilmişdir. Ordubad şəhərində 1 nömrəli, Naxçıvan şəhərində isə 4 nömrəli tam orta məktəblər görkəmli pedaqoqun adını daşıyır. Bu il Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi geniş şəkildə qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, muxtar respublikanın təhsil və mədəniyyət müəssisələrində maarifçi-şairin həyat və yaradıcılığını əks etdirən guşələr yaradılmış, tədbirlər keçirilmişdir. Bundan əlavə, “Naxçıvan” jurnalının bir nömrəsi Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinə həsr olunmuşdur. Məhəmməd Tağı Sidqinin həyatının və yaradıcılığının öyrənilməsi və təbliği məqsədilə görkəmli pedaqoqun doğulub boya-başa çatdığı Ordubad şəhərində ev-muzeyinin yaradılması qərara alınmışdır.
Ali Məclisin Sədri demişdir: “Azərbaycan xalqı maarifpərvər ziyalısını unutmur. Onun xidmətləri öz dövründə olduğu kimi, bu gün də aktuallığını qoruyub saxlamaqdadır. Məhəmməd Tağı Sidqi kimi işıqlı şəxsiyyətlər həmişə xatırlanacaq, xalqımızın yaddaşında daim yaşayacaqdır”.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli Ali Məclis Sədrinin “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” 20 avqust 2014-cü il tarixli və “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması haqqında” 17 sentyabr 2014-cü il tarixli sərəncamlarını görkəmli pedaqoqun yaradıcılığına, onun pedaqoji fəaliyyətinə verilən qiymət kimi yüksək dəyərə malik olduğunu bildirərək demişdir: “Məhəmməd Tağı Sidqinin pedaqoji fəaliyyəti, təlim üsulları, tədris, təlim və tərbiyə haqqındakı fikirləri böyük bir təcrübə məktəbidir. Sidqi bütün qüvvəsini uşaqlara hərtərəfli bilik verməyə sərf etmiş, məktəb üçün ayrıca tədris planı, dərs cədvəli, maliyyə planı, şagirdlər üçün ədəb qaydaları hazırlamış, şagirdlərə hərtərəfli dünyəvi biliklərin verilməsinə çalışmışdır. Məhəmməd Tağı Sidqinin pedaqoji irsi bu gün də müasirdir. Naxçıvan Müəllimlər İnstitutunda gənc müəllim kadrları hazırlanarkən görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin pedaqoji fəaliyyətindən, təlim üsullarından, tədris, təlim və tərbiyə haqqındakı fikirlərindən geniş istifadə olunur. Ordubad şəhərində yaradılacaq ev-muzeyi də görkəmli maarifçinin pedaqoji fəaliyyətinin öyrənilməsi və təbliğində mühüm rol oynayacaqdır”. Oruc Həsənli Məhəmməd Tağı Sidqi şəxsiyyətinə və yaradıcılığına göstərdiyi diqqətə görə muxtar respublika pedaqoqları və ziyalıları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalov bildirmişdir ki, Məhəmməd Tağı Sidqi bu gün də öz tərbiyəvi-didaktik əhəmiyyətini itirməyən, mükəmməl elmi-pedaqoji dəyərə malik olan “Əxlaq nümunələri”, “Pedaqogika”, “Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi” kimi dərsliklərin müəllifidir. Azərbaycan məktəb və pedaqoji fikir tarixində pedaqogika dərsliyinin tərtibinə ilk təşəbbüs göstərən də məhz Məhəmməd Tağı Sidqi olmuşdur. Ona görə də görkəmli maarifçinin yaradıcılığı və pedaqoji fəaliyyəti ilə bağlı məsələlər bu gün də gənclərin təhsillənməsi, tərbiyələnməsi və psixoloji inkişafında böyük əhəmiyyətə malikdir. Maarifçilik ideyalarının həm elmi, həm təcrübi sahədə inkişafına təməl olan Sidqi yaradıcılığı gənclərimizin dünyagörüşünün formalaşmasına təsir göstərən əsərlər məcmusu kimi öz dəyərini daim qoruyub saxlayacaqdır.
Yubiley tədbirində Sidqi irsinin tədqiqatçısı, filologiya üzrə elmlər doktoru Əsgər Qədimov Naxçıvanın tarixən elm və mədəniyyət mərkəzi olduğunu diqqətə çatdıraraq demişdir ki, bu torpağın yetirmələrindən biri də görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqidir. XIX əsr Azərbaycan məktəb, pedaqoji və ədəbi fikir tarixinin görkəmli nümayəndələrindən olan Məhəmməd Tağı Sidqi bütün həyatı boyu maarif və mədəniyyət carçısı olmuş, yorulmadan, fədakarcasına xalqı elmə, tərəqqiyə çağırmışdır. Görkəmli pedaqoq maarif və mədəniyyətimizə, dilimizin saflığına, qızların təhsilinə dair, habelə yeni – latın əlifbasına keçidlə bağlı dəyərli əsərlər, publisistik məqalələr yazmış, Naxçıvan qəzasında ilk dəfə olaraq qız məktəbi açmışdır. O, “Əncüməni-şüəra” ədəbi məclisinə rəhbərlik etmiş, Sədi, Hafiz, Xəyyam, Cami, Nəvai, Nizami və Füzuli kimi klassik Şərq şairlərinin əsərlərinə nəzirə və bənzətmələr yazmış, klassik Azərbaycan və Şərq şairlərinin ədəbi ənənələrini poeziyada davam etdirmişdir. Bu ənənələr sonralar Sidqinin lirikasında maarifçilik ünsürləri ilə əvəz olunmuşdur. Şairin maarifçi-realist üslubda yazılmış bir sıra qəzəllərində millət dərdi, Vətən və xalq taleyi problemi əsas və aparıcı mövzuya çevrilmişdir. Əsgər Qədimov Sidqi şəxsiyyətinə göstərilən diqqət və qayğını mütəfəkkir şəxslərimizin yenidən xalqımıza qaytarılması kimi yüksək mərama xidmət etdiyini bildirmişdir.
Sonra görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Ədibin əsərlərindən seçmələr, hikmətli və müdrik kəlamları bədii qiraət olunmuş, qəzəlləri əsasında muğamlar ifa olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti