08 Yanvar 2025, Çərşənbə

“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikada yeni istixana komplekslərinin yaradılması və tərəvəz məhsulları istehsalının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bu sahədə görülən işlərin davamı olaraq, dekabrın 3-də Kəngərli rayonunun Böyükdüz kəndində “Naxçıvan bağları” tərəvəz məhsulları istixana kompleksi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni istehsal müəssisələri yaradılır. Son illər özəl bölmənin fəaliyyətinin dəstəklənməsi, xüsusilə sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istehsal müəssisələri şəbəkəsinin genişlənməsinə səbəb olmuşdur. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, ötən dövrdə Sahibkarlığa Kömək Fondu tərəfindən 1174 layihənin həyata keçirilməsi üçün 104 milyon manatdan artıq kredit verilmişdir. Göstərilən qayğı nəticəsində 2014-cü ildə muxtar respublikada 40 yeni istehsal və xidmət sahəsi yaradılmışdır. Yeni yaradılan istehsal müəssisələri içərisində istixana kompleksləri mühüm yer tutur. Hazırda muxtar respublikada ümumi sahəsi 100 min kvadratmetrdən artıq olan istixana kompleksləri fəaliyyət göstərir. Bu da payız-qış mövsümündə əhalinin keyfiyyətli tərəvəz məhsulları ilə təminatında mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan bağları” tərəvəz məhsulları istixana kompleksinin təşkilatçılarına təşəkkürünü bildirmiş, müəssisənin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Ölkəmizdə sahibkarlığın inkişafına hərtərəfli qayğı göstərilir. Bunun da nəticəsində Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı 86 faiz təşkil edir. Ölkə Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq sahibkarlarla görüşməsi, bu sahə üzrə yeni vəzifələrin müəyyənləşdirilməsi özəl bölmənin inkişafına təkan vermişdir. Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hər il sahibkarlarla görüşlər keçirilir, görülmüş işlər müzakirə olunur və qarşıda duran vəzifələr müəyyənləşdirilir”.
Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada tərəvəz məhsulları istehsalını həyata keçirən istixana komplekslərinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Ona görə də “Naxçıvan bağları” tərəvəz məhsulları istixana kompleksinin biznes planı təsdiq edildikdən sonra Sahibkarlığa Kömək Fondu tərəfindən kredit ayrılmış və müəssisə yaradılmışdır. 2014-cü ildə muxtar respublikada istifadəyə verilən istehsal müəssisələri içərisində ən çox investisiya məhz bu sahənin yaradılmasına sərf olunmuşdur. Çünki əhalinin il boyu keyfiyyətli tərəvəz məhsullarına olan tələbatının ödənilməsi vacib şərtdir. Bunun üçün də yeni istehsal müəssisələri yaradılmalı, sahibkarların fəaliyyəti dəstəklənməli, istehsal sahəsinin rentabelli işləməsi üçün daxili bazar qorunmalıdır”.
Ali Məclisin Sədri demişdir: “Hər bir ölkənin iqtisadi inkişafında, əhalinin məşğulluğunun təmin olunmasında və ərzaq məhsullarına olan tələbatının ödənilməsində sahibkarlıq fəaliyyətinin mühüm yeri vardır. Ona görə də bu gün ölkəmizdə, eləcə də muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə hərtərəfli qayğı göstərilir. Bundan sonra da muxtar respublikada sahibkarlar qayğı ilə əhatə olunacaq, onlara hərtərəfli dövlət dəstəyi göstəriləcəkdir”.
Ali Məclisin Sədri müəssisənin rentabelli işləyəcəyinə əminliyini bildirmiş, bir daha kollektivi təbrik etmiş, istixana kompleksində yaradılan şəraitlə tanış olmuşdur.
Sahibkar Elçin Bağırov istixana kompleksi haqqında məlumat vermişdir. Bildirmişdir ki, müəssisə yaradılarkən Sahibkarlığa Kömək Fondundan 2 milyon manat kredit götürülmüş, 2 milyon 150 min manat şəxsi investisiyadan istifadə edilmişdir. Kompleksin yaradılmasında əsas məqsəd əhalini ekoloji cəhətdən sağlam tərəvəz məhsulları ilə təmin etməkdən ibarətdir. 46 min kvadratmetr sahəsi olan yeni istixana kompleksində tərəvəz bitkilərinin əkini, şitil yetişdirilməsi, turşu istehsalı, dibçək güllərin yetişdirilməsi və satışı sahəsi yaradılmış, hazır məhsulların saxlanılması üçün soyuducu anbar tikilmişdir. Kompleksdə Türkiyə, İspaniya, İsrail və İtaliya istehsalı olan ən müasir avadanlıqlar quraşdırılmış, 2,7 kilometr uzunluğunda drenaj şəbəkəsi çəkilmiş, 3 traktor və məhsulların satış məntəqələrinə çatdırılması üçün soyuducu kameralı nəqliyyat vasitələri alınmışdır.
Kompleks tam avtomatlaşdırılmış iqlim-nəzarət, istilik-mühafizə, havalandırma, gübrələndirmə və suvarma sistemləri ilə təchiz edilmişdir. Burada damcı və çiləmə suvarma üsulundan istifadə edilir. Müasir texnologiyaların tətbiqi bazara rəqabətədavamlı məhsul çıxarılmasına imkan verəcəkdir. Şitillərin tozlandırılması xüsusi işçi arılar vasitəsilə həyata keçirilir ki, bu da məhsuldarlığın təbii yolla artırılmasında və ekoloji təmiz məhsulların istehsalında mühüm amildir. İstehsal prosesində yalnız üzvi gübrədən istifadə olunur. Müəssisədə yaradılan soyuducu anbar isə tələbatdan artıq istehsal olunan məhsulların keyfiyyətinin itirilmədən saxlanılmasına imkan verəcəkdir.
İlkin mərhələdə kompleksdə 21 min xiyar, 105 min pomidor və 18 min çiyələk şitili əkilmişdir. Müəssisənin illik istehsal gücü 1300 tondur. Məhsullar müxtəlif çəkili və gigiyenik qaydalara uyğun taralarda qablaşdırıldıqdan sonra satış məntəqələrinə göndərilir. Gələcəkdə kompleksin sahəsinin genişləndirilməsi və digər tərəvəz məhsullarının yetişdirilməsi də nəzərdə tutulur. Kompleksdə təhlükəsizlik kameraları quraşdırılmış, iş otaqları və yeməkxana istifadəyə verilmişdir. İstixana kompleksində 50 nəfər işlə təmin olunmuşdur.
Ali Məclisin Sədri muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyini bildirmiş, bazarın yerli tərəvəz məhsulları ilə təmin olunması, ekoloji təmiz məhsulların istehsalına diqqətin artırılması və bu sahə ilə məşğul olan sahibkarların fəaliyyətinin dəstəklənməsi barədə aid qurumlara tapşırıqlar vermişdir.
Sahibkar Elçin Bağırov muxtar respublikada sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradıldığını bildirmiş və göstərilən qayğıya görə minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR