08 Yanvar 2025, Çərşənbə

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər ölkəmizin hər yerində, eləcə də Naxçıvan Muxtar Respublikasında bütün sahələrin inkişafına təkan vermişdir. Bu gün Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd­lərdə müasir infrastruktur yaradılmışdır. Həyata keçirilən tədbirlər Şahbuz rayonunu da əhatə etmişdir. Aparılan genişmiqyaslı quruculuq işləri rayonun kəndlərini müasir görkəmə qovuşdurmuşdur. Bu il rayonun Nursu kəndində də kompleks quruculuq işləri aparılmış, yeni sosial obyektlər tikilmişdir.

Şahbuz şəhər-Mahmudoba-Nursu avtomobil yolu yenidən qurulmuşdur

Müasir və rahat yol şəbəkələrinin yaradılması inkişafın başlıca şərtidir. Son illər muxtar respublikada bu məsələyə xüsusi diqqət yetirilir, kənd yollarının inşası və yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, Şahbuz şəhər-Mahmud­oba-Nursu avtomobil yolu əsaslı şəkildə yenidən qurulmuşdur.
Dekabrın 1-də avtomobil yolunun açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada kənd yollarının abadlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən Nursu kəndinə də pay düşdüyünü bildirmiş, bu münasibətlə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, yenidənqurma işlərindən sonra yolda əhalinin və avtomobillərin rahat hərəkəti təmin olunmuş, yaşayış məntəqələri arasında əlaqə yaxşılaşdırılmışdır. Mahmudoba, Nursu kəndlərini və Şahbuz şəhərinin bir hissəsini birləşdirən avtomobil yolunun ümumi uzunluğu 11,2 kilometrdir. Yolda tikinti işləri mühəndis-texniki tələblərə uyğun aparılmış, yol yatağı genişləndirilmiş, asfalt örtük salınmışdır. Layihə çərçivəsində yolun üzərindəki 4 körpü də təmir edilmiş, 48 su keçidi tikilmiş, istinad divarları və 360 metr beton kanal çəkilmişdir.

“Muxtariyyət ili”ndə 14-cü məktəb binası Nursu kəndində istifadəyə verilmişdir

Dekabrın 1-də Nursu kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə çıxış edən məktəbin direktoru Xanəli Əmişov demişdir ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Şahbuz rayonunun kəndləri də günü-gündən inkişaf edir, gənclərin bilikli, vətənpərvər böyüməsi üçün hər cür şərait yaradılır. Kəndlərdə tikilib istifadəyə verilən müasir məktəb binaları təhsilin səviyyəsinin yüksəlməsinə imkan verir. Bütün bunlar isə müəllimlərin məsuliyyətini daha da artırır, gənclərin təlim-tərbiyəsində daha əzmlə çalışmağa ruhlandırır. Xanəli Əmişov Nursu kənd məktəbində yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nursu kənd tam orta məktəbinin müasir tələblər səviyyəsində qurularaq istifadəyə verildiyini bildirmiş, bu münasibətlə məktəbin kollektivini təbrik edərək demişdir: “Təhsil hər bir ölkənin gələcəyidir. Ölkənin gələcəyinin necə olduğunu bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır. Əgər bir ölkənin gəncliyi təhsilli və vətənpərvərdirsə, onun gələcəyi də etibarlı olacaq, həmin ölkə inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutacaqdır”.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Gənclərimizə yüksək təhsil verməklə bərabər, onları əsl vətəndaş kimi böyütməliyik” fikrini xatırladaraq demişdir: “Vətənpərvər gənclik məktəblərdə hazırlanır. Müəllimlər şagirdlərə yüksək təhsil verməklə yanaşı, həm də onlara vətəndaşlıq hissləri aşılamalıdırlar. Bu da gənclərin əsl vətəndaş kimi böyümələrinə, harada yaşamasından asılı olmayaraq, xalqına və ölkəsinə layiqincə xidmət etmələrinə imkan verəcəkdir. Müasir məktəb binalarının tikilib istifadəyə verilməsi də məhz bu məqsədə xidmət edir. Nursu kənd tam orta məktəbində gənclərin hərtərəfli yetişdirilməsi, onların əsl vətəndaş kimi böyüdülməsi üçün hər cür şərait yaradılmış, müasir tədris avadanlıqları quraşdırılmışdır. Məktəbdə yaradılan bu şərait imkan verəcəkdir ki, gənclər qədim və müasir dövr tariximizi ətraflı öyrənsin, ölkəmizdə və dünyada baş verən bütün yenilikləri elektron formada izləsin, bilik və dünya­görüşlərini daha da artırsınlar”.
Ali Məclisin Sədri demişdir: “Ölkəmizdə təhsilin inkişafına lazımi diqqət və qayğı göstərilir. Yeni məktəb binalarının istifadəyə verilməsi, müəllimlərin əməyinin qiymətləndirilməsi təhsilə göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Bütün bu işlər ölkəmizin gələcəyinə hesablanmış tədbirlərdir. Hər bir müəllim bilməlidir ki, o, ölkənin gələcəyini hazırlayır. Hər bir gənc isə bilməlidir ki, o, ölkəmizin gələcəyinə cavabdehdir. Ona görə də Nursu kənd tam orta məktəbində bundan sonra da müəllim tələbkarlığı və şagird çalışqanlığı birgə götürülməli, vətənpərvər və təhsilli gənclər yetişdirilməlidir”.
Nursu kənd tam orta məktəbinin nailiyyətlərinin nümunə gücündə olduğunu qeyd edən Ali Məclisin Sədri kollektivə təşəkkürünü bildirmiş və onlara gələcək tədrisdə uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur.
Məlumat verilmişdir ki, 234 şagird yerlik məktəbdə 3-ü elektron lövhəli olmaqla, 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, şahmat və müəllimlər otaqları, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları istifadəyə verilmişdir.
Məktəbin kitabxana fondunda 1289 latın qrafikalı dərslik və 1185 bədii ədəbiyyat olmaqla, 2474 kitab vardır. Bildirilmişdir ki, məktəblərdə müasir tədris vasitələrinin tətbiqi ilə yanaşı, şagirdlərin kitabxanalara cəlbi də vacib məsələdir. Ona görə də kitabxanada bədii əsərlərin müzakirələri, kitab sərgiləri təşkil olunmalı, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilməlidir.
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə hər bir ölkə­nin intellektual və elmi potensialının vacib göstəricilərindən sayılır. Nursu kənd tam orta məktəbinin kompüter sinfində də 19 kompüter dəsti quraşdırılmış və internetə çıxış təmin edilmişdir.
Məktəblərdə elektron lövhələrin tətbiqi də təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir. Bu avadanlıqların ən mühüm üstünlüklərindən biri də birbaşa internetə çıxış imkanının olmasıdır. Bu da məktəblərin distant tədris şəbəkəsinə qoşulmaqla elektron informasiya mübadiləsi aparılmasına və virtual dərslərin keçilməsinə imkan verir. Məktəbin elektron lövhəli sinfində 192 ümumtəhsil məktəbi ilə Cəlil Məmmədquluzadənin ev-muzeyi arasında videobağlantı qurulmuş və virtual dərs keçilmişdir.
Kimya-biologiya və fizika laboratoriyalarına baxış zamanı qeyd olunmuşdur ki, məktəbdə dəqiq elmlərin tədrisinə xüsusi diqqət yetirilir. Müasir tədris-təcrübə avadanlıqları ilə təchiz olunan laboratoriyalarda yaradılan şərait şagirdlərin keçilən dərsləri daha yaxşı mənimsəməsinə kömək edəcəkdir.
Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların ilkin hərbi vərdişlərə yiyələnməsi də tədris proqramının tərkib hissəsi kimi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə kənd məktəbində hərbi kabinə yaradılmış, müxtəlif məlumat stendləri asılmışdır.
Məktəbin idman zalında da hər cür şərait vardır. Ali Məclisin Sədri bədən tərbiyəsi və idman dərslərinin tədris proqramına uyğun keçilməsinin, şagirdlərin fiziki hazır­lığına diqqətin artırılmasının vacibliyini qeyd etmişdir.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi və nailiyyətlərin daha da artırılması üçün hər cür şərait yaradılmışdır. Müəllimlər yaradılan bu şəraitdən səmərəli istifadə etməli, intellektli və vətənpərvər gənclər yetişdirməlidirlər. Gənclərin vətənpərvər böyüdülməsində əsas amil onlara nümunə göstərməkdir. Bu kəndin yetirməsi olan görkəmli Azərbaycan şairi Məmməd Arazın həyat və yaradıcılığı bu mənada ən yaxşı vətənpərvərlik nümunəsidir.
Məktəbin müəllimi Rizvan Bağırov dağ kəndi olan Nursuda müasir məktəb binasının istifadəyə verilməsini muxtar respublikamızda təhsilə göstərilən qayğının nəticəsi kimi dəyərləndirmiş, yaradılan şəraitə uğurlu nailiyyətlər qazanmaqla cavab verəcəklərini bildirmişdir.
Məktəb binasının həyətində də abadlıq işləri aparılmış, gül kolları və ağaclar əkilmişdir.

Dövlət qurumları yeni kənd mərkəzində fəaliyyət göstərəcəkdir

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nursu Kənd Mərkəzinin də açılışını etmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, kənd mərkəzinin birinci mərtəbəsində kitabxana, rabitə evi, polis sahə və baytarlıq məntəqələri yerləşir. Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, mədəniyyət evi üçün otaqlar və 70 yerlik zal isə binanın ikinci mərtəbəsindədir.
Əhalinin maariflənməsində və asudə vaxtın səmərəli təşkilində əvəzsiz rolu olan kənd kitabxanasında oxucular üçün lazımi şərait yaradılmışdır. Burada 6 min 566 kitab vardır.
Kənd mərkəzindəki rabitə evində poçt şöbəsinin fəaliyyəti təmin olunmuş, yeni nəsil Avtomat Telefon Stansiyası quraşdırılmışdır. Bu da abunəçilərə telefon, videotelefon, IP televiziya, genişzolaqlı internet və digər elektron xidmətlərin göstərilməsinə imkan verəcəkdir.
Binada baytarlıq məntəqəsinin səmərəli fəaliyyəti üçün ayrıca iş otağı ayrılmış, lazımi dərman preparatları qoyulmuşdur. Bu da kənddə mal-qaranın təhlükəli xəstəliklərdən qorunmasında, heyvanlar arasında yoluxucu xəstəliklərin yayılmaması üçün planlı şəkildə epizootiya əleyhinə profilaktik tədbirlərin aparılmasında, heyvandarlıq məhsullarının sanitar keyfiyyətinə nəzarətin həyata keçirilməsində mühüm rol oynayacaqdır.
Kəndin ictimai-mədəni həyatında öz fəallığı ilə seçilən Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 70 üzvü vardır. Onlardan 22-si gənclər, 20-si isə qadınlardır.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün ayrılmış otaqlarda da müasir iş şəraiti yaradılmışdır. Tədbirlər zalında isə ictimai-mədəni tədbirlərin keçirilməsi üçün bütün imkanlar vardır.

Nursu kəndində əhaliyə nümunəvi tibbi xidmət göstəriləcəkdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada da bu vacib sahənin inkişafı diqqət mərkəzində saxlanılır, yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilir.
Dekabrın 1-də Nursu kəndində yeni həkim ambulatoriyasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyanın açılışını etmiş, binada yaradılan şərait və kənddə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti ilə maraqlanmışdır.
Bildirilmişdir ki, iki mərtəbədən ibarət olan binada 11 otaq, o cümlədən stomatoloji kabinə, palata, doğuş, peyvənd, aptek, baş həkim, mama, tibb bacısı, qeydiyyat, müayinə və manipulyasiya otaqları yerləşir. Xəstəxanatipli həkim ambulatoriyası lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuşdur. Hazırda ambulatoriyada 7 tibb işçisi sakinlərə xidmət göstərir. Tibb işçiləri kənddə peyvənd işinin vaxtlı-vaxtında aparılmasına və gigiyenik qaydalara əməl olunmasına, səhiyyə maarifi işinin təşkilinə diqqət yetirirlər.
Ambulatoriyada istilik sistemi quraşdırılmış, binanın həyətində abadlıq işləri aparılmışdır.

Kənddə yeni xidmət mərkəzinin açılışı olmuşdur

Həmin gün Nursuda yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, Nursu kimi dağlıq ərazilərdə yerləşən kəndlərdə bu cür xidmət obyektlərinin tikilib istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Mərkəzin istifadəyə verilməsi həm də kənddə yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Hazırda burada 5 nəfər daimi işlə təmin olunmuşdur.
Mərkəzlə tanışlıqdan sonra Ali Məclisin Sədri sakinlərlə görüşmüşdür.
Kənd ziyalısı Qəzənfər Məmmədov sakinlər adından minnətdarlıq edərək demişdir ki, Nursu kəndi aparılan quruculuq işlərindən sonra öz görkəmini tamamilə dəyişmişdir. Kənddə yeni sosial obyektlərin və Xalq şairi Məmməd Arazın ev-muzeyinin istifadəyə verilməsi sakinlər tərəfindən razılıqla qarşılanır. Çünki ucqar dağ kəndində yaradılan bu şərait dövlətimizin iqtisadi qüdrətinin göstəricisi, eyni zamanda insanlara göstərilən qayğının daha bir ifadəsidir. Hər bir sakin göstərilən bu qayğıya öz əməli işi ilə cavab verəcək, ölkəmizin inkişafında yaxından iştirak edəcəkdir.
Ali Məclisin Sədri Nursu kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Nursu Azərbaycanın ən tanınmış kəndlərindən biridir. Bu kənd Məmməd Araz kimi görkəmli şəxsiyyət yetirmişdir. Kənddə yaşamaq, təsərrüfatla məşğul olmaq üçün hər cür şərait yaradılmış, Nursu muxtar respublikanın abad yaşayış məntəqələrinin sırasına qoşulmuşdur. Bu gün həkim ambulatoriyasının, kənd yolunun, məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi Nursunun hərtərəfli inkişafına hesablanmış tədbirlərdir. Dövlətin və sakinlərin birgə səyi Nursu kəndini bundan sonra daha da inkişaf etdirəcəkdir”.

* * *

Həyata keçirilən abadlıq-quruculuq tədbirləri nəticəsində Nursu kəndinin rabitə, elektrik, qaz və su təchizatı da yenidən qurulmuş, müasir kommunal şərait yaradılmışdır. Şahbuz şəhərindən Nursu kəndinədək 7 kilometr məsafədə fiber-optik, 800 metr yerüstü, 750 metr yeraltı rabitə xətti çəkilmiş, 250 kilovolt-amper gücündə yeni transformator yarımstansiyası quraşdırılmışdır. Həmçinin 210 metr uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yeri dəyişdirilmiş, yeni tikililərə 770 metr uzunluğunda qaz və 720 metr yeni içməli su xətti çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR