Dekabrın 1-də – Xalq şairi Məmməd Arazın anım günündə onun doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində ev-muzeyinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Sonra Ali Məclisin Sədri, şairin ailə üzvləri və tədbir iştirakçıları ədibin muzeyin foyesindəki portretinin önünə gül dəstələri qoymuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xalq şairi Məmməd Arazın ev-muzeyinin açılışı münasibətilə tədbir iştirakçılarını, ziyalıları, muxtar respublikanın ədəbi ictimaiyyətini təbrik edərək demişdir: “Məmməd Araz yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında mühüm mərhələ təşkil edir. Ölkə Prezidenti cənab İlham Əliyev Məmməd Arazın Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini yüksək dəyərləndirərək demişdir: “Ana dilinin bütün incəliklərini özündə toplamış Məmməd Araz poetik irsi gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşması baxımından müstəsna əhəmiyyətə malikdir”.
Ali Məclisin Sədri demişdir: “Şahbuzun Nursu kəndində dünyaya göz açan, ilk təhsilini Nursuda alan Məmməd Araz Azərbaycan Pedaqoji İnstitutunu və Moskvada Ədəbiyyat İnstitutunu bitirmiş, nəşriyyat, qəzet və jurnallarda müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik etmiş, 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olmuşdur. Hansı vəzifədə işləməsindən asılı olmayaraq, Məmməd Arazın həyatı ədəbiyyatın yüksək məramına xidmətdə keçmiş, bu sahədə misilsiz nailiyyətlər qazanaraq Azərbaycan lirikasının poetik zirvəsini fəth etmiş və bu zirvədə əbədi yaşamaq haqqı qazanmışdır.
Məmməd Araz yaradıcılığının bir missiyası vardı. O da poetik Azərbaycan dünyasına xidmətdən, Vətən qarşısında ziyalı borcunu yerinə yetirməkdən ibarət idi. O, bu yolla gedərək Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoymuşdur. Məmməd Araz şerində “Vətən” sözü qürurla səslənir. Onun yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Məmməd Arazın Azərbaycana və onun bir parçası olan Naxçıvana həsr etdiyi şeirlər Vətən mövzusunda ən yaxşı əsərlər kimi dəyərləndirilə bilər. Məmməd Araz düşünən və düşündürən şairdir. O, Azərbaycan poetik-fəlsəfi fikrinin ən yaxşı nümunələrini yaratmışdır. Şairin ötən əsrin 70-ci illərindən başlayaraq qələmə aldığı insan və dünya barədə fəlsəfi düşüncələri böyük tərbiyəvi əhəmiyyətə malikdir. Bu gün misraları zərbi-məsələ, hikmətli sözlərə çevrilən az sayda yaradıcı şəxsiyyət var ki, onlardan biri də Məmməd Arazdır”.
Ali Məclisin Sədri demişdir: “Məmməd Araz Azərbaycandan, həyatın reallıqlarından yazırdı. Lakin o yerdə ki həyatın sərt reallıqları şerin poetik ölçülərinə sığışmırdı, Məmməd Arazın şair qələmi alovlu publisist qələminə çevrilirdi. Onun publisistikası da şeirləri kimi insanı düşündürən və buna görə də uzunömürlük qazanan ciddi yaradıcılıq nümunələridir. Məmməd Arazın qələminə məxsus “Yer üzünün Qarabağ düzü”, “Naxçıvan albomu” publisistik yazıları aradan uzun illər keçməsinə baxmayaraq, bu gün də aktuallığını və müasirliyini itirməyib. Oxucuya yüksək keyfiyyətlər aşılayan Məmməd Araz yaradıcılığı dövrümüzün sənət zirvəsini təşkil edir. Ümummilli liderimiz Heydər Əliyev məhz bu keyfiyyətlərinə görə Məmməd Araz yaradıcılığını yüksək qiymətləndirmiş və demişdir: “Məmməd Araz yaradıcılığının təhlilinə, təbliğinə və tədqiqinə böyük ehtiyac var”. Bu gün görkəmli şairin yaradıcılığının tədqiqi və təbliği məqsədilə onun doğulub boya-başa çatdığı Nursu kəndində ev-muzeyi istifadəyə verilir. Məmməd Arazın anım günündə istifadəyə verilən bu muzey müstəqillik dövrünün Azərbaycanında böyük istiqlalçı və vətəndaş şairin xatirəsinə ehtiramın parlaq ifadəsidir”.
Ali Məclisin Sədri muzeyin Məmməd Araz irsinin öyrədilməsində mühüm xidmətləri olacağına inamını bildirmiş, böyük şairin xatirəsini bir daha ehtiramla yad etmiş, çıxışını ümummilli liderimizin müdrik kəlamları ilə bitirmişdir: “Məmməd Araz Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Məmməd Arazın ev-muzeyinin istifadəyə verilməsini böyük mədəniyyət hadisəsi kimi dəyərləndirərək demişdir: “Böyük sənətkarın zəngin ədəbi fəaliyyəti Azərbaycan poeziyasına bir-birindən dəyərli sənət inciləri bəxş etmişdir. Qüdrətli söz ustası XX əsr Azərbaycan ədəbiyyatında parlaq səhifə açmış, onun əsərləri gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynamışdır. Məmməd Arazın dünya haqqında, Azərbaycan haqqında yazdığı şeirlərin qayəsində ata ocağına məhəbbət xüsusi yer tutur. Bu ocaq Məmməd Araz şerinin düşüncəsini, fəlsəfəsini irəli aparan qüvvətli meyardır. Bu mənada yanaşdıqda, Naxçıvan, bütövlükdə, Məmməd Arazın böyük sənətə çıxış nöqtəsi və hərəkətverici qüvvəsi hesab olunur. O, ömrünün müxtəlif dövrlərində qələmə aldığı əsərləri ilə Azərbaycanda vətənpərvərlik ədəbiyyatının əsasını qoymuş və bunu vətəndaşlıq missiyası səviyyəsinə yüksəltməyi bacarmışdır. Ədibin “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı” misrası, ümumilikdə, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının epiqrafıdır”.
Qeyd olunmuşdur ki, Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılması ümummilli liderimiz Heydər Əliyevin sənətə, sənətkara, ziyalılara, ədəbiyyata göstərdiyi böyük hörmət ənənələrinin daha bir təntənəsidir. Eyni zamanda bu muzey binasının istifadəyə verilməsi ölkə Prezidenti cənab İlham Əliyevin “Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında”kı Sərəncamının icrası istiqamətində görülən işlərə ən layiqli töhfədir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev demişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətində ədəbiyyat və mədəniyyət məsələləri mühüm yer tutmuşdur. Ulu öndərimiz həm Məmməd Arazın şəxsiyyətinə, həm də böyük istedadına, bənzərsiz sənətinə daim yüksək qiymət vermiş, Xalq şairini “İstiqlal” ordeni ilə təltif etmişdir. Ümummilli liderimizin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də görkəmli şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq 2013-cü il sentyabrın 27-də “Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Ötən il şairin 80 illik yubileyi ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunmuşdur. Muxtar respublikamızın rayonlarında, elm, təhsil və mədəniyyət müəssisələrində, yaradıcılıq təşkilatlarında tədbirlər keçirilmiş, şairin əsərlərindən ibarət sərgilər təşkil edilmiş, Naxçıvan şəhərindəki küçələrdən birinə Xalq şairi Məmməd Arazın adı verilmişdir. Bundan əlavə, Məmməd Arazın 80 illik yubileyi ilə əlaqədar poçt markası buraxılmış, elmi konfranslar keçirilmiş, “Məmməd Araz: taleyi və sənəti” məqalələr toplusu çap olunmuş, “Naxçıvan” jurnalının bir nömrəsi böyük şairə həsr olunmuşdur. Bu gün Məmməd Arazın ev-muzeyinin istifadəyə verilməsi isə istiqlal şairinin zəngin ədəbi irsinə ən böyük ehtiramın və hörmətin ifadəsidir.
İsmayıl Hacıyev Məmməd Araz irsinin öyrənilməsi istiqamətində həyata keçirdiyi tədbirlərə və ev-muzeyinin istifadəyə verilməsinə görə muxtar respublikanın yaradıcı ziyalıları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar qeyd etmişdir ki, poeziyamızda öz səsi, öz nəfəsi ilə seçilən Məmməd Arazın əbədiyyətə qovuşmasından 10 il keçir. Lakin bu gün şairin doğma kəndində ev-muzeyinin istifadəyə verilməsi ilə Məmməd Araz yenidən doğulur, yenidən dünyaya gəlir. 50 ildən artıq bədii yaradıcılıqla məşğul olan şairin əsərləri ona geniş oxucu rəğbəti qazandırmışdır. O, dilimizin bütün poetik imkanlarını üzə çıxarmağa çalışmış, öz əsərlərində bir sıra yeni sözlər, ifadələr işlətmişdir. Şairin Naxçıvana həsr etdiyi bir neçə şerində onun doğulub boya-başa çatdığı qədim diyara sonsuz sevgisi və məhəbbəti görünür. Ötən əsrin 80-90-cı illərində Məmməd Araz poeziyası yeni bir mərhələyə qədəm qoydu. Bu dövrdə o, bir şair kimi xalqın ən çox sevilən sənətkarına çevrildi, hər bir şeri böyük sevgi və rəğbətlə qarşılandı. Məmməd Arazı digər şairlərdən fərqləndirən əsas cəhətlərdən biri də məhz onun bu dövrdə yaratdığı vətəndaşlıq poeziyasıdır.
Xalq şairi Məmməd Arazın həyat yoldaşı Gülxanım İbrahimova Məmməd Araz irsinin yaşadılmasına göstərdiyi diqqət və qayğıya görə ailə üzvləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir. Gülxanım İbrahimova demişdir ki, muxtar respublikada şairin irsinə daim yüksək qayğı göstərilmişdir. Ədibin yubileyləri Naxçıvanda geniş qeyd olunmuş, kitablarının təqdimat mərasimi keçirilmişdir. Gülxanım İbrahimova şairin doğma kəndi olan Nursuda ev-muzeyinin istifadəyə verilməsinin də Məmməd Araz yaradıcılığına verilən qiymət kimi yüksək dəyərə malik olduğunu bildirmişdir.
Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları muzeydə yaradılan şəraitlə tanış olmuş, ekspozisiya zalında sərgilənən eksponatlara baxmışlar.
Muzey binası iki mərtəbədən ibarətdir. Burada muzey işinin səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır. Xalq şairi Məmməd Arazın zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzey ədibin həyat və yaradıcılığı haqda geniş məlumat almağa imkan verir. Ekspozisiyada şairin müxtəlif illərdə nəşr olunan, eləcə də görkəmli sənət ustasının həyat və yaradıcılığından bəhs edən kitablar, mənalı həyat yolunun müxtəlif dövrlərini əks etdirən fotoşəkillər sərgilənir.
Ali Məclisin Sədri Məmməd Araz yaradıcılığının ətraflı tədqiq olunması, muzeylə ümumtəhsil məktəbləri arasında virtual dərslərin keçilməsi və şairin irsinin layiqincə təbliğ edilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
Muzey binası ilə tanışlıqdan sonra Ali Məclisin Sədri Xalq şairi Məmməd Arazın ailə üzvləri və iştirakçılarla birlikdə xatirə şəkli çəkdirmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti