Dizə kənd məktəbi müasir binada fəaliyyət göstərəcəkdir
Noyabrın 22-də Dizə kənd tam orta məktəbinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Məktəbin direktoru Cəmilə Məmmədova çıxış edərək demişdir ki, bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində, eləcə də Şərur rayonunda müasir təhsil infrastrukturu yaradılmışdır. Dizə kənd məktəbinin yenidən qurulması da bu sahədə görülən işlərin tərkib hissəsidir. Yaradılan şərait pedaqoji kollektiv üzərinə daha böyük vəzifələr qoyur, gənclərin hərtərəfli təhsil almasına imkan verir. Cəmilə Məmmədova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dizə kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Ölkəmizdə həyata keçirilən tədbirlər sırasında təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir, təhsilli, vətənpərvər, ixtisaslı və peşə hazırlığına malik olan gənclərin yetişdirilməsi diqqət mərkəzində saxlanılır. Çünki təhsilə qoyulan sərmayə ölkəmizin gələcəyinə qoyulan sərmayədir”.
Ümummilli liderimiz Heydər Əliyevin “Təhsil milli məqsədlər, mənafelər əsasında qurulmalıdır” fikrini xatırladan Ali Məclisin Sədri demişdir: “Vətənpərvər və təhsilli gənc həm ölkə, həm də cəmiyyət üçün faydalıdır. Ona görə də gənclərin vətənpərvər böyüdülməsi, onların peşə sahibi olması vacib məsələdir. Bu gün məktəblərdə təhsil alan hər bir gənc vətənpərvər böyüdülməli, onlara ölkəmizin gələcək təminatçıları kimi yanaşılmalı, hər bir gəncin bacarıq və maraqlarına uyğun ixtisaslara yönəldilməsi diqqət mərkəzində saxlanılmalıdır”.
Qeyd olunmuşdur ki, ölkəmizdə bu tədbirlərin həyata keçirilməsi üçün hər cür şərait yaradılmış, orta, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə tədrisin təşkili təmin olunmuşdur. Bu imkanlardan lazımınca yararlanan, daha yaxşı bilik alan gənclər xarici ölkələrdə ali təhsil almağa göndərilirlər. Yaradılan bu şərait və göstərilən qayğı müəllim və şagirdlər qarşısında mühüm vəzifələr qoyur. Müəllimlər ölkəmizin gələcəyini hazırlamaq kimi mühüm bir vəzifənin məsuliyyətini dərk etməli, gənclərimiz isə ölkəmizin gələcək təminatçıları kimi yetişməlidir.
Ali Məclisin Sədri demişdir: “Bu gün Dizə kənd tam orta məktəbində lazımi şərait yaradılmış, məktəb müasir təhsil sisteminin tələbləri səviyyəsində qurulmuş, zəruri tədris avadanlıqları ilə təmin olunmuşdur. Bütün bunlar da qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir. Ötən tədris ilində məktəbin qazandığı nailiyyətlər tədrisin düzgün qurulması nəticəsində mümkün olmuşdur. Nizam-intizam, müəllim tələbkarlığı və şagird çalışqanlığı gələcəkdə Dizə kənd tam orta məktəbini muxtar respublikanın nümunəvi ümumtəhsil məktəblərindən birinə çevirəcəkdir”.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkürünü bildirmiş, onlara təhsildə uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsilmiş, məktəb binasına baxış olmuşdur.
Bildirilmişdir ki, 234 şagird yerlik məktəbdə geniş sinif otaqları, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, şahmat, müəllimlər otaqları, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.
Məktəbin zəngin fonda malik olan kitabxanası şagirdlərin elmin sirlərinə dərindən bələd olmalarına geniş imkanlar açır. Kitabxanada 4700-ə yaxın dərslik və bədii ədəbiyyat vardır. Baxış zamanı şagirdlərin dünyagörüşünün formalaşmasında bədii ədəbiyyatlardan mütaliənin əhəmiyyəti qeyd olunmuşdur.
Məktəbdə informasiya texnologiyaları ilə təminata xüsusi diqqət yetirilmişdir. Kompüter otağında 19 kompüter dəsti quraşdırılmış və onların internetə çıxışı təmin edilmişdir. Dərslərin müasir metodlar əsasında təşkili üçün 3 sinif otağında elektron lövhə quraşdırılmışdır. Bu cür müasir tədris avadanlıqlarının tətbiqi Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin yaradılmasına, şagirdlərin biliklərinin və milli-mənəvi irsimizə marağının artırılmasına imkan verir. Ali Məclisin Sədri muxtar respublikanın 176 ümumtəhsil məktəbi ilə Hüseyn Cavidin ev-muzeyi arasında videobağlantı vasitəsilə keçilən dərsi izləmişdir.
Kimya-biologiya və fizika laboratoriyalarında lazımi cihazlar, tədris vəsaitləri qoyulmuş, təcrübi məşğələlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Bütün bunlar şagirdlərin biliklərinin təcrübə yolu ilə möhkəmləndirilməsinə və intellektual səviyyələrinin artırılmasına öz töhfəsini verəcəkdir.
2013-2014-cü dərs ilində məktəbi bitirən məzunlardan 5-i ali məktəblərə, 1-i IX sinif bazasından orta ixtisas məktəbinə, 2 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.
Muxtar respublikada gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, onların idmana olan marağının artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Bu işə ümumtəhsil məktəblərində də xüsusi diqqət yetirilir. Dizə kənd tam orta məktəbinin idman zalındakı şərait, həmçinin açıq idman qurğuları bədən tərbiyəsi dərslərinin yüksək səviyyədə tədrisinə imkan verəcəkdir. Hər cür təchizata malik olan hərbi kabinədə isə şagirdlər ilkin hərbi biliklərə yiyələnəcəklər.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir: “Dizə kənd orta məktəbi müasir tədrisin tələbləri səviyyəsində qurulmuşdur. Ona görə də müəllimlər özləri də bu tədris vəsaitlərini öyrənməlidirlər ki, şagirdlərə də öyrədə bilsinlər. Vətənpərvər və təhsilli olan gənc hansı sahədə çalışmasından asılı olmayaraq ölkəmizə sədaqətlə xidmət edəcəkdir”.
Məktəbin müəllimi Rüxsarə Əliyeva minnətdarlıq edərək demişdir ki, istifadəyə verilən hər bir müasir məktəb binası Vətənimizə, xalqımıza xidmətin daha bir ifadəsidir. Hər bir ölkənin inkişafı, ilk növbədə, onun təhsilinin səviyyəsi ilə ölçülür. Bu gün muxtar respublikamızda təhsilin hərtərəfli inkişafı üçün kompleks işlər görülür, hər cür maddi-texniki bazaya malik məktəb binaları tikilib istifadəyə verilir. Müəllimlər yaradılan bu şəraitə öz səmərəli fəaliyyətləri ilə cavab verəcək, təhsilli və vətənpərvər gənclər yetişdirəcəklər.
Məktəb binasının həyətində də geniş abadlıq işləri aparılmış, işıqlandırma sistemi quraşdırılmış, ağac və gül kolları əkilmişdir.
Dizə Kənd Mərkəzi istifadəyə verilmişdir
Dizə kəndində tikilən yeni kənd mərkəzi ayrı-ayrı dövlət strukturlarının vahid mərkəzdə fəaliyyətinə şərait yaradacaqdır. Artıq dövlət qurumları tərəfindən kənd sakinlərinə daha səmərəli xidmət göstəriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışını etmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
İki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, kitabxana, baytarlıq və polis sahə məntəqələri, kənd mədəniyyət evi, klub və 70 yerlik tədbirlər zalı yerləşir. Özünəməxsus üslubda tikilən binanın işıqlı foyesi, geniş və yaraşıqlı iş otaqları vardır. Tədbirlər zalında ictimai-mədəni tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb.
Binada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və kənd bələdiyyəsinin fəaliyyəti üçün hər cür şərait vardır. Rabitə evində quraşdırılan yeni nəsil ATS və poçt şöbəsi əhaliyə müvafiq xidmət göstərəcəkdir.
Yeni Azərbaycan Partiyası Dizə kənd ərazi ilk təşkilatı üçün də ayrıca iş otağı ayrılmışdır. Baxış zamanı qeyd olunmuşdur ki, ərazi ilk təşkilatının 167 üzvü vardır. Onlardan 37-si qadın, 39-u isə gənclərdir.
Mərkəzin birinci mərtəbəsində yerləşən zəngin kitabxanada 5705 kitab vardır. Onlardan 1106-sı latın, 4599-u kiril əlifbası ilə çap olunmuş bədii ədəbiyyatlardır. Binada baytarlıq və polis sahə məntəqələri üçün də nümunəvi iş şəraiti yaradılmışdır.
Dizə kəndində xəstəxanatipli yeni həkim ambulatoriyası tikilmişdir
Muxtar respublikada səhiyyə sahəsində aparılan quruculuq tədbirləri əhalinin sağlamlığının qorunmasına xidmət edir. Son illər kəndlərdə digər sosial obyektlərlə yanaşı, müasir tibb ocaqlarının da istifadəyə verilməsi sakinlərə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinə şərait yaratmışdır.
Noyabrın 22-də Dizə kəndində həkim ambulatoriyasının açılışı olmuşdur.
Ali Məclisin Sədri ambulatoriyada yaradılan şərait və əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti ilə maraqlanmışdır.
İkimərtəbəli ambulatoriya binası 11 otaqdan ibarətdir. Burada qeydiyyat, stomatoloji kabinə, peyvənd, doğuş, müayinə, mama, palata və manipulyasiya otaqları, aptek vardır. Otaqların hər birinin təyinatına uyğun müasir avadanlıqlarla təchiz olunması tibbi xidmətin nümunəvi təşkilinə imkan verəcəkdir. Hazırda ambulatoriyada 7 nəfər çalışır.
Ali Məclisin Sədri uşaqların dispanserizasiyasının təşkilinin əhəmiyyətini vurğulamış, gigiyenik qaydalara əməl olunması və profilaktik tədbirlərin vaxtlı-vaxtında aparılması barədə tapşırıqlar vermişdir.
Xidmət mərkəzində nümunəvi şərait yaradılmışdır
Həmin gün Dizə kəndində yeni xidmət mərkəzinin də açılışı olmuşdur.
Xidmət mərkəzində yaradılan şəraitlə maraqlanan Ali Məclisin Sədrinə məlumat verilmişdir ki, mərkəzdə ərzaq və təsərrüfat malları mağazaları, ət satışı yeri, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərir. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, aparılan quruculuq işləri nəticəsində Dizə kəndi də muxtar respublikanın abad kənd yaşayış məntəqələrinin sırasına qoşulmuşdur. Bu gün kənd sakinlərinin bütün sosial problemləri həll olunmuşdur. Həyata keçirilən tədbirlər kənddə uşaqların yaxşı təhsil almasına, sakinlərin sağlamlığının qorunmasına, dövlət qurumlarının səmərəli fəaliyyətinə imkan verəcəkdir. Həmçinin kənddə elektrik enerjisinin və təbii qazın davamlı olması üçün tədbirlər görülmüş, kənd yolu müasir tələblər səviyyəsində yenidən qurulmuş, içməli su xətti çəkilmişdir. Bütün bunlar dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir. Sakinlər də bu yaradılanlardan, qurulanlardan səmərəli istifadə etməli, onların qorunub saxlanmasında fəallıq göstərməlidirlər.
Kənd sakini Suliddin Fərəcov qeyd etmişdir ki, son illər Dizə kəndində geniş quruculuq işləri aparılmışdır. Kənd körpüsü yenidən qurulmuş, sosial qayğıya ehtiyacı olan ailələr üçün fərdi evlər tikilmiş, nasos stansiyası istifadəyə verilmişdir. Aparılan quruculuq işlərinin davamı olaraq bu gün kənddə yeni sosial obyektlər istifadəyə verilir. Görülən bu işlər ölkəmizdə ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Suliddin Fərəcov kənd sakinləri adından yaradılan şəraitə görə minnətdarlıq etmiş, qurulanlardan, yaradılanlardan səmərəli istifadə edəcəklərinə söz vermişdir.
* * *
Aparılan tikinti-quruculuq işləri çərçivəsində 2 kilometrlik kənddaxili yola yeni asfalt örtük salınmış, 28 su keçidi, 530 metr uzunluğunda beton kanal tikilmiş, yolun kənarları boyunca hasarlar çəkilmişdir. Həmçinin kəndin rabitə sistemi də müasirləşdirilmiş, 1 kilometr fiber-optik, 2 kilometr yeraltı və 9 kilometrdən artıq yerüstü kabellər çəkilmişdir. Kəndin elektrik təchizatı da yaxşılaşdırılmış, 5 min metr uzunluğunda elektrik xətti yenilənmiş, 250 kilovolt-amper gücündə transformator yarımstansiyası əsaslı təmir olunmuşdur. Bununla yanaşı, 350 metr uzunluğunda müxtəlif diametrli qaz xəttinin yeri dəyişdirilmiş, yeni tikililərə 270 metr uzunluğunda qaz xətti çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti