Hörmətli konfrans iştirakçıları!
Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü tamam olur. Bu münasibətlə sizi və bütün partiya üzvlərini təbrik edirəm!
Ümummilli liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaradarkən qarşıya bir məqsəd qoymuşdu: Azərbaycanı yaşatmaq və daha da inkişaf etdirmək. Ölkəmiz üçün olduqca ağır bir dövrdə verilən bu qərar Azərbaycanın bir dövlət kimi yox olmaq təhlükəsinin qarşısını almış, partiyamız isə inkişaf edərək Azərbaycan cəmiyyətinin həyatında aparıcı siyasi qüvvəyə çevrilmişdir.
Bu tarixi gündə partiyamızın və müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu şad olsun deyirik.
Müdriklər böyük dövlət xadimləri və qurucu şəxsiyyətlər haqqında deyirdilər: “Həqiqi dövlət xadiminin üstün keyfiyyəti ondadır ki, hər bir zərurətdən millət üçün fayda götürməyi bacarsın, hətta şəraitin ən qorxunc axarını belə, xalqın və dövlətin xeyrinə dəyişdirə bilsin”. Ümummilli liderimiz müstəqilliyimizi qorumaq və daha da möhkəmləndirmək, ölkənin parçalanmasının qarşısını almaq və düşdüyü ağır sosial-iqtisadi böhrandan xilas etmək üçün möhkəm təmələ söykənən ideologiya əsasında Yeni Azərbaycan Partiyasını yaratmış və siyasi fəaliyyət müstəvisinə çıxarmışdır.
Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatında gərgin proseslərin getdiyi bir dövrdə yarandı. Partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyev həmin dövrdə dahi şəxsiyyətin dövlət müstəqilliyimizin qorunması və Azərbaycanda siyasi sistemin formalaşması istiqamətindəki fəaliyyəti barədə danışaraq demişdir: “Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun burada keçirilməməsi – bütün bu amillər, əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə-on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır”.
Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Partiyamızın yaradılmasından ötən 22 illik zaman bir daha göstərdi ki, müstəqil Azərbaycanın inkişafı yalnız ulu öndərimizin müəyyənləşdirdiyi siyasi-hüquqi konsepsiya və sosial-iqtisadi tərəqqi modeli əsasında mümkündür.
Bu inkişaf modelinin əsası ötən əsrin 70-ci illərindən qoyulmuşdur. Ulu öndərimiz hələ o zaman Azərbaycanın müstəqilliyini düşünmüş, bu məqsədlə ölkəmizdə güclü iqtisadi baza və ixtisaslı kadr potensialı yaratmışdır. İndi tam əminliklə demək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici-iqtisadi əlaqələri, dünya iqtisadiyyatına daha dərindən inteqrasiyası 1969-1982-ci illərdə təməli qoyulmuş bazaya və potensiala əsaslanır. Həmin dövrdə Azərbaycan inkişaf edərək elmi-mədəni və sosial infrastrukturu, milli kadr potensialı formalaşmış respublikaya çevrilməsəydi, müstəqillik dövrünün Azərbaycanı onu gözləyən problemlərin öhdəsindən bu qədər asanlıqla gələ bilməz, regionda tam müstəqil ölkə kimi inkişaf edə və tərəqqiyə qovuşa bilməzdi.
Ümummilli liderimiz o dövrdə yaranan imkanlardan istifadə etməklə Azərbaycanı Azərbaycana qaytarmış, ölkəmiz ittifaq dövlətinin aqrar əlavəsindən sənaye kompleksinin, tikintinin, elmin, təhsilin, səhiyyə və mədəniyyətin yüksək inkişaf həddinə çatdığı qabaqcıl respublikaya çevrilmişdi. Ulu öndərimizin Azərbaycanda hakimiyyətinin birinci dövrünü əhatə edən 14 il ərzində yeni zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verilmiş, kimya və neft maşınqayırma sənayesi müəssisələri tamamilə yenidən qurulmuş, yeni mikrorayonlar, qəsəbə və şəhərlər salınmışdı. Qısa müddətdə elektronika, radiotexnika, kosmik, aviasiya, hesablama texnikası istiqamətli obyektlərin yaradılması Azərbaycanın gələcəyinə istiqamətlənmiş müdrik siyasətin nəticələri idi.
Əgər ümummilli liderimiz Azərbaycana rəhbərliyinin birinci dövründə partiya rəhbəri kimi sovet beynəlmiləlçilik şüarını milli maraqlara tabe etdirərək Azərbaycanın inkişafına nail olmuş və onu müstəqilliyə hazırlamışdırsa, müstəqillik dövründə siyasi sistemə güclü təsir imkanına malik olan partiya yaratmaqla əldən getməkdə olan müstəqilliyi daha da möhkəmləndirmiş, Azərbaycanı müstəqil dövlətə çevirmişdir. Tarix bu missiya üçün çox da asan olmayan bir dövrü seçmişdi. 1990-1993-cü illərin Azərbaycanı ağır günlərini yaşayırdı. 90-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış Azərbaycan böyük güc mərkəzlərinin rəqabət meydanına çevrilmiş, parçalanmaq və tarix səhnəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. Hərbi, siyasi, iqtisadi və dövlət hakimiyyəti böhranı getdikcə dərinləşir, əhalinin sabaha inamı itirdi.
Bu dövrdə xalq onun arzusunda idi ki, əsrlər boyu həsrətində olduğu dövlət müstəqilliyi qorunub saxlansın. O zamankı hakimiyyət isə bunu bacarmırdı. Xalq sabitlik, əmin-amanlıq istəyirdi. Ölkədə isə anarxiya baş alıb gedirdi. Azərbaycan məqsədli şəkildə vətəndaş qarşıdurmasına sürüklənirdi.
Ümummilli liderimizin “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik” münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: “Vəziyyət elə təhlükəli xarakter almışdı ki, 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkandan yaranmış müstəqil dövlətimiz qəsdən və yaxud səriştəsizlikdən yaranan idarəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan “ölüm və ya olum” dilemması qarşısında qalmışdı”.
Belə bir şəraitdə qüdrətli liderə və liderin ətrafında birləşmiş güclü siyasi təşkilata ehtiyac bütün kəskinliyi ilə ortaya çıxdı. Həmin dövrdə bu ağır və şərəfli missiyanı yalnız və yalnız ümummilli liderimiz Heydər Əliyev öz üzərinə götürə bilərdi. Mövcud hakimiyyətsizlikdən, özbaşınalıqdan yorulmuş xalq Azərbaycanın xilasını Heydər Əliyevdə görür, ümidlərini ona bağlayırdı. Bu inamın kökündə ümummilli liderimizin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası dayanırdı.
Beləliklə, 1992-ci il oktyabrın 16-da Naxçıvanı öz qurucu fəaliyyəti ilə Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəsinin güc mərkəzinə çevirən ümummilli liderimizə xalqın mütləq əksəriyyətinin siyasi iradəsini özündə əks etdirən “Azərbaycan Sizi gözləyir” müraciəti ünvanlandı. Tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar tərəfindən imzalanmış həmin müraciətdə deyilirdi: “Siz bu gün siyasi, iqtisadi, hərbi və mənəvi blokadada olan Naxçıvan Muxtar Respublikasını məhz öz şəxsi nüfuzunuz və uzaqgörən diplomatik səriştənizlə qoruyub saxlayır və idarə edirsiniz... İstərdik ki, bu işləri bütün Azərbaycan üçün görəsiniz... Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Ümummilli lider müraciətə 8 gündən sonra “Yeni, müstəqil Azərbaycan uğrunda” çağırışı ilə başlayan tarixi cavabını verdi. 1992-ci il oktyabrın 24-də mətbuatda dərc olunmuş cavab məktubunda ulu öndər yaranmış vəziyyətdən çıxış yolunu milli dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasında, Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin təmin edilməsində və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraitinin yaradılmasında görürdü. Bununla yanaşı, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün qanunun aliliyinin təmin olunması, demokratiyanın ardıcıl inkişafı, insan hüquqlarına hörmət qoyulması kimi prinsipial məsələlərin bərqərar olunması vacibliyinə diqqət çəkən ümummilli liderimiz cavab məktubunda qeyd edirdi ki: “Müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur”.
Bu tarixi cavabdan sonra, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. O vaxtkı hakimiyyət partiyanın Bakı şəhərində təşkilatlanmasına imkan vermədiyindən, ölkəmizin müxtəlif bölgələrindən gəlmiş 550-dən artıq nümayəndənin iştirak etdiyi təsis konfransı blokada vəziyyətinə görə lazımi səviyyədə isidilməyən və işıqlandırılmayan Naxçıvan Dövlət Dram Teatrının bu zalında keçirildi. Ulu öndərimiz həmin günü belə xatırlayırdı: “Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi”.
Xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə meydana çıxan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ulu öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması iyirminci əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi.
Göründüyü kimi, partiyamızın yaranması bir tərəfdən Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, ağır böhranın nəticələrinin aradan qaldırılması ilə bağlıdırsa, ikinci tərəfdən bu, ulu öndərə olan sonsuz xalq etimadının, onun böyük partiya və dövlətçilik təcrübəsinə inamın, sadə azərbaycanlıların yaddaşında kök salmış qurucu lider və xilaskar obrazının bilavasitə təsiri ilə bağlıdır. Heydər Əliyev şəxsiyyəti olmasaydı, Yeni Azərbaycan Partiyasının yaranması, təşkilatlanması və hakim partiya statusu qazanması da mümkün olmayacaqdı. Ulu öndərimiz Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi şəraitin diktəsi ilə meydana gələn zərurət kimi xarakterizə edərək demişdir: “Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
Yeni Azərbaycan Partiyasının təsis edilməsindən 7 ay sonra dahi liderin ali hakimiyyətə ikinci qayıdışı ölkənin düşdüyü ağır problemlərdən xilasının başlanğıcı oldu. Hakim partiya kimi Yeni Azərbaycan Partiyası qısa zamanda sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi Azərbaycan dövləti və vətəndaş cəmiyyəti quruculuğu prosesini həyata keçirən real siyasi qüvvə kimi özünü təsdiq etdirdi. Bu yolla gedərək müxalifət partiyasından qüdrətli hakim partiyaya, siyasi partiyadan güclü ümumxalq partiyasına çevrildi.
İstənilən siyasi partiyanın taleyi, ilk növbədə, onun ideyalarının ictimai dəyəri ilə ölçülür. Müasir Azərbaycan siyasi mühitində Yeni Azərbaycan Partiyası ilə müqayisə oluna biləcək bir partiya, Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik olan kütləvi və dayanıqlı, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya yoxdur!
Partiyamızın gücü nədədir? Ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının gücünü belə xarakterizə edir: “Yeni Azərbaycan Partiyasının gücü, ilk növbədə, onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.
Yeni Azərbaycan Partiyasının gücü həm də onun ideyalarının və cəmiyyət həyatının ən müxtəlif məsələlərinə dair baxışlarının məhdud zaman çərçivəsinə deyil, uzun bir dövrə və tarixi proseslərə hesablanmasındadır. Məhz bu amili əsas götürərək ümummilli liderimiz deyirdi ki: “Yeni Azərbaycan Partiyası Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyasıdır”.
Yeni Azərbaycan Partiyasının gücü onun ideyalarının varisliyindədir. Böyük dövlət xadimi Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına Müraciətində yazırdı ki: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcəkdir... Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın layiqli övladlarını öz ətrafında birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”.
Bu gün Yeni Azərbaycan Partiyasının qüdrəti öz əksini ulu öndərimizin tarixi prosesləri qabaqlayan müdrikliyində və ölkə Prezidenti cənab İlham Əliyevin liderlik keyfiyyətlərində tapmışdır. Ölkə başçısı kimi partiya sədrimiz tərəfindən gerçəkləşdirilən böyük iqtisadi layihələr, beynəlxalq aləmdə qazanılan uğurlar, dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsi, həyata keçirilən uğurlu milli dirçəliş və dövlətçilik siyasəti eyni zamanda Yeni Azərbaycan Partiyasının real gücünün ifadəsidir. Heydər Əliyev yolunun, ulu öndərin milli dövlətçilik konsepsiyasının uğurla davam etdirilməsi müstəqil Azərbaycanı əsl tərəqqiyə qovuşdurmuşdur.
Bu nailiyyətlər partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyətində də özünü göstərməkdədir. Ötən dövrlər ərzində ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərə sadiq qalan Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı yüksək inkişaf və təşkilatlanma yolu keçmiş, partiyamızın sıraları cəmiyyətin bütün təbəqələrindən olan üzvlər hesabına genişlənmişdir. Əgər 1992-ci ildə partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının sırasında 1118 üzv vardısa, hal-hazırda partiyanın muxtar respublika təşkilatı öz sıralarında 51 mindən çox üzvü birləşdirmişdir. Başqa sözlə, partiyanın muxtar respublika təşkilatı üzvlərinin sayı 46 dəfə artmışdır. Bu, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə, siyasi fəlsəfəsinə sədaqət və ehtiramın, ölkə Prezidenti tərəfindən həyata keçirilən siyasətə dərin inamın və etibarın ifadəsidir.
Partiyanın muxtar respublika təşkilatının say tərkibi onun nə qədər geniş sosial bazaya malik olduğunu göstərir. Partiya üzvlərinin 21 min nəfərdən çoxunu qadınlar, 22 minə yaxınını isə gənclər təşkil edir. Yeni Azərbaycan Partiyasının dördüncü konfransının keçirildiyi 2009-cu illə müqayisədə partiya üzvü olan qadınların sayı 22 faiz, gənclərin sayı isə 17 faiz artmışdır. Partiyamızın mühüm keyfiyyətlərindən biri də sıramızda alimlərin, ziyalıların, intellektual səviyyəli insanların çoxluq təşkil etməsidir. Bu gün partiyanın muxtar respublika təşkilatı üzvlərinin 35 faizini ali, 23 faizini isə orta ixtisas təhsillilər təşkil edir.
Muxtar respublikada partiyamızın fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün şəhər və rayon, eləcə də muxtar respublika təşkilatında müasir tələblərə cavab verən iş şəraiti yaradılmış, inzibati binalar tikilmiş və ya əsaslı təmir olunmuşdur. Bundan başqa, yeni yaradılan kənd mərkəzlərində partiya ərazi ilk təşkilatları da ayrıca iş otaqları ilə təmin edilirlər. Bir sözlə, partiyamızın muxtar respublika təşkilatı ideya-təbliğat və təşkilati fəaliyyəti həyata keçirmək üçün bütün imkanlara malikdir.
Partiya təbliğatı hakim partiyanın fəal təşkilatçılığı ilə həyata keçirilən irimiqyaslı quruculuq tədbirlərinə uyğun qurulmalıdır. Çünki biz digər siyasi qurumlardan fərqli olaraq, şüarçılıqla yox, real işlə məşğul oluruq. Partiyanın muxtar respublika təşkilatının 2009-cu ildə keçirilmiş dördüncü konfransı ilə onun beşinci konfransı arasında olan müddət ərzində əldə olunan nailiyyətlər bu siyasətin düzgünlüyünü, Heydər Əliyev quruculuq xəttinin yaradıcı gücünü nümayiş etdirir.
Partiyamızın dördüncü konfransından ötən 5 il ərzində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 2,4 dəfə artmışdır. Bu dövrdə Ümumi Daxili Məhsul istehsalı 2 milyard 339 milyon manata çatmışdır. Sənaye məhsulu istehsalının həcmi 3,4 dəfə, əsas kapitala investisiya qoyuluşu 1,7 dəfə çoxalmışdır. 2010-2014-cü illər ərzində muxtar respublika üzrə 2 min 688 müxtəliftəyinatlı obyekt tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmiş, sahibkarlığın inkişafına diqqət artırılmış, 402 yeni istehsal və xidmət sahəsi yaradılmışdır. Bu sahələr bir tərəfdən muxtar respublikada 336 növdə məhsula olan tələbatın daxili imkanlar hesabına ödənilməsinə şərait yaradırsa, digər tərəfdən məşğulluq səviyyəsinin artırılmasına da öz təsirini göstərir. Belə ki, qeyd olunan dövrdə 20 min 257 yeni iş yeri açılmışdır ki, onun da 18 min 384-ü, yaxud 91 faizi daimi iş yerləridir.
Hesabat dövründə aqrar sektorun inkişafı da diqqət mərkəzində saxlanmış, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 1,5 dəfə artmışdır. Əkinçilik və heyvandarlıq inkişaf etdirilmiş, qədim ənənələrə malik olan arıçılıq və quşçuluq dirçəldilmişdir.
Sosial sahə qayğı ilə əhatə olunmuş, 28 min 322 şagird yerlik 71 orta məktəb binası, 62 səhiyyə müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. İnfrastrukturun formalaşması sahəsində görülən tədbirlər davam etdirilmiş, 46 körpü tikilmiş və ya əsaslı təmir olunmuş, ən müasir tələblərə cavab verən yeni avtomobil yolları salınmışdır.
Ötən 5 ildə əhalinin yaşayış səviyyəsi yaxşılaşmış, hər nəfərə düşən gəlirlərin həcmi 1,2 dəfə, orta aylıq əməkhaqqı isə 1,4 dəfə artmışdır. Həyat səviyyəsinin yaxşılaşmasını belə bir fakt da təsdiq edir ki, 2009-cu ildə əhalinin şəxsi vəsaiti hesabına 132 min kvadratmetr yaşayış sahəsi tikilmişdirsə, 2014-cü ilin ötən dövründə bu göstərici 2,7 dəfə artaraq 358 min kvadratmetr olmuşdur.
Bu inkişaf, öz növbəsində, muxtar respublikada demoqrafik inkişafa, əhali artımına və məskunlaşmaya da öz təsirini göstərmiş, son 5 ildə muxtar respublikanın əhalisi 36 min 800 nəfər artmış, əhalinin ümumi sayı 439 min nəfərdən çox olmuşdur.
Aydın məsələdir ki, bu inkişaf öz-özünə baş verməyib. Tikilən, qurulan nə varsa, onun kökündə insan əməyi, insan yaradıcılığı dayanır. Bu gün Naxçıvan Muxtar Respublikasının geniş quruculuq və tərəqqi yoluna çıxarılmasında əməyi olan bütün muxtar respublika əhalisinə, o cümlədən Yeni Azərbaycan Partiyasının üzvlərinə və partiyamızın təəssübkeşlərinin hamısına təşəkkürümü bildirir, Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyasına sədaqətimizi əməli işimizlə doğrultmağı arzulayıram.
Sağ olun!