Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb.
İki gün davam edəcək tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.
Dövlətimizin başçısı və xanımı Avropa Olimpiya Komitəsinin rəhbər heyəti ilə görüşdülər.
Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında çıxış etdi.
Sonra Patrik Hikki Avropa Olimpiya Komitəsinin xatirə hədiyyələrini Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim etdi.
Daha sonra Patrik Hikki idman karyerası ərzində bir çox uğurlara nail olan, dünyada idmanın inkişafında mühüm xidmətlər göstərən, olimpiya ideallarına sadiqliyi ilə seçilən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa Avropa Olimpiya Komitəsinin “Şöhrət” medalını təqdim etdi.
Bununla da, Baş Assambleyanın rəsmi hissəsi başa çatdı.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının işində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popovanı qəbul edib.
AzərTAc