08 Yanvar 2025, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamına əsasən, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılmışdır.
Noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin istifadəyə verilməsini əlamətdar və tarixi hadisə kimi dəyərləndirmiş, bu münasibətlə tədbir iştirakçılarını, ümumilikdə, muxtar respublika əhalisini təbrik edərək demişdir: “Bayraq müstəqilliyin və dövlətçiliyin atributudur. Bütün tarix boyu xalqların və dövlətlərin simvolu olan bayraq daim uca tutulub, müqəddəs bilinibdir. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Böyük dövlət xadiminin özünün işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi Qərarda deyilirdi:
“Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
2. Naxçıvan Muxtar Respublikasının digər Dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin”.
Bu qərar hələ Sovetlər Birliyinin mövcud olduğu dövrdə qəbul olunmuşdu. Belə bir dövrdə ümummilli liderimizin siyasi iradəsi sayəsində Naxçıvan Ali Məclisində qaldırılan dövlət bayrağı xalqın müstəqilliyi naminə sonsuz fədakarlığın, qətiyyətin və böyük siyasi iradənin ifadəsi idi. Ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 17 noyabr tarixli qərarının taleyüklü əhəmiyyətini qeyd edərək demişdir: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayra­ğı kimi təsdiq edildi... Bizim müstəqilli­yə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”.
Ali Məclisin Sədri diqqətə çatdırmışdır ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Onun bir kökü də tarixdən qaynaqlanır. Naxçıvanın qədim tarixi var. Burada möhtəşəm mədəniyyət nümunələri və beş min illik tarixə malik şəhər mədəniyyəti formalaşmışdır. Bu ərazidə təkcə zəngin mədəni dəyərlərin yox, eyni zamanda böyük dövlətçilik ənənələrinin də əsası qoyulmuş, onuncu əsrdə “Naxçıvan şahlığı”, on ikinci əsrdə isə Azərbaycan Atabəylər dövləti yaranmışdır. Onsəkkizinci əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına öz töhfəsini vermişdir. İyirminci əsrin əvvəllərində 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmlənməsində və tarixi ərazisinin qorunmasında mühüm xidmətlər göstərmişdir.
Ali Məclisin Sədri demişdir: “Naxçıvanın ən qiymətli sərvətlərindən biri də Naxçıvanın muxtariyyətidir. Azərbaycanın bu tarixi ərazisində yaranmış qədim dövlətlər kimi, Naxçıvan Muxtar Respublikası da özünün dövlətçilik atributlarına malik olmuşdur. 1924-cü ildə qəbul edilmiş “Naxçıvan Sosialist Sovet Respublikası haqqında Əsasnamə”də, Naxçıvan Muxtar Respublikasının 1926-cı, 1937-ci və 1978-ci il konstitusiyalarında muxtariyyətin gerbi və dövlət bayrağı haqqında müddəalar öz əksini tapmış, onların təsvirləri verilmişdir. İlk dəfə olaraq 1998-ci il Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı və gerbi ilə yanaşı, Dövlət Himni də təsbit edilmişdir. Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır”.
Ali Məclisin Sədri demişdir: “Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət edən hər bir insan, hər bir gənc dövlət rəmz­lərinin tariximizdəki yeri barədə məlumatlandırılmalı, dövlət atributlarının mahiyyəti və əhəmiyyəti geniş təbliğ olunmalı, ümummilli liderimiz Heydər Əliyevin səyi ilə üçrəngli bayrağımızın ilk dəfə dövlət bayrağı kimi qaldırıldığı gün – noyabrın 17-si hər il Naxçıvan Muxtar Respublikasında əlamətdar tarixi gün kimi qeyd edilməlidir”.
Ali Məclisin Sədri bir daha tədbir iştirakçılarını Dövlət Bayrağı Meydanı və Muzeyinin açılışı münasibətilə təbrik etmiş, çıxışını ulu öndər Heydər Əliyevin müdrik kəlamları ilə tamamlamışdır: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.
Heydər Əliyev adına Hərbi Liseyin kursantı Sənan Quliyev Rövşən Hüseynovun “Üçrəngli bayrağım” şerini bədii qiraət etmişdir:

Göylərdən almısan mavi rəngini,
Təbiət bəxş edib öz çələngini.
Döyüşdə çalmısan zəfər cəngini,
Qalxıb ucalmısan Vətənlə qoşa,
Üçrəngli bayrağım, yaşa, min yaşa!

Xalqımın sevgisi, məhəbbətisən,
Yurdumun vüqarı, əzəmətisən,
Sən ulu Heydərin əmanətisən –
Qalxıb ucalmısan Vətənlə qoşa,
Üçrəngli bayrağım, yaşa, min yaşa!

Sən qan yaddaşımsan, mənim elimsən,
Neçə yad ölkədə ötən dilimsən,
Ən uca zirvəyə çatan əlimsən,
Qalxıb ucalmısan Vətənlə qoşa,
Üçrəngli bayrağım, yaşa, min yaşa!

Sinəndə parlayır, ayın, ulduzun,
Səninlə fəxr edir hər oğlun, qızın.
Yurdunda gül açıb ən böyük arzun,
Qalxıb ucalmısan Vətənlə qoşa,
Üçrəngli bayrağım, yaşa, min yaşa!

Heydər Əliyev adına Hərbi Liseyin kursantı Sənan Quliyev, Gənc Heydərçi, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mirqabil Əkbərov, Heydər Əliyev adına tam orta məktəbin X sinif şagirdi Gülənbər İbrahimova, gənc dövlət qulluqçusu, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsləhətçisi Gülər Əhmədova və Heydər Əliyev təqaüdçüsü, Naxçıvan Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisası üzrə IV kurs tələbəsi Mətin Quluzadə dövlət bayrağını yüksəltmək üçün qoyulmuş qurğunu işə salmışlar. Xüsusi qurğu alqış sədaları altında dövlət bayrağını səmaya – əbədi yüksəliş nöqtəsinə qaldırmışdır.
Dövlət Himni səsləndirilmişdir.
Sonra Ali Məclisin Sədri dövlət bayrağını qaldıran gənclərlə xatirə şəkli çəkdirmiş, Dövlət Bayrağı Muzeyinin açılışını etmiş, muzey binasında və bayraq meydanında yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, meydanın mərkəzində inşa olunmuş bayraq dirəyinin hündürlüyü 57 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında unikal quruluşa malik Bayraq Muzeyi yaradılmışdır. Səkkizguşəli ulduz formasında inşa olunan muzey binası eyni quruluşa malik sütunlarla əhatə olunmuşdur.
Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında yerləşdirilmişdir.
Ali Məclisin Sədri Azərbaycan Respublikasının Dövlət Himninin mətninin və dövlət gerbinin təsvir olunduğu xatirə hədiyyələrini muzeyə təqdim etmişdir.
Ərazidə meydana xüsusi gözəllik bəxş edən terraslar yaradılmış, dekorativ ağac­lar əkilmiş, müasir işıqlandırma sistemi qurulmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR