08 Yanvar 2025, Çərşənbə

Bu gün muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri müasir şəhərsalma prinsipləri əsasında qurulur. Həyata keçirilən quruculuq tədbirləri zamanı tarixiliklə müasirlik vəhdətdə götürülür, yeni inzibati binalar, sosial obyektlər tikilərək istifadəyə verilir. İctimai yaşayış binalarının yenidən qurulması, əhalinin kommunal-məişət şəraitinin yaxşılaşdırılması da aparılan tikinti-quruculuq işlərinin tərkib hissəsidir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, şəhərin Atatürk küçəsindəki 5 nömrəli yaşayış binası əsaslı şəkildə yenidən qurulmuşdur.
Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaşayış binasının açılışında iştirak etmişdir.

Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, muxtar respublikanın paytaxtında kompleks quruculuq işləri aparılır. Bu da Naxçıvan şəhərinə xüsusi gözəllik bəxş etməklə yanaşı, həm də sakinlərin rahat yaşayışına şərait yaradır. “Muxtariyyət ili”ndə Naxçıvan şəhərində yeni yaşayış kompleksi və 2 yaşayış binası tikilərək, 7 ictimai yaşayış binası isə yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda şəhərin Heydər Əliyev prospektində, “İstiqlal”, Atatürk, Kazım Talıblı, İdris Məmmədov küçələrində və Babək məhəlləsində ictimai yaşayış binalarının, Əziz Əliyev küçəsində yaşayış kompleksinin tikintisi, 4 binada isə yenidənqurma işləri davam etdirilir. İcra başçısı Naxçıvan şəhərinin inkişafına göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.
Yeni binada mənzillə təmin olunanlar adından danışan Sevinc Abbasova demişdir ki, muxtar respublikada həyata keçirilən abadlıq-quruculuq işlərinin mərkəzində insan amili dayanır. Bu gün sakinlərin hər cür şəraiti olan mənzillərlə təmin edilməsi də bu sahədə görülən işlərin davamıdır. Şəhər sakini Sevinc Abbasova mənzillərlə təmin olunanlar adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri salam­lamış, onları yeni mənzillərlə təmin olunmaları münasibətilə təbrik edərək demişdir: “Muxtar respublikada bütün sahələrdə quruculuq tədbirləri həyata keçirilir, müasir infrastruktur yaradılır. Bu işlər əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də davam etdirilir. Hər il muxtar respublikada onlarla yeni ictimai yaşayış binası tikilərək və ya yenidən qurularaq sakinlərin istifadəsinə verilir”.
Ali Məclisin Sədri demişdir: “Mənzil insan həyatında vacib məsələdir. Hər bir ailənin rahat yaşayışı həm də onun mənzil şəraitindən asılıdır. Ona görə də muxtar respublikada insanların rahat mənzillərlə təmin olunmasına xüsusi diqqət yetirilir, yeni yaşayış binalarının tikilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Noyabrın 11-də Şərur rayonunda sakinlərə 20 mənzilin təqdim olunması, bu gün isə Naxçıvan şəhərində 25 mənzilli binanın istifadəyə verilməsi, ailələrin mənzil şəraitinin yaxşılaşdırılması dövlətimizin insan amilinə göstərdiyi qayğının daha bir ifadəsidir. Bütün bunlara dövlət müstəqilliyinin, ölkəmizdəki mövcud inkişaf və sabitliyin, ən əsası isə ümummilli lider Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsinin nəticəsində nail olunmuşdur”.
Ali Məclisin Sədri Naxçıvan şəhərinin gözəl guşələrindən birinə çevrilən bu ərazidəki abadlığın qorunub saxlanılacağına əminliyini bildirmiş, mənzillərin orderlərini sakinlərə təqdim etmiş, onlara firavan həyat arzulamışdır.
Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 1920-ci ildə inşa edilmiş bina yenidən qurularkən 1 mərtəbə də əlavə olunmuş, mənzillərin hər birinin sahəsi 30 kvadratmetr artırılmışdır. Hazırda burada 25 mənzil vardır. Mənzillərdən 2-si ikiotaqlı, 21-i üçotaqlı, 2-si isə dördotaqlıdır. Binanın həyətində 16 tonluq su çəni qoyulmuş, mənzillərdə fərdi istilik sistemi yaradılmışdır.
Binanın 1-ci mərtəbəsində fəaliyyət göstərən 13 mağaza da yenidən qurulmuş, yeni gözəllik salonu istifadəyə verilmişdir. Burada milli geyimlərimizin və müxtəlif mərasim libaslarının hazırlanması və satışı da həyata keçiriləcəkdir.
Binanın həyətində 24 yerlik avtomobil dayanacağı yaradılmış və uşaq əyləncə qurğuları qoyulmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR