Muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirləri inzibati binalarla yanaşı, yaşayış binalarının da müasir standartlar səviyyəsində yenidən qurulmasına səbəb olmuşdur. Sakinlərin rahatlığına xidmət edən bu işlər Şərur şəhərini də əhatə etmiş, şəhər mərkəzindəki ictimai yaşayış binaları əsaslı təmir olunmuşdur. Həyata keçirilən tədbirlər Şərur şəhərinin memarlıq quruluşunu tamamilə dəyişmiş, prospekt və küçələr müasir görkəm almışdır. Şəhərin Nəriman Nərimanov küçəsindəki 7 nömrəli yaşayış binası da bu il həyata keçirilən quruculuq tədbirləri çərçivəsində yenidən qurulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri təbrik edərək demişdir: “Şərur rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində 7 nömrəli ictimai yaşayış binası da əsaslı şəkildə yenidən qurulmuşdur. 1964-cü ildə istifadəyə verilən bina müasir tələblər səviyyəsində qurulmuş, mənzillərin sahəsi genişləndirilmiş, burada yaşayan 18 ailənin sosial məişət şəraiti xeyli yaxşılaşdırılmışdır”.
Sakinlər adından minnətdarlıq edən Rəşidə Vəliyeva demişdir ki, bu gün ölkəmizdə həyata keçirilən tədbirlər, aparılan islahatlar əhalinin rahat yaşayışına xidmət edir. Bu tədbirlər Şərur rayonunu da əhatə edib. Şərur şəhəri artıq öz müasir görkəmi ilə diqqəti cəlb edir. Hər il yeni binalar tikilir, park və xiyabanlar salınır, yollar təmir edilir. Bu işlər əhalinin rahat yaşayışına xidmət etməklə yanaşı, onların qurub-yaratmaq əzmini də artırır. Artıq 7 nömrəli ictimai yaşayış binasının sakinləri mənzillərində rahat yaşayacaqlar.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini təqdim etmiş, sakinlərə xoş həyat və uzun ömür arzulamışdır.
Bildirilmişdir ki, 2 mərtəbədən ibarət olan binada 18 mənzil vardır. Mənzillərdən 15-i ikiotaqlı, 3-ü isə üçotaqlıdır. Binanın interyeri tamamilə yenilənmiş, hər bir mənzildə kommunal şərait yaradılmışdır. Yenidənqurma işləri zamanı binanın elektrik, qaz, su və kanalizasiya sistemləri dəyişdirilmiş, mərkəzi antena sistemi qurulmuşdur. Şəhərə xüsusi gözəllik bəxş edən binanın fasadı da tamamilə yenilənmiş, həyətdə abadlıq işləri görülmüş, yaşıllıqlar salınmışdır.
Sosial qayğıya ehtiyacı olan Çomaxtur kənd sakinləri üçün fərdi ev tikilmişdir
Muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri zamanı insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzindədir. Bu tədbirlərin davamı olaraq, hərbi xidmət zamanı sağlamlığını itirmiş Şərur rayonunun Çomaxtur kənd sakinləri Rəşad Şahtaxtinski və Nəbi Nəcəfov üçün fərdi evlər tikilmişdir.
Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərdi yaşayış evlərinin orderlərini təqdim etmişdir.
Rəşad Şahtaxtinski yeni mənzillə təmin olunmalarını bu kateqoriyadan olan insanlara göstərilən qayğının daha bir ifadəsi kimi dəyərləndirmiş, ailə üzvləri adından minnətdarlıq etmişdir.
Mənzillərdə sakinlərin rahatlığı üçün hər cür şərait vardır. İkiotaqlı evlərin hər birində müasir kommunal şəraiti yaradılmış, elektrik və qaz xətləri çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti