Yaşıllıqların artırılmasında payız mövsümündə keçirilən iməciliklər mühüm əhəmiyyətə malikdir. Bu fəsildə əkilən ağaclar yaz aylarında daha yaxşı inkişaf edir. Ona görə də muxtar respublikada yaşıllaşdırma tədbirləri payız fəslində də davam etdirilir, meşəbərpa işləri aparılır, sututarların ətrafında, çayların vadilərində yeni yaşıllıq zolaqları salınır.
Noyabrın 8-də muxtar respublikada payız mövsümünün ilk iməciliyi keçirilmişdir. İctimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri iməciliyə çıxaraq yaşıllıqların salınmasında fəallıq göstərmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba Su Anbarının ətrafındakı 3 hektarlıq sahədə keçirilən iməcilikdə iştirak etmişlər. İməcilik iştirakçıları əraziyə 3500 ədəd müxtəlif meyvə tingi və meşə ağacı əkərək suvarmış, ətrafda səliqə-sahman yaratmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, Uzunoba Dövlət Meşəsində meşəbərpa və meliorativ tədbirlərin həyata keçirilməsi, payızlıq ağac əkininin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti