08 Yanvar 2025, Çərşənbə

Dövlət qurumları yeni inzibati binada fəaliyyət göstərəcəkdir

Muxtar respublikada dövlət qurumlarının iş şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Son illər müasir inzibati binaların tikilməsi, mövcud olanlarda yenidənqurma işlərinin aparılması da bu məqsədə xidmət edir. Yaradılan şərait əhaliyə göstərilən xidmətin keyfiyyətinin də yüksəldilməsinə imkan verir.
Noyabrın 11-də Şərur şəhərində dövlət qurumları üçün yeni inzibati bina istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində çıxış edərək demişdir: “Şərur rayonunda həyata keçirilən quruculuq tədbirləri bütün sahələri əhatə edir. Təhsil, səhiyyə, mədəniyyət və digər dövlət strukturlarının iş şəraitinin yaxşılaşdırılması, ictimai yaşayış binalarının yenidən qurulması, hərbi xidmətlər zamanı sağlamlığını itirmiş şəxslərin evlərlə təmin olunması bu sahədə görülən işlərin tərkib hissəsidir. Bu gün istifadəyə verilən inzibati binada Şərur rayonunun 9 dövlət təşkilatı fəaliyyət göstərəcəkdir”.
Ali Məclisin Sədri demişdir: “Yaxşı iş şəraiti xidmətin düzgün təşkili ilə yanaşı, həm də yaxşı əhval-ruhiyyə deməkdir. Eyni zamanda hərtərəfli iş şəraitinin yaradılması dövlət təşkilatlarında çalışanlara göstərilən qayğının daha bir ifadəsidir. Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması, onların problemlərinin araşdırılması və qanuni şəkildə həll olunması isə dövlət orqanlarının qarşısında duran əsas vəzifələrdir. Binada fəaliyyət göstərəcək dövlət qurumları da qarşıya qoyulan bu vəzifələri uğurla yerinə yetirməli, əməkdaşlar işə məsuliyyətlə yanaşmalı, yaradılan şəraitə öz xidməti vəzifələrini düzgün icra etməklə cavab verməlidirlər”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə, aidiyyəti üzrə müraciət edən vətəndaşların qayğı ilə əhatə olunacağına əminliyini bildirmiş, kollektivlərə işlərində uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Məlumat verilmişdir ki, yenidənqurma işlərindən sonra inzibati binada Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şərur Rayon Şöbəsi, Şərur Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik, Mənzil İstismar Sahəsi, rayon Məşğulluq Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şərur Rayon Şöbəsi, Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin Şərur Rayon Bölməsi fəaliyyət göstərəcəkdir. Binada Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Şərur Rayon Təşkilatı, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının Şərur Rayon Şöbəsi və Şərur Rayon 2 nömrəli Dövlət Notariat Kontoru üçün də müasir iş otaqları ayrılmışdır.
Otaqların hər biri təyinatı üzrə qurulmuş və ayrı-ayrı strukturların iş prinsipinə uyğun təchiz olunmuşdur. Bütün bunlar əməkdaşların səmərəli fəaliyyət göstərməsinə və sakinlərin rahatlığının təmin olunmasına xidmət edəcəkdir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şərur Rayon Şöbəsi üçün ayrılan iş otaqlarına baxış zamanı torpaqlardan təyinatı üzrə səmərəli istifadənin əhəmiyyəti vurğulanmışdır. Rayon Məşğulluq Mərkəzi üçün yaradılan müasir iş şəraiti bu sahədə fəaliyyətin daha səmərəli təşkilinə imkan verəcəkdir. Qeyd olunmuşdur ki, əldə olunan davamlı iqtisadi inkişaf Şərur rayonunda məşğulluq məsələlərinin də səmərəli həllini şərtləndirmiş, rayonda məşğulluq səviyyəsinin daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Təkcə bu ilin 10 ayı ərzində rayonda 4 əmək yarmarkası keçirilmiş, 107 nəfər daimi işlə təmin olunmuşdur.
Üç mərtəbədən ibarət olan binanın zirzəmisində yeməkxana yerləşir. Yenidənqurma işləri zamanı binanın bütün kommunikasiya xətləri dəyişdirilmiş, müasir istilik sistemi quraşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR