08 Yanvar 2025, Çərşənbə

Noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, “Şöhrət” ordeninin, “Tərəqqi”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları təbrik edərək demişdir: “Hər bir ölkənin inkişafında onun insanlarının rolu əvəzsizdir. Əgər bir ölkədə sabitliyin təminatçısı dövlətdirsə, inkişafın da hərəkətverici qüvvəsi onun insanlarıdır. O ölkə inkişaf edir ki, orada sabitlik, inkişaf və bu inkişafın qarantı olan vətənpərvər insanlar vardır. Bu gün Azərbaycandakı sabitlik, sosial-iqtisadi inkişaf, həyata keçirilən tədbirlər ölkəmizin etibarlı gələcəyindən xəbər verir”.

Ali Məclisin Sədri demişdir: “Azərbaycanda müxtəlif sahələri əhatə edən dövlət mükafatları təsis olunmuşdur. Fəaliyyətləri ilə seçilən, ölkəmizə və xalqımıza ləyaqətlə xidmət edən şəxslər bu mükafatlara layiq görülürlər. Bu gün təltif olunanlar da müxtəlif sahələrdə öz əməkləri ilə nümunə göstərən, fərqlənən insanlardır”.
Ali Məclisin Sədri nümunəvi fəaliyyət göstərdiklərinə görə təltif olunanlara təşəkkürünü bildirmişdir.
Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü, medalların, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası fəxri adları­nın döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.
Təltif olunanlardan İbad Əliyev, Qəmər Əliyeva, Xalidə Sadiqova, Valeh Seyidov, Kamil Abbasov, Yarməmməd Qafarov, Gülarə Abbasova, Rzaqulu Həsənov, Valeh Vəliyev, Almas Abbasova, Dezdemona Abdullayeva, Aidə Allahverdiyeva, Fatma Allahverdiyeva, Zemfira Babayeva, Sürəyya Ələkbərova, Nəzirə Əliyeva, Mehriban Həsənova və Kamaləddin İsmayılov minnətdarlıq edərək demişlər ki, bu gün ölkəmizdə bütün sahələrin inkişafına qayğı göstərilir. Yaradılan müasir infrastruktur, əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlər sakinlər tərəfindən qürur hissi ilə qarşılanır. Bu inkişaf və tərəqqi insanların qurub-yaratmaq əzmini artırır, onların daha səylə çalışmasına stimul verir. Çəkilən zəhmətin dövlətimiz tərəfindən qiymətləndirilməsi isə qarşıya daha mühüm vəzifələr qoyur.
Təltif olunanlar bundan sonrakı fəaliyyətlərində də ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sadiq qalacaqlarını, vətənpərvər ardıcıllar yetişdirəcəklərini, ölkə­mizin, eləcə də muxtar respublikanın inkişafında yaxından iştirak edəcəklərini bildirmişlər.
Sonda Ali Məclisin Sədri təltif olunanları qarşıdan gələn Dövlət Bayrağı Günü münasibətilə təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR