Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev demişdir: “Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir”.
Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter almışdır. Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan bu gün etibarlı müdafiə olunur. Ordu quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində Əlahiddə Ümumqoşun Ordusunun dağ şəraitində və yüksəkliklərdə yerləşən hissə və bölmələrində nümunəvi xidmət şəraiti yaradılmışdır. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq muxtar respublikanın əsas müdafiə istehkamı sayılan Soyuq bölgəsindəki hərbi birləşmələrin döyüş fəaliyyəti xeyli yüksəldilmişdir.
Oktyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsinə gəlmiş, təmas xəttində xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanmışdır.
Şəxsi heyətlə görüşən Ali Məclisin Sədri əsgərləri salamlamış, çətin dağlıq şəraitdə xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirərək demişdir: “Sərhədlərimizi qorumaq və xidmətin nümunəvi təşkili Soyuq bölgəsində xidmət edən hərbi qulluqçuların qarşısında duran əsas vəzifələrdir. Müasir şərait, təlimlərin təşkili, silah-sursat təminatı, əsgərə qayğı Azərbaycan Ordusunun bugünkü reallıqlarıdır. Dövlətimiz tərəfindən hərbçilərimiz üçün hər cür şərait yaradılır, onların sosial müdafiəsinin gücləndirilməsinə, xidmətin nümunəvi təşkilinə diqqət və qayğı göstərilir. Son illər Soyuq bölgəsində xidmətin təşkili üçün lazımi şərait yaradılmış, bölmələrin maddi-texniki təchizatı artırılmışdır. Gələcəkdə də bu istiqamətdə tədbirlər davam etdiriləcəkdir. Çünki yaxşı xidmət şəraiti, zabit-əsgər münasibətlərinin düzgün qurulması və qarşılıqlı hörmət hərbi xidmətin əsasını təşkil edir. Əsgər və zabitlər arasında münasibətlər bu prinsip üzərində qurulmalı, xidmət günün nizam qaydalarına uyğun olaraq təşkil edilməlidir”.
Ali Məclisin Sədri demişdir: “İnsanın şəxsiyyət kimi formalaşmasında hərbi xidmət vacib amildir. Çünki hərbi xidməti uğurla başa vuran hər bir Azərbaycan gənci gələcəkdə ölkəmizin inkişafına da öz töhfəsini verəcəkdir. Bu gün Azərbaycan Ordusunda yaradılan şərait xidmətin nümunəvi təşkilinə və torpaqlarımızın etibarlı müdafiəsinə tam əminlik yaradır”.
Zabitlərdən Natiq Musayev və Elşən Orucov şəxsi heyət adından minnətdarlıq edərək demişlər ki, bu gün ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər Vətən torpaqlarının etibarlı müdafiəsinə şərait yaratmışdır. Xalq-dövlət-ordu birliyi hərbi qulluqçuların vətənpərvərlik hisslərini daha da artırır, xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir. Soyuq bölgəsində xidmət edən hər bir əsgər və zabit onlar üçün yaradılan şəraiti ölkəmizdə ordu quruculuğunun nəticəsi kimi dəyərləndirir, torpaqlarımızın müdafiəsini etibarlı təşkil edirlər.
Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırmış, yaradılan şəraitlə maraqlanmışdır.
Bildirilmişdir ki, yenidən qurulan yataqxana, yeməkxana, anbarlar və digər xidməti binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunmuşdur. Buraya içməli su xətti çəkilmiş, istilik sistemi quraşdırılmışdır. Tibb məntəqəsində lazımi dərman vasitələri qoyulmuşdur. Şəxsi heyətin sağlamlığının qorunması diqqət mərkəzindədir. Baxış zamanı şəxsi heyətin vaxtlı-vaxtında müayinə olunmasının vacibliyi bildirilmiş, tibbi xidmətin təşkilinə xüsusi diqqət yetirilməsinin əhəmiyyəti qeyd olunmuşdur.
İdeoloji otaqda hərb elminin nəzəri əsaslarının öyrədilməsi və əsgərlərin asudə vaxtının səmərəli təşkili məqsədilə hərtərəfli şərait yaradılmış, hərbi və bədii ədəbiyyatlar qoyulmuş, müxtəlif məlumat stendləri asılmışdır. Döyüş hazırlığının ümumi hərbi-elmi əsaslarla öyrədilməsi, hərbi vərdişlərin daim təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır.
Əsgərlərin qidalanması da günün nizam qaydasına uyğun olaraq tərtib olunmuşdur. Anbarlara baxış zamanı məlumat verilmişdir ki, burada 8 aylıq ərzaq ehtiyatı yaradılmışdır. Yüksək kalorili məhsulların qida rasionuna daxil edilməsi qış aylarında əsgərlərin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əşya anbarında da lazımi geyim dəstləri və digər məişət əşyaları vardır.
Ali Məclisin Sədri şəxsi heyətlə xatirə şəkli çəkdirmişdir.
Sonra Ali Məclisin Sədri digər bölmələrdə olmuş, hərbi qulluqçuların mənəvi-psixoloji durumu və xidmətin təşkili ilə maraqlanmışdır.
Şəxsi heyəti salamlayan Ali Məclisin Sədri dəfələrlə Soyuq bölgəsində olduğunu bildirərək demişdir ki, hər bir ölkənin mövcudluğu onun sərhədlərindən başlanır. Döyüş bölgəsindəki şəxsi heyət qarşısında yalnız bir xidməti vəzifə durur: bu da Vətən torpaqlarının və sərhədlərimizin etibarlı qorunmasıdır. Lakin çətin dağlıq şəraitdə hərbi xidmətdə olan hər bir əsgər və zabit unutmamalıdır ki, o yalnız sərhədlərimizin deyil, həm də ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısıdır. Soyuq bölgəsində xidmət edən əsgərlərimiz yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Şəxsi heyətin yüksək əhval-ruhiyyədə olması da yaradılan şəraitin və xidmətin düzgün təşkilinin nəticəsidir. Qarşılıqlı hörmət və dostluq münasibətlərinin yaradılması üçün “hamı bir nəfər, bir nəfər hamı üçün” prinsipi şəxsi heyətin xidməti fəaliyyətinin əsasını təşkil etməlidir.
Vətən torpaqlarının qorunmasında əsgərlərə mərdlik və mübarizlik arzulayan Ali Məclisin Sədri muxtar respublikanın çətin dağlıq şəraitində yerləşən hərbi hissələrinin bundan sonra da diqqət mərkəzində olacağını bildirmişdir.
Əsgərlərdən Rövşən İmaməliyev, Əli Zeynalzadə və digərləri qeyd etmişlər ki, Ali Məclis Sədrinin muxtar respublikanın çətin dağlıq ərazilərində xidmət edən hərbi qulluqçularla görüşü şəxsi heyətin mübarizə əzmini, vətənpərvərlik hisslərini daha da artırır. Bu gün dövlətin və xalqın dəstəyini daim öz üzərində hiss edən şəxsi heyət xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlir.
Sonra Ali Məclisin Sədri hərbi birləşmənin əhatə etdiyi postlarda olmuşdur.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə müdafiənin ön xəttində döyüş tapşırığının yerinə yetirilməsi, hərbi texnikanın döyüşə hazırlıq vəziyyəti və hərbi qulluqçuların günün nizam qaydalarına uyğun fəaliyyəti haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, muxtar respublikanın strateji əhəmiyyətli zirvə və yüksəkliklərində etibarlı müdafiə sistemi formalaşdırılmışdır. Bu yüksəkliklərdə peşəkar və yüksək döyüş hazırlığına malik olan əsgər və zabitlərimiz xidmət edir. Şəxsi heyət əməliyyat-taktiki səviyyədə yüksək döyüş hazırlığına malikdir. Təmas boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, hərbi intizamın daim möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılır. Postlar arasında səmtləşmənin aparılması, bölmələr arasında rabitə əlaqəsinin qurulması və müşahidənin düzgün təşkili etibarlı müdafiə sistemi yaratmışdır. Dayaq məntəqələri və postlar müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təmin olunmuşdur. Döyüş növbətçiliyini aparan şəxsi heyətin istifadəsində olan cihazlar isə ən çətin hava şəraitində belə, qarşı tərəfin mövqelərinin müşahidə edilməsinə imkan verir.
Bildirilmişdir ki, Soyuq bölgəsində yeni xidməti və yaşayış binalarının inşası da nəzərdə tutulmuşdur. Aparılan tikinti işlərindən sonra xidmətin daha səmərəli təşkili təmin olunacaq, şəxsi heyətin məişət şəraiti xeyli yaxşılaşdırılacaqdır.
Ali Məclisin Sədri binaların yerləşəcəyi ərazilərə baxmış, tikinti işləri ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Sonra Ali Məclisin Sədri komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olmuşdur.
Müşahidə məntəqəsinə baxış zamanı təmas xəttindəki yüksəkliklər və qoşunlar arasında yerləşən ərazi, burada xidmət keçən bölmələrimizin döyüş qabiliyyəti, döyüş növbətçiliyinin aparılma qaydaları və şəxsi heyətlə keçilən təlimlər barədə məlumat verilmişdir. Ön xətdə mühəndis-istehkam qurğuları və maneələr yaradılmış, onların müdafiə qüdrəti xeyli gücləndirilmiş, postlar arasında əlaqə yolları çəkilmiş, müdafiə rayonunun qorunmasının təşkili sahəsində mühüm tədbirlər görülmüşdür.
Ali Məclisin Sədri təmas xəttində yerləşən hərbi birləşmələrdə bundan sonra da döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, həmçinin hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması və qışa hazırlığın təşkili ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Gətirilmiş müxtəlif ərzaq məhsulları anbarlara təhvil verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti