Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 91-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.
Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə çıxış edən Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Rza Akıncı qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik məktubunu oxumuş, türk xalqının istiqlal mübarizəsindən və cümhuriyyətin 91 illik şanlı tarixindən danışmışdır. Qeyd olunmuşdur ki, ötən əsrin əvvəllərində Mustafa Kamal Atatürkün rəhbərliyi ilə həyata keçirilən azadlıq mübarizəsi nəticəsində türk xalqı öz müstəqilliyini qazanmış, demokratik, hüquqi və dünyəvi Türkiyə dövləti yaradılmışdır. Dünyada etibarlı tərəfdaş kimi tanınan Türkiyə dost və qardaş Azərbaycanla əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Ölkələrimiz arasındakı əlaqələrin xalqlarımızın etnik-mədəni mənşəyi və tarixi keçmişi ilə sıx bağlı olduğunu bildirən Baş konsul qarşılıqlı inam və etibar, strateji müttəfiqlik zəminində uğurla davam etdirilən bu münasibətlərin inkişafında Naxçıvan Muxtar Respublikasının rolunu xüsusi vurğulamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin Karaman əyalətindəki kömür şaxtasında baş vermiş uçqunla bağlı dərin təəssüfünü bildirmişdir.
91 il bundan əvvəl qəhrəman türk xalqının müstəqilliyini bütün dünyaya bəyan etdiyini və istiqlaliyyət qazandığını bildirən Ali Məclisin Sədri tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını müstəqillik bayramı münasibətilə təbrik edərək demişdir: “Qardaş Türkiyənin müstəqillik bayramı hər il ölkəmizdə də təntənə ilə qeyd olunur. Ona görə ki, soykök, milli və ortaq dəyərlərə söykənən qardaşlığımız möhkəm təməl üzərində qurulub. Bu təməlin əsasını ötən əsrin əvvəllərində Türkiyənin milli lideri Mustafa Kamal Atatürk, həmin əsrin sonunda isə xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuş, əlaqələrimiz inkişaf edərək “bir millətin iki dövləti” səviyyəsinə yüksəlmişdir. Bu amil hər iki qardaş xalq arasındakı sarsılmaz əlaqələrin əsasını təşkil edir. Türkiyə Cümhuriyyətinin keçdiyi inkişaf yolu, qazandığı nailiyyətlər bizdə böyük məmnunluq doğurur”.
Ali Məclisin Sədri xalqlarımız arasında möhkəm və sarsılmaz təməl üzərində qurulan əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirmiş, çıxışını ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin mahiyyətini ifadə edən müdrik fikirləri ilə tamamlamışdır: “Azərbaycan və Türkiyə xalqlarının qardaşlıq, dostluq əlaqələri, milli ənənələrin eyni kökdən olmaları bu gün bizim üçün həm örnəkdir, həm də bu günümüz və gələcəyimiz üçün çox böyük əsasdır”.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti