Təhsil islahatları muxtar respublikada həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Son illər bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində yüzlərlə məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Ardıcıl xarakter alan bu quruculuq prosesi Şahbuz rayonunu da əhatə etmişdir.
Oktyabrın 27-də Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə məktəbin direktoru Əvəz Həsənov çıxış edərək demişdir ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində ən müasir məktəb binaları tikilib istifadəyə verilir. Təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, pulsuz dərsliklərlə təmin olunur, pedaqoji kollektivin fəaliyyəti üçün hərtərəfli şərait yaradılır. Müasir məktəb binasının tikilib istifadəyə verilməsinin “Muxtariyyət ili”ndə onlar üçün ən qiymətli hədiyyə olduğunu bildirən Əvəz Həsənov kollektiv adından minnətdarlıq etmiş, gənclərin yaxşı təhsil alması üçün bundan sonra da səylə çalışacaqlarını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın gələcəyinə xidmət edir. Hər bir ölkənin gələcəyinin necə olacağını görmək üçün, ilk növbədə, onun gəncliyinə nəzər salmaq lazımdır. Təhsilli, vətənpərvər, intellektli və müasir dünyagörüşlü gənclər isə məktəblərdə yetişir. Bu məsələnin vacibliyini nəzərə alan ümummilli liderimiz Heydər Əliyev istər ötən əsrin 70-ci illərində, istərsə də müstəqillik dövründə təhsilin inkişafına xüsusi diqqət yetirmiş, ölkəmizdə təhsil infrastrukturu müasirləşdirilmiş, Azərbaycanın gələcəyinə xidmət edən təhsil strategiyası müəyyənləşdirilmişdir. Dahi şəxsiyyət təhsilin cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək demişdir: “Cəmiyyətdə hər şey məktəbdən, təhsildən başlanır”.
Ali Məclisin Sədri demişdir: “Müasir dövrdə cəmiyyətin tərəqqisi təhsilin inkişafı ilə sıx bağlıdır. O ölkələr gələcəyi olan ölkə hesab olunur ki, orada vətənpərvər və təhsilli gənc nəsil yetişir. Ona görə də pedaqoji kollektivlərin üzərinə mühüm vəzifələr düşür. Müəllimlər tələbkar olmalı, gənclərin təhsilli və vətənpərvər ruhda tərbiyə olunmalarına diqqəti artırmalıdırlar. Şagirdlər yaradılan şəraitdən səmərəli istifadə etməli, vətənpərvər və çalışqan olmalı, bunu tədrisdə qazandıqları nailiyyətlərlə sübut etməlidirlər. Ölkəmizdə bu vəzifələri yerinə yetirmək üçün hər cür şərait yaradılmışdır. Hər il müasir avadanlıqlarla təmin olunmuş məktəb binaları tikilərək istifadəyə verilir. Bütün bunlar isə ulu öndərimizin təhsil sahəsində qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir”.
Ali Məclisin Sədri demişdir: “Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin nailiyyətləri nümunə gücündədir. Məktəbin qazandığı bu uğurlar tədrisin düzgün qurulması, nizam-intizamın və tələbkarlığın yüksək səviyyədə olmasının nəticəsidir. Kollektiv bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməli, məktəbdə tədrisin səviyyəsi daha da yüksəldilməlidir”.
Ali Məclisin Sədri qazanılan uğurlara görə məktəbin kollektivinə təşəkkürünü bildirmiş, Şahbuz rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompüter dəsti hədiyyə etmişdir.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmiş, sinif otaqlarında və fənn kabinələrində yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, məktəb binası 216 şagird yerlikdir. Üçmərtəbəli təhsil ocağında 3-ü elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, şahmat və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Üç minə yaxın dərslik və bədii ədəbiyyat fondu olan kitabxanada internet vasitəsilə digər elektron kitabxanalara da müraciət etmək mümkündür.
Kompüter otağında hər biri internetə qoşulmuş 19 kompüter dəsti vardır. Məktəbdə yaradılan fənn laboratoriyaları da müasir tədris-təcrübə avadanlıqları ilə təmin edilmişdir. Fizika laboratoriyasında quraşdırılan elektron lövhə dərslərin və təcrübə məşğələlərinin müasir metodlar səviyyəsində keçilməsinə şərait yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 avqust tarixli Sərəncamına əsasən, görkəmli pedaqoq, şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illik yubileyi muxtar respublikada silsilə tədbirlərlə qeyd olunur, görkəmli ədibin maarifçilik ideyaları geniş təbliğ olunur. Məktəbin elektron lövhəli sinfində muxtar respublikanın distant tədris şəbəkəsinə qoşulmuş 97 ümumtəhsil məktəbi ilə Ədəbiyyat Muzeyi arasında videobağlantı qurulmuş, “Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığı” mövzusunda dərs tədris olunmuşdur.
Bu il məktəbin 1-ci sinfinə 15 şagird qəbul olunmuşdur. Ali Məclisin Sədri məktəbə ilk dəfə qədəm qoyan birinci sinif şagirdlərinin tədris prosesi ilə maraqlanmışdır.
Baxış zamanı qeyd olunmuşdur ki, təhsil sahəsinə göstərilən diqqət və qayğı bu məktəbin də uğurlu nəticələr əldə etməsinə səbəb olmuşdur. Məktəbin məzunlarından 7-si ali məktəblərə, 1 şagird 9-cu sinif bazasından orta ixtisas məktəbinə qəbul olunmuşdur. Tələbə adını qazanan məzunlardan 4-ü 500-700 intervalında bal toplamışdır. Yaradılan müasir şərait tədrisin səmərəli təşkilinə və daha böyük uğurların qazanılmasına imkan verəcəkdir.
Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdəki şahmat sinfi lazımi avadanlıqlarla təmin olunmuşdur. Bildirilmişdir ki, “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na əsasən, muxtar respublikada da bu istiqamətdə ardıcıl tədbirlər görülür, şəhər və rayon mərkəzlərində yeni şahmat məktəbləri tikilərək istifadəyə verilir. Artıq muxtar respublikanın ümumtəhsil məktəblərində şagirdlərin əqli inkişafı və asudə vaxtlarının səmərəli təşkili məqsədilə “şahmat” fənni tədris olunur.
Gələcəyimiz olan uşaqların bilikli, zəngin dünyagörüşünə malik olması ilə yanaşı, onların fiziki sağlamlığının qorunması və vətənpərvər ruhda böyüməsi də bu gün ümumtəhsil məktəbləri qarşısında duran ən mühüm vəzifələrdəndir. Buna görə də məktəbdə geniş idman zalı və hər cür ləvazimatlarla təchiz olunan hərbi kabinə istifadəyə verilmişdir.
Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə şagirdlərin qədim adət-ənənələrimizə və milli dəyərlərimizə sadiq ruhda böyüdülməsi diqqət mərkəzində saxlanılır. “Əmək təlimi” dərslərində qızlara tikmə və toxuculuq sənətinin sirləri öyrədilir.
Pedaqoji kollektivlə görüşən Ali Məclisin Sədri demişdir ki, ölkənin tərəqqisi təhsildən, məktəbin inkişafı isə müəllimlərin fəaliyyətindən asılıdır. Yaradılan şərait məktəbdə tədrisin günün tələbləri səviyyəsində qurulmasına imkan verəcəkdir. Şahbuz şəhər 2 nömrəli tam orta məktəb uğurlu nailiyyətləri ilə seçilir. Kollektiv öz fəaliyyətini gələcəkdə daha da artırmalı, gələcəyimiz olan gənc nəslin əsl vətəndaş kimi yetişdirilməsinə səy göstərməlidir.
Məktəbin müəllimi Rauf Bağırov demişdir ki, təhsil o zaman inkişaf edir ki, ona dövlət qayğısı göstərilir. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda müasir təhsil infrastrukturu yaradılmışdır. İstər şəhər və rayon mərkəzlərində, istərsə də ən ucqar dağ kəndlərində yeni məktəb binaları tikilərək istifadəyə verilir. Bütün bunlar da müəllimləri daha səylə işləməyə, intellektli, vətənpərvər və yüksək təhsilli gənclər yetişdirməyə ruhlandırır.
Məktəb binasının həyətində də abadlıq işləri görülmüş, yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Şahbuz şəhərində dövlət qurumları yeni binada fəaliyyət göstərəcəkdir
Şahbuz şəhəri bu gün füsunkar təbiəti və gözəl havası ilə yanaşı, həm də müasir şəhərsalma infrastrukturu ilə diqqəti cəlb edir. Son illər aparılan quruculuq tədbirləri, istifadəyə verilən yeni sosial obyektlər və inzibati binalar rayon mərkəzi olan Şahbuz şəhərinin müasir şəhərsalma prinsiplərinə uyğun qurulmasına səbəb olmuşdur.
Oktyabrın 27-də Şahbuz Şəhər Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət binada rabitə evi, kitabxana, polis sahə məntəqəsi, Yeni Azərbaycan Partiyası Şahbuz şəhər ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və klub fəaliyyət göstərəcəkdir.
Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün otaqlarda nümunəvi iş şəraiti yaradılmışdır. Baxış zamanı Ali Məclisin Sədri Şahbuz şəhərinin abadlaşmasında inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyənin üzərinə mühüm vəzifələr düşdüyünü bildirmiş, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı müvafiq tapşırıqlar vermişdir.
Rabitə evində 512 yerlik 2 nömrəli ATS quraşdırılmışdır. Poçt bölməsində də lazımi şərait yaradılmışdır.
Mərkəzdə 6 min 558 kitab fonduna malik kitabxana və 55 yerlik iclas zalı vardır. Yeni Azərbaycan Partiyası Şahbuz şəhər ərazi ilk təşkilatı üçün ayrılmış iş otağı mərkəzin ikinci mərtəbəsində yerləşir. Məlumat verilmişdir ki, ərazi ilk təşkilatının 409 üzvü vardır. Onlardan 144-ü gənclər, 225-i isə qadınlardır.
Binada Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şahbuz Rayon Şöbəsi üçün də iş otaqları ayrılmışdır.
Ali Məclisin Sədri bina ilə tanışlıqdan sonra Şahbuz şəhər sakinləri ilə görüşmüşdür.
Şahbuz şəhər sakini Xanlar Səfərəliyev demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin davam etdirilməsi ölkəmizi inkişaf və tərəqqiyə qovuşdurmuşdur. Muxtar respublikamızda da bu işlər uğurla həyata keçirilir. Bütün yaşayış məntəqələri müasir görkəmi ilə seçilir. Dağlar qoynunda yerləşən Şahbuz rayonuna da bu inkişafdan pay düşmüşdür. İstər ucqar dağ kəndlərində, istərsə də rayon mərkəzi olan Şahbuz şəhərində insanların yaşaması, işləməsi üçün bütün şərait vardır. Hər il istifadəyə verilən yeni sosial obyektlər, çəkilən yollar, açılan iş yerləri insanların torpağa bağlılığını, onların qurub-yaratmaq əzmini daha da artırır. Xanlar Səfərəliyev sakinlər adından minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri həyata keçirilən quruculuq işləri münasibətilə sakinləri təbrik etmiş, görülən bu işləri ölkəmizin iqtisadi qüdrətinin və mövcud sabitliyin nəticəsi kimi dəyərləndirərək demişdir: “2007-ci ildə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, rayon mərkəzinə şəhər statusu verilmişdir. Bu dövrdən başlayaraq burada kompleks quruculuq işləri aparılmış, şəhərin ərazisi genişləndirilmişdir. Dəniz səviyyəsindən 1355 metr yüksəklikdə yerləşən Şahbuz şəhərində əməkhaqqına əlavə 10 faiz ödənilir. Aparılan quruculuq işləri şəhərə müasir görkəm verməklə yanaşı, həm də əhalinin rahat yaşayışına xidmət edir. Bu gün şəhərdə yeni məktəb binası, dövlət strukturları üçün müasir bina istifadəyə verildi. Hazırda şəhərdə içməli su və kanalizasiya sistemləri də yenidən qurulur. Bütün bunlar sakinlərin problemlərinin vaxtlı-vaxtında həllinə, eləcə də onların asudə vaxtlarının səmərəli təşkilinə imkan verəcəkdir. Sakinlər də yaradılanların qədrini bilməli, gənc nəslin dövlətimizə sədaqət ruhunda böyüməsinə diqqəti artırmalıdırlar”.
* * *
Həmin gün Ali Məclisin Sədri Şahbuz şəhərində aparılan abadlıq işləri ilə də maraqlanmışdır.
Məlumat verilmişdir ki, şəhərdə geniş quruculuq işləri aparılmış, yol infrastrukturu tamamilə yenilənmiş, şəhərdaxili 2 kilometr yola yeni asfalt örtük salınmışdır. Həmçinin yol üzərindəki körpü genişləndirilərək təmir olunmuş, 3 suötürücü tikilmişdir. Şəhərdə 3 min 800 metr fiber-optik kabel, 3 min metr məsafədə elektrik xətti, 180 metr yeraltı kabel çəkilmiş, müasir işıqlandırma sistemi qurulmuşdur. Bundan başqa, 120 metr uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yeri dəyişdirilmiş, yeni tikililərə 460 metr uzunluğunda qaz xətti çəkilmişdir.
Ali Məclisin Sədri şəhərdə abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti