Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunun iştirakçıları ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonaqları salamlamış, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunun qədim türk torpağı olan Naxçıvanda keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respublika 23 ildir, blokada şəraitində yaşayır. Lakin buna baxmayaraq, muxtar respublikanın iqtisadi inkişafı təmin edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 90-cı illərində ölkəmizin inkişafına məhz muxtar respublikadan başladığını bildirən Ali Məclisin Sədri Naxçıvanın Türk dünyasının qapısı kimi mühüm strateji mövqedə yerləşdiyini diqqətə çatdırmışdır.
Muxtar respublikanın mövcud iqtisadi potensialı, elm, təhsil, səhiyyə, turizm və informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər haqqında qonaqlara ətraflı məlumat verən Ali Məclisin Sədri demişdir ki, bu gün muxtar respublikada daxili tələbatın yerli istehsal hesabına ödənilməsi diqqət mərkəzində saxlanılır. Sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait, güzəştli şərtlərlə kreditlərin verilməsi özəl bölmənin inkişafına təkan vermişdir. Hazırda muxtar respublikada iqtisadi inkişafın əsas göstəricisi hesab edilən ərzaq təhlükəsizliyi tam təmin olunmuşdur.
Ali Məclisin Sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunun işinə uğurlar arzulamışdır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov forumun yüksək səviyyədə təşkilinə görə qonaqlar adından minnətdarlıq etmiş, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşü zamanı yaradıldığını xatırlamışdır. Əməkdaşlıq şurasının fəaliyyəti barədə ətraflı məlumat verən Ramil Həsənov muxtar respublikanın 90 illik yubileyi çərçivəsində keçirilən bu tədbirin səmərəli olacağını bildirmişdir.
Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti Rıfat Hisarcıklıoğlu muxtar respublikanın yaradılmasının 90 illik yubileyi münasibətilə Ali Məclisin Sədrini təbrik etmiş, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm rolu olduğunu diqqətə çatdırmış, muxtar respublikanın dinamik inkişafının məmnunluq doğurduğunu bildirmişdir.
Görüşdə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Qırğızıstan Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev, Qazaxıstan Beynəlxalq Ticarət Palatasının İdarə Heyəti sədrinin müavini Abdulla Kundakbayev və Qazaxıstan İşəgötürənlər Konfederasiyasının İdarə Heyətinin sədri Kadır Baykenov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunun üzv dövlətlər arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlığa töhfə verəcəyini vurğulamışlar.
Sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov əməkdaşlıq şurasının rəsmi gerbini Ali Məclisin Sədrinə təqdim etmiş, xatirə şəkli çəkdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti