Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il avqustun 21-də “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında” Sərəncam imzalamış və yubileylə bağlı Tədbirlər Planını təsdiq etmişdir.
Tədbirlər Planına əsasən, oktyabrın 22-də Heydər Əliyev adına tam orta məktəbin 10 illik yubileyi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin həyətindəki abidəsinin önünə tər güllər düzmüş, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad etmişlər.
Yubiley tədbirində çıxış edən Ali Məclisin Sədri Heydər Əliyev adına məktəbin 10 illiyi münasibətilə kollektivi və muxtar respublikanın bütün təhsil ictimaiyyətini təbrik edərək demişdir: “2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Heydər Əliyev adına tam orta məktəb şərəfli inkişaf yolu keçib. Açılış mərasimində çıxış edən ölkə rəhbəri demişdir: “Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. Ümummilli lider bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun. O, bu məktəbin dünya standartlarına cavab verməsini istəyirdi. Bu gün biz hamımız şadıq ki, məktəb Heydər Əliyevin istədiyi kimi tikilmiş və istifadəyə verilmişdir”.
Hörmətli Prezidentimizin təhsil və tədrisin təşkili ilə bağlı qarşıya qoyduğu vəzifələr bu gün məktəbin kollektivi tərəfindən uğurla icra olunur. Ötən müddətdə xalqımızın zəngin maarifçilik ənənələrini layiqincə davam etdirən məktəb təlim-tərbiyə və tədris işinin təşkilində, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsində böyük nailiyyətlər qazanıb. İndiyədək məktəbin 362 məzunu olub. Onların 98 faizi və ya 300 nəfəri ali məktəblərə, 57 nəfəri ali hərbi, xüsusi təyinatlı ali məktəblərə və Heydər Əliyev adına Hərbi Liseyə, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. 2007-2008-ci tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan Heydər Əliyev adına tam orta məktəb əldə etdiyi uğurlu nəticələrə görə muxtar respublikanın digər təhsil ocaqları üçün bir nümunə səviyyəsinə çatmışdır”.
Ali Məclisin Sədri muxtar respublikada təhsilin inkişafına verdiyi töhfələrə, savadlı, vətənpərvər və intellektli gənc nəslin yetişdirilməsi sahəsindəki səmərəli fəaliyyətinə görə Heydər Əliyev adına məktəbin kollektivinə təşəkkürünü bildirərək demişdir: “Elm, bilik tərəqqinin əsasıdır. Elmsiz və təhsilsiz heç bir cəmiyyət inkişaf edə və irəliyə gedə bilməz. Təsadüfi deyil ki, ümummilli liderimiz ötən əsrin 70-ci illərində digər ittifaq respublikalarından geridə qalan Azərbaycanın inkişafına məktəbdən, təhsil şəbəkəsinin genişləndirilməsindən başlamış, təhsili bir nömrəli vəzifələr sırasına çəkmişdir. Bu siyasətin bəhrəsi qısa müddətdə özünü göstərmiş, Azərbaycan əhalisinin təhsil və mədəni səviyyəsi yüksəlmiş, yetişdirilmiş milli kadrlar hesabına sosial-iqtisadi həyat yeni inkişaf yoluna çıxmış, ölkəmiz elmə, işıqlı gələcəyə qovuşmuşdur”.
Ulu öndərin “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” fikrini xatırladan Ali Məclisin Sədri demişdir ki, ümummilli liderimiz ölkəmizə rəhbərliyinin ikinci dövründə də bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır. Qısa müddətdə Azərbaycanda milli təhsil sistemi formalaşdırılmış, müasir dünyanın inkişaf tempi ilə ayaqlaşan məktəb şəbəkəsi yaradılmışdır. Məktəblərdə Azərbaycan tarixinin və ana dilinin tədrisinə geniş yer verilir. Tədris və tərbiyə prosesində gənc nəslin milli mənlik şüurunun inkişafına diqqət artırılır. Bu gün Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafı diqqət mərkəzində saxlanılır. Təhsilə inkişafın əsas hərəkətverici qüvvəsi kimi yanaşılır. Buna görə təhsil infrastrukturu şəhər və rayon mərkəzlərində olduğu kimi, ucqar dağ kəndlərində də yeniləşdirilir.
Ali Məclisin Sədri məktəbin kollektivinə müraciət edərək demişdir: “Ümummilli liderimizin adını daşıyan məktəbdə təhsil almaq böyük şərəf, şagirdlərə elmin sirlərini öyrətmək isə bununla yanaşı, həm də böyük məsuliyyətdir. Pedaqoji heyətin qarşısında müstəqil Azərbaycanın gələcək təminatçılarını yetişdirmək kimi mühüm vəzifə dayanır. Məktəbdə milli dəyərlərimiz, adət-ənənələrimiz, tariximiz gənclərə dərindən öyrədilməlidir. Təlim-tərbiyə və tədris prosesi bu günə qədər olduğu kimi, bundan sonra da müasir metodlarla qurulmalıdır. Müstəqil Azərbaycan üçün vətənpərvər gənclər hazırlanmalı, məktəb daim ulu öndərimizin adına layiq olmalıdır. Təhsilin məqsəd və vəzifələri təkcə sistemli biliklərin verilməsi ilə məhdudlaşmamalıdır. Məktəb, təhsil işi eyni zamanda mühüm tərbiyə mərkəzi funksiyasını daşımalı, gənclərin cəmiyyətin layiqli üzvü kimi hazırlanması daim diqqət mərkəzində saxlanmalıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Bizim təhsilimiz Azərbaycanın dövlət müstəqilliyinə xidmət edərək, əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilibdir. Ona görə də Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.
“Vətənpərvər gənclik dövlətin gücü və onun əsas dayağıdır. Bu gün Heydər Əliyev adına tam orta məktəbdə təhsil alan şagirdlərə, məktəbi bitirən məzunlara baxarkən qürur duyuruq. Fəxr edirik ki, gənclərimiz sabahımızın təminatçısı kimi yetişir, Vətənə, Azərbaycançılıq idealına sadiqlik ruhunda tərbiyə olunurlar”, – deyən Ali Məclisin Sədri bu yolda məktəbin müəllim və şagirdlərinə uğurlar arzulamış, kollektivi bir daha yubiley münasibətilə təbrik etmişdir.
Heydər Əliyev adına tam orta məktəbin direktoru Namiq Məmmədov çıxış edərək demişdir ki, ümummilli liderin davamçılarını yetişdirmək şərəfli vəzifədir. Məktəbin pedaqoji kollektivi bu vəzifənin məsuliyyətini dərindən dərk edir. Heydər Əliyev adına tam orta məktəbin ilbəil artan uğurları ölkə Prezidentinin tövsiyələrinə əməl edilməklə qazanılır, yeni təhsil ənənələri yaradılır. Namiq Məmmədov məktəbin yubileyinin keçirilməsinə və muxtar respublikada təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə kollektiv adından minnətdarlıq etmiş, gənc nəslin yüksək intellektli və vətənpərvərlik ruhunda tərbiyə olunmasında üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklərinə söz vermişdir.
Tədbirdə məktəbin şagirdi Şükür Babayev ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeri bədii qiraət etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü il 21 oktyabr tarixli Sərəncamına əsasən, məktəbin 2 müəllimi “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.
Ali Məclisin Sədri təltif olunanlara fəxri adların vəsiqəsini və döş nişanlarını təqdim etmiş, məktəbin bir qrup müəllim və şagirdlərini noutbuklarla, kompüter dəstləri və qiymətli hədiyyələrlə mükafatlandırmışdır.
Ali Məclisin Sədri yenidənqurmadan sonra məktəb binasında yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, bu il məktəb binasında əsaslı yenidənqurma işləri aparılmış, təhsil müəssisəsi müasir informasiya texnologiyaları ilə təmin olunmuş, lazımi tədris şəraiti yaradılmışdır. Dörd mərtəbədən ibarət olan məktəbdə 60 sinif otağı, 5 elektron lövhəli sinif, 3 kompüter otağı, kimya, biologiya və fizika laboratoriyaları, kitabxana, hərbi kabinə, 2 şahmat sinfi və müəllimlər otaqları, emalatxana və idman zalı vardır. Hazırda 1110 şagirdin təhsil aldığı məktəbdə gənclərin təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur.
Məktəbin foyesində “Məktəbimiz 10 ildə” başlıqlı guşə təşkil olunmuşdur. Guşədə ümummilli liderimizin və ölkə Prezidentinin təhsilin inkişafı ilə bağlı müdrik fikirləri, məktəbin yubileyinin qeyd olunması ilə bağlı Ali Məclis Sədrinin Sərəncamı və fotoşəkillər nümayiş olunur.
Sinif otaqları və fənn kabinələrində yaradılan şərait dərslərdə əyaniliyin təmin olunmasına imkan verir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almasına, Azərbaycançılıq ideyalarına sadiq, müstəqil və yaradıcı düşünən gənc kimi yetişməsinə imkan verir.
Məktəbin kompüter otaqlarında 57 kompüter dəsti quraşdırılmış, internetə çıxış təmin olunmuşdur. Həmçinin elektron lövhəli siniflərdə və laboratoriyalarda da müasir tədris imkanları yaradılmış, elektron dərsliklər və əyani vəsaitlərlə təminat yüksək səviyyədə təşkil olunmuşdur. Fizika, kimya və biologiya laboratoriyalarına baxış zamanı dəqiq elmlərin tədrisinin əhəmiyyəti vurğulanmış, keçilən dərslərin praktik olaraq öyrədilməsinin vacibliyi qeyd olunmuşdur.
Məktəbin kitabxana fondunda 21 mindən çox dərslik və bədii ədəbiyyat vardır.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, təhsil sahəsində qazanılan nailiyyətlər hər bir ölkənin milli sərvətidir. Heydər Əliyev adına tam orta məktəb ötən 10 ildə savadlı və vətənpərvər gənc nəslin yetişdirilməsi sahəsində uğurlu fəaliyyət göstərmiş, təlim-tərbiyə prosesində həmişə qabaqcıllar sırasında olmuşdur. Ölkənin tərəqqisi təhsildən, təhsilin inkişafı isə müəllimlərin fəaliyyətindən asılıdır. Bu məktəbdə də əldə olunan nailiyyətlər müəllim tələbkarlığının və şagird çalışqanlığının nəticəsidir. Heydər Əliyev adına tam orta məktəb muxtar respublikanın qabaqcıl təhsil mərkəzi kimi bundan sonra da öz fəaliyyətini genişləndirməlidir.
Məktəbin müəllimləri savadlı, intellektli və Azərbaycançılıq ideyalarına sadiq gənc nəslin yetişdirilməsi yolunda səylə çalışacaqlarını bildirmişlər.
Təhsil müəssisəsi muxtar respublikanın idman həyatına da mühüm töhfələr verir. Məktəbin şagirdləri beynəlxalq və respublika əhəmiyyətli yarışlarda fəal iştirak edərək yüksək nailiyyətlər qazanırlar. Hazırda məktəbin şagirdləri arasında boks üzrə 2 Avropa çempionu vardır. Məktəbin 1 şagirdinin adı isə “Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınmışdır. Müasir idman zalı bundan sonra da şagirdlərin fiziki cəhətdən sağlam böyüməsinə, eləcə də gənc idmançıların yetişdirilməsinə imkan verəcəkdir.
Heydər Əliyev adına tam orta məktəbdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və onların ilkin hərbi vərdişlərə yiyələnməsi də diqqət mərkəzindədir. Hərbi kabinədə “çağırışaqədərki hərbi hazırlıq” fənninin tədrisi üçün lazımi şərait yaradılmış, elektron lövhə quraşdırılmışdır.
Məktəblə tanışlıqdan sonra Ali Məclisin Sədri muxtar respublikanın təhsil ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Ali Məclisin Sədri muxtar respublikamızda təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamlı xarakter almasının vacibliyini vurğulayaraq demişdir: “Bu gün muxtar respublikada pilləli təhsil sistemi tətbiq olunur. Ali, orta ixtisas, peşə və ümumtəhsil məktəblərində ölkəmizin gələcəyi olan gənclər yetişdirilir. Yaradılan şərait ali, orta ixtisas və ümumtəhsil məktəbləri arasında qarşılıqlı əlaqənin qurulmasını zəruri edir. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və ali təhsil müəssisələri qarşılıqlı əlaqəni gücləndirməlidirlər. Ali və orta ixtisas təhsili məktəblərinin müəllimləri ümumtəhsil məktəblərində nümunəvi dərs və məşğələlər təşkil etməlidirlər”.
Gənclərin hərtərəfli yetişdirilməsinin vacibliyinə toxunan Ali Məclisin Sədri aid orqanlara da konkret tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti