08 Yanvar 2025, Çərşənbə

Oktyabrın 20-də Əlahiddə Ümumqoşun Ordusu üçün yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilmişdir.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev mərasimə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri Təlim-Tədris Mərkəzinin açılışını bildirən lenti kəsmişdir.
Təlim-Tədris Mərkəzinin iclas zalında keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi hissənin yaradılmasının 22-ci ildönümünün Əlahiddə Ümumqoşun Ordusu üçün Kəngərli rayonunda yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi ilə qeyd edildiyini bildirmiş, hərbi hissənin yaradılmasının 22-ci ildönümü və yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun bütün şəxsi heyətini təbrik edərək demişdir: “Hər bir dövlətin qüdrəti onun ordusunun qüdrəti və iqtisadi gücü ilə ölçülür. Azərbaycan Milli Ordusunun yaranması və bugünkü inkişafı ümummilli liderimizin siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ordu olmadan müstəqilliyin mümkün olmayacağını nəzərə alan böyük dövlət xadimimiz hələ ötən əsrin 70-ci illərindən Azərbaycanın gələcək müstəqilliyini düşünərək uzun müddətə hesablanmış siyasi addımlar atmış, Azərbaycanda və ondan kənarda milli hərbi kadrların yetişdirilməsinə nail olmuşdur”.

Ali Məclisin Sədri demişdir: “Azərbaycanın müstəqilliyinin əsası ötən əsrin 90-cı illərində ümummilli liderimizin rəhbəri olduğu Naxçıvanda qoyulduğu kimi, milli ordu quruculuğu sahəsində ilk addımlar da həmin dövrdə Naxçıvanda atılmışdır. Ulu öndərimizin bu dövrdə qəbul etdiyi taleyüklü qərarlar sayəsində muxtar respublikanın etibarlı müdafiəsi təmin olunmuş, mövcud hərbi dəstə və hissələrə vahid rəhbərliyi həyata keçirən müvafiq dövlət qurumu yaradılmışdı. Bundan bir il sonra, 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk nizami ordu qurumlarından olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil olunmuş, bununla da milli ordu hissələrinin yaradılmasının əsası qoyulmuşdu. Ümummilli lideri­mizin ali hakimiyyətə ikinci qayıdışından sonra Azərbaycan Silahlı Qüvvələrinin yaradılması sahəsində tədbirlər davamlı xarakter almış, ordu quruculuğu diqqət mərkəzində saxlanmışdır”.
Qeyd olunmuşdur ki, ümummilli liderimizin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan Ordusunun döyüş qabiliyyəti ildən-ilə artırılır, güclü maddi-texniki baza yaradılır. Hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin də maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Son on ildə muxtar respublikada 160-dan çox hərbi obyekt tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir.

Ali Məclisin Sədri qeyd etmişdir ki, muxtar respublikada ilk nizami ordu qurumu kimi yaradılan 705 saylı hərbi hissə də bu dövrdə böyük təşkilatlanma yolu keçmişdir. Motoatıcı briqadadan ordu korpusunadək uğurlu yol keçən bu hərbi hissə torpaqlarımızın keşiyində dayanaraq ona həvalə olunmuş vəzifələri doğrultmuşdur. Burada yüksək bacarığa, hərbi vərdişlərə, vətənpərvərliyə malik əsgər və zabit heyəti yetişmişdir. Bütün bunları nəzərə alan ölkə Prezidenti cənab İlham Əliyevin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun bazasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır.
Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasını dövlət siyasəti kimi dəyərləndirən və bu ordunun daha da gücləndirilməsi zərurətindən danışan hörmətli Prezidentimiz demişdir: “Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır. Belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır… Naxçıvanın hərbi potensialı elə olmalıdır ki, istənilən təcavüzə tutarlı, layiqli cavab verə bilsin. Bu gün bu, reallıqdır. Gələcək illərdə görüləcək əlavə tədbirlər hesabına biz Naxçıvanda daha da böyük potensial yaradacağıq”. Böyük öndərimiz də deyirdi ki: “İndi bizim Naxçıvanda yerləşən hərbi hissələrdə peşəkar, hərbi təhsil almış zabitlər xidmət edirlər. Biz tam əminik ki, milli ordumuzun əsgər və zabitləri, bölmə və hissə komandirləri öz döyüş məharətlərini durmadan yüksəldəcək, torpaqlarımızın etibarlı şəkildə müdafiə olunmasını yüksək səviyyədə təmin edəcəklər”.
Ali Məclisin Sədri şəxsi heyətə bu vəzifələrin icrasında peşəkarlıq, mübarizlik arzulamış, hərbi hissənin ildönümü münasibətilə bir daha onları təbrik etmişdir.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək demişdir ki, bu gün ölkə­mizdə ordu quruculuğu prioritet istiqamət kimi müəyyənləşdirilmiş, hərbi birləşmələrin komplektləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülmüşdür. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə peşəkar və güclü milli ordu yaradılmış, Azərbaycan Silahlı Qüvvələri regionun qüdrətli ordusuna çevrilmişdir. Ordu quruculuğu prosesi muxtar respublikada da sürətlə davam etdirilir. Son illər hərbi hissələrdə xidmətin günün tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılmış, maddi-texniki baza tələb olunan səviyyədə möhkəmləndirilmişdir. Həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Kərəm Mustafayev müasir avadanlıq, texnika və qurğularla komplektləşdirilən yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsini də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi dəyərləndirmiş, muxtar respublikanın müdafiəsinin bundan sonra da etibarlı şəkildə təşkil olunacağını bildirmişdir.

Sonra Ali Məclisin Sədri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya və Azərbaycan Ordusu qulluqçularına qiymətli hədiyyələr təqdim etmişdir.
Mayor Ələkbər Musayev və əsgər Elməddin Axundov yaradılan yüksək xidmət şəraitinə görə şəxsi heyət adından minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə hərbi hissənin keçdiyi inkişaf yolundan bəhs edən film nümayiş olunmuşdur.
Sonra Ali Məclisin Sədri Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, şəxsi heyətin hərbi tərbiyəsinin və mənəvi-psixoloji hazır­lığının yüksəldilməsində bu cür mərkəzlərin mühüm rolu vardır. 3 mərtəbədən ibarət olan binada Heydər Əliyev muzeyi, kitabxana, iclas zalı, zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, mühəndis hazırlığı və kəşfiyyat hazırlığı sinifləri, kütləvi qırğın silahlarından müdafiə sinfi, atəş hazır­lığı, maket və topoqrafiya, komplektləşdirmə, komandir hazırlığı və digər sinif otaqları vardır. Otaqlarda nəzəri təlim üçün lazım olan bütün əyani vəsaitlər və məlumat stendləri qoyulmuşdur. Bütün bunlar da hərbi tədris proqramlarının keyfiyyətlə işlənib mənimsənilməsinə, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılmasına, praktik vərdişlərinin möhkəmləndirilməsinə imkan verəcəkdir.


Mərkəzdə yerləşən Heydər Əliyev muzeyində ümummilli liderin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən müxtəlif fotostendlər asılmış, kitab, jurnal və videomateriallardan ibarət zəngin ekspozisiya yaradılmışdır. Həmçinin burada dahi şəxsiyyətin vaxtilə muxtar respublikada ordu quruculuğu istiqamətində qəbul etdiyi qərarların surətləri də nümayiş olunur.

Zəngin fonda malik olan kitabxanada dövrləşdirmə aparılaraq Azərbaycan və dünya ədəbiyyatı nümunələri, eləcə də ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, qəzet və jurnal materialları qoyulmuşdur. Burada şəxsi heyət üçün gündəlik dövri mətbuatla tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanı yaradılmışdır.
Trenajorlar sinfində tank və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə 7 trenajor quraşdırılmışdır. Trenajorlar vasitəsilə tank əleyhinə idarə olunan raket qurğularından istifadə qaydaları, zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması üzrə təlimlərin keçirilməsi praktik olaraq öyrədiləcəkdir. Keçirilən təlimlərin sonunda qiymətləndirmə cədvəlinin çap olunması isə şəxsi heyətin bilik səviyyəsini müəyyən etməyə imkan verəcəkdir.

Artilleriyanın simulyasiya sinfində artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, həmçinin atışın idarə olunması üzrə dərslərin praktik mənimsənilməsi üçün hər cür şərait yaradılmış, xüsusi proqram təminatı olan 8 kompüter dəsti və proyektor quraşdırılmışdır. Yaradılan virtual təlim meydançası döyüş sursatı sərf etmədən müxtəlif şəraitdə atəşin idarəolunması təlimlərini həyata keçirməyə imkan verir. Həmçinin burada atəş tapşırıqlarının təhlil olunaraq qiymətləndirilməsi və atəş göstəricilərinin dəqiqliyini müqayisə etmək mümkündür.
Baxış zamanı Ali Məclisin Sədri artilleriya bölməsinin virtual olaraq həyata keçirdiyi atəş təlimini izləmişdir.
Sonra Ali Məclisin Sədri hərbi hissənin əsgəri-məişət kompleksinə gəlmiş, şəxsi heyətlə birlikdə nahar etmişdir.

 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR