08 Yanvar 2025, Çərşənbə

Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi ən mühüm nailiyyətlərdən biri də milli-mədəni irsimizin qorunması istiqamətində həyata keçirilən tədbirlərdir. Muxtar respublikamızda xalqımızın tarixi-memarlıq ənənələrini və zəngin mədəni irsini özündə yaşadan tarixi abidələrin bərpası bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu sahədə görülən işlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən, “Əlincəqala” tarixi abidəsində bərpa işləri aparılır.
Oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əlincəqalaya gəlmiş, tarixi abidədə həyata keçirilən bərpa işləri ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, bərpa işləri Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin birgə hazırladığı elmi-bərpa layihəsi əsasında aparılır. Elmi araşdırmalara əsaslanan bu layihənin reallaşdırılması dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilmiş Əlincəqalanın milli-mədəni sərvətimiz kimi qorunub saxlanılmasına imkan verəcəkdir.

İnşaat texnikasının yüksək səviyyəsinə, planlaşma-məkan quruluşuna görə Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qala möhtəşəm müdafiə istehkamıdır. Əyilməzlik və mübarizlik rəmzi olan Əlincəqalanın hər daşında qədim və orta əsrlər dövr tariximizin izləri yaşayır. Azərbaycan Atabəylər dövlətinin dövründə burada yaşayış evləri, təsərrüfat binaları, qalaya gedən yolların üstündə mühafizə məqsədilə səngər və bürclər tikilmişdir. Qalanın müxtəlif yerlərində qaya üzərində su hovuzları qazılmış, arxlar çəkilmişdir.

Qala divarları və yaşayış binaları birbaşa qayanın üzərində inşa olunduğundan seysmik baxımdan olduqca davamlı və təhlükəsizdir. Hazırda Əlincəqalanın divarları və qalada olan tikililər qədim milli tikinti mədəniyyəti saxlanılmaqla bərpa olunur. Qalanın şərq və qərb darvazaları bərpa edilərək əvvəlki görkəminə qaytarılmış, qala istehkamlarına qədər yol çəkilmişdir. Vaxtilə qalanın üzərində yerləşən yaşayış binaları da təmizlənərək ilkin forması müəyyənləşdirilmiş və bərpa işlərinə başlanılmışdır.
Bildirilmişdir ki, təmir-bərpa işləri zamanı qalada yaşayan insanların həyat tərzini özündə əks etdirən xeyli nümunələr üzə çıxarılmışdır. Bunlar Ali Məclis Sədrinin Sərəncamına əsasən yaradılması nəzərdə tutulan “Əlincəqala” Tarix Mədəniyyət Muzeyində nümayiş etdiriləcəkdir. Muzey binası yardımçı otaqlardan və ekspozisiya zalından ibarət olacaqdır.
Muzey binasının yerləşəcəyi əraziyə baxan Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılması, muzeyin eksponatlarla yanaşı, burada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər və fotoşəkillərlə zənginləşdirilməsi, bərpa zamanı qalanın tarixi görkəminin qorunması, eləcə də tarixçi alim və tədqiqatçıların fikirlərinin nəzərə alınması barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR