Şəhərsalma prinsiplərinə uyğun qurulan qədim Naxçıvan bu gün tarixilik, millilik və müasirliyin vəhdətində daha füsunkar görünür. Muxtar respublika paytaxtında hər il yeni yaşayış binaları tikilir, park və xiyabanlar salınır, şəhər infrastrukturu tamamilə yeniləşdirilir. “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın da bu baxımdan mühüm əhəmiyyəti var. Proqrama əsasən, bu il şəhərin Əliabad qəsəbəsində kompleks quruculuq tədbirləri həyata keçirilmişdir.
Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əliabad qəsəbəsinə gəlmiş, aparılan quruculuq işləri ilə maraqlanmışdır.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov məlumat vermişdir ki, qəsəbənin müxtəlif məhəllə və küçələrində geniş abadlıq işləri görülmüş, yol kənarlarına bordürlər düzülmüş, səkilər salınmışdır. 6,6 kilometr uzunluğunda mərkəzi və məhəllələrarası avtomobil yollarına asfalt örtük verilmişdir. Həmçinin elektrik, rabitə və işıqlandırma sistemləri yenidən qurulmuş, 4,5 kilometr elektrik, 750 metr yeraltı rabitə xətti çəkilmişdir. 860 metr yüksəkgərginlikli elektrik verilişi xətləri yeraltı kabellərlə əvəz edilmiş, yeni işıqlandırma dirəkləri basdırılmışdır.
Əcəmi Naxçıvani küçəsində yerləşən 9 ictimai yaşayış binasında da əsaslı təmir işləri aparılmışdır. 4 və 5 mərtəbədən ibarət olan binaların hər birində elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri yenilənmiş, mərkəzləşmiş antena sistemi quraşdırılmış, lazımi kommunal-məişət şəraiti yaradılmışdır. Binaların fasadı yenilənmiş, dam örtüyü, giriş qapıları və pəncərələri dəyişdirilmiş, dəhlizlər təmir olunmuşdur. İctimai yaşayış binalarının həyətində də abadlıq işləri görülmüş, açıq istirahət köşkləri və uşaq- əyləncə meydançaları yaradılmış, yeni qazanxana tikilmişdir.
Abadlıq-quruculuq tədbirləri çərçivəsində Əliabad qəsəbəsindəki fərdi yaşayış binalarının fasadı da təmir olunmuş, yararsız dam örtükləri yenisi ilə əvəz edilmişdir. Həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəsəbə sakinlərinin xatirəsinə ucaldılmış abidənin ətrafı da abadlaşdırılmışdır.
Ali Məclisin Sədri ərazidə yaşıllaşdırma tədbirlərinin görülməsi və Naxçıvan şəhərində quruculuq tədbirlərinin bundan sonra da davam etdirilməsi barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti