08 Yanvar 2025, Çərşənbə

Naxçıvan Muxtar Respublikası 90 illik yubileyini sosial-iqtisadi sahədə qazanılan yüksək nailiyyətlər, həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri ilə qeyd edir. “Muxtariyyət ili” olan 2014-cü ildə də muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində kompleks abadlıq-quruculuq işləri görülür. Həyata keçirilən quruculuq tədbirləri muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunun simasını da tamamilə dəyişmişdir. Bu gün təkcə Şərur şəhəri deyil, rayonun kəndləri də quruculuq tədbirləri sayəsində müasir görkəm almış, sakinlərin rahat və firavan yaşayışı təmin olunmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, oktyabrın 8-də Şərur rayonunun Diyadin kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Diyadin kəndində yeni məktəb binasının açılışı olmuşdur

Oktyabrın 8-də Diyadin kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Məktəbin direktoru Muxtar Ələkbərov çıxış edərək demişdir ki, yeni binanın istifadəyə verilməsi ilə Diyadin kənd tam orta məktəbinin maddi-texniki bazası xeyli gücləndirilmişdir. Məktəb binasında yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılmışdır. Görülən bu işlər muxtar respublikada təhsilin inkişafına göstərilən qayğı kimi məktəbin kollektivini səylə, təşəbbüskarlıqla işləməyə ruhlandırır. Muxtar Ələkbərov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Diyadin kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Təhsil sistemi hər bir ölkənin milli sərvətidir. Təhsil sistemini düzgün qurmadan, bu sahədə islahatlar həyata keçirmədən ümumi inkişafı təmin etmək mümkün deyil. Bu gün müasir dünyada hər bir dövlətin sərvəti yalnız onun yeraltı və yerüstü resursları ilə deyil, həm də malik olduğu müasir təhsil sistemi ilə ölçü­lür. Bu məsələnin vacibliyini nəzərə alan ümummilli liderimiz Heydər Əliyev demişdir: “Təhsil sahəsində əldə etdiyimiz nailiyyətlər bizim milli sərvətimizdir”.
Ali Məclisin Sədri demişdir: “Müasir təhsil sisteminin qurulması dünya təhsil sisteminə inteqrasiyada vacib şərtdir. Bu istiqamətdə Azərbaycanda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ardıcıl tədbirlər həyata keçirilir, təhsil sisteminin maddi-texniki bazası gücləndirilir. Bu gün sərhəd kəndi olan Diyadində istifadəyə verilən yeni məktəb binası da təhsil quruculuğu sahəsində görülən işlərin tərkib hissəsidir. Məktəbdə müasir tədris şəraiti yaradılmış, internetə çıxışı olan kompüter dəstləri, elektron lövhələr, laboratoriyalar və digər təhsil avadanlıqları kollektivin istifadəsinə verilmişdir. Məktəb pedaqoji kadrlarla tam təmin olunmuşdur. Bütün bunlar tədrisin günün tələbləri səviyyəsində qurulmasına, eləcə də gələcəkdə məktəbin nailiyyətlərinin artırılmasına imkan verəcəkdir”.
Ali Məclisin Sədri demişdir: “Məktəbdə nailiyyətləri artırmaq üçün, ilk növbədə, nizam-intizam yaradılmalı, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq prinsipləri üzərində qurulmalıdır. Müəllim nüfuzu qorunmalı, pedaqoji kollektiv daha məsuliyyətlə çalışmalı, vəzifələrini layiqincə yerinə yetirməlidirlər. Təhsilli və vətənpərvər gənclik hər bir ölkənin gələcəyidir. Müəllimlərin qarşısında ölkəmizin gələcəyini yetişdirmək kimi mühüm bir vəzifə durur. Ona görə də pedaqoji kollektiv şagirdlərlə fərdi qaydada məşğul olmalı, təhsilli və vətənpərvər gənc nəslin yetişdirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlər, yaradılan şərait, təhsil işçilərinə göstərilən qayğı bu vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəkdir”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, 1995-ci ildən ümumi orta məktəb kimi fəaliyyətə başlayan təhsil ocağına şagird və müəllim kontingentinin artması ilə əlaqədar 2014-2015-ci tədris ilindən etibarən tam orta məktəb statusu verilmişdir. Üçmərtəbəli binada hərtərəfli tədris şəraiti yaradılmış, 2-si elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, şahmat və müəllimlər otaqları, kitabxana və idman zalı istifadəyə verilmiş, həyətdə açıq idman qurğuları quraşdırılmışdır.
Məktəbin kitabxana fondunda 2 mindən çox kitab vardır. Kitabxana dərsdənkənar mütaliə üçün lazım olan ədəbiyyatlarla tam təmin olunmuşdur.
Bu ildən Diyadin kənd tam orta məktəbi də elektron təhsilə keçəcəkdir. Kompüter otağındakı kompüterlər sürətli internet şəbəkəsinə qoşulmuşdur. Elektron lövhəli siniflərdə yaradılan şərait isə dərslərin müasir informasiya texnologiyaları əsasında keçilməsinə imkan verəcəkdir. Eyni zamanda hər bir fənnə aid xüsusi multimedia proqramlarından istifadə şagirdlərin müasir texnologiyalardan istifadə bacarıqlarına yiyələnməsinə geniş imkanlar açacaqdır.
Elektron lövhəli sinfə baxış zamanı Ali Məclisin Sədri muxtar respublikanın 58 ümumtəhsil məktəbi ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi arasında videobağlantı vasitəsi ilə “Bəşər sivilizasiyasının ilk beşiyi: Naxçıvanqala” mövzusunda keçilən dərsi izləmişdir.
Kimya-biologiya və fizika laboratoriyaları müasirlik və təchizat baxımından diqqəti cəlb edir. Laboratoriyaların hər birində təcrübə avadanlıqları quraşdırılmış, əlverişli tədris-təcrübə mühiti yaradılmışdır. Fizika laboratoriyasında quraşdırılan elektron lövhə isə biliklərin müasir texnologiyalar əsasında möhkəmləndirilməsinə kömək edəcəkdir.
Uşaqların əqli inkişafına xidmət edən mühüm vasitə kimi şahmatın tədrisi vacib məsələdir. Son illər ümumtəhsil mək­təblərində şahmatın tədrisinə diqqətin artırılması da bu məqsədə xidmət edir. Diyadin kənd tam orta məktəbində də şahmat sinfi istifadəyə verilmişdir. Sinif otağı şahmat masaları, maqnitli lövhələr və digər əyani vasitələrlə təmin olunmuşdur.
Məktəbdəki idman zalı və açıq idman qurğuları, hərbi kabinə yüksək intellektual səviyyəyə malik, fiziki cəhətdən sağlam və vətənpərvər gənclərin yetişdirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri müəllimlərlə söhbət zamanı qeyd etmişdir ki, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsi üçün məktəbdə hər cür şərait yaradılmış, müasir texnologiyalar və tədris avadanlıqları quraşdırılmışdır. Müəllimlər yaradılanlardan səmərəli istifadə etməli, şagirdlərin gələcək peşə seçiminə diqqəti artırmalıdırlar. Bu gün ölkəmizdə pilləli təhsil sistemi tətbiq olunur. Ona görə də gənclərin ali təhsil alması ilə yanaşı, onların peşə təhsilinə istiqamətləndirilməsi də daim nəzarətdə saxlanılmalıdır. O gənc dövlət və xalq üçün faydalıdır ki, onun peşəsi vardır. Ali təhsillə yanaşı, peşə təhsilinin əsası da ümumtəhsil məktəblərində qoyulur. Pedaqoji kollektivlər bütün bunları daim diqqət mərkəzində saxlamalı, ölkəmiz üçün vətənpərvər və intellektli kadrlar hazırlanmalıdır.
Məktəbin müəllimləri Diyadin kəndində istifadəyə verilən məktəb binasını muxtar respublikada təhsilin inkişafına göstərilən qayğının daha bir ifadəsi kimi dəyərləndirmiş, savadlı və vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində səylə çalışacaqlarına söz vermişlər.
Məktəbin həyətində abadlıq işləri görülmüş, fərdi qazanxana quraşdırılmışdır.

Kənd mərkəzində müasir iş şəraiti yaradılmışdır

Kənd mərkəzləri Naxçıvanın müasir kənd modelini özündə təcəssüm etdirən obyektlərdəndir. Sakinlərin zəruri sosial xidmətlərlə təminatının mərkəzləşmiş qaydada təşkilinə şərait yaradan bu mərkəzlərin inşası cari ildə də davam etdirilmişdir.
Oktyabrın 8-də Diyadin kəndində yeni kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışını etmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, ikimərtəbəli kənd mərkəzində kitabxana, klub, rabitə evi, 55 yerlik iclas zalı, polis sahə və feldşer-mama məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün müasir iş otaqları vardır. Mərkəzdə klub və kitabxananın istifadəyə verilməsi sakinlərin asudə vaxtının səmərəli təşkilinə xidmət edəcəkdir. Kitabxana fondunda 3 min 659 kitab saxlanılır.
Quruculuq tədbirləri çərçivəsində kənddə müasir rabitə sistemi qurulmuşdur. Rabitə evində müasir elektrontipli ATS qurulmuş, əhaliyə bank xidmətinin göstərilməsi təmin edilmişdir. Həmçinin burada POS-terminal qoyulmuş, kommunal xidmət haqlarının poçt şöbəsi vasitəsilə ödənilməsinə başlanılmışdır.
Yeni Azərbaycan Partiyası Diyadin kənd ərazi ilk təşkilatının iş otağına baxış zamanı bildirilmişdir ki, kənddə 41 nəfər Yeni Azərbaycan Partiyasının üzvüdür. Onlardan 19-u gənclər, 5-i isə qadınlardır.
Kənddə tibb xidməti günün tələbləri səviyyəsində təşkil olunacaqdır. Feldşer-mama məntəqəsində mama və manipulyasiya otaqları istifadəyə verilmiş, otaqların hər biri müasir avadanlıq və bütün lazımi dərman vasitələri ilə təchiz edilmişdir. Bildirilmişdir ki, əhalinin sağlamlığının qorunması vacib məsələdir. Ona görə də tibb işçiləri yaradılan şəraitdən səmərəli istifadə etməli, insanlara nümunəvi səhiyyə xidməti göstərməlidirlər.

Diyadində yeni xidmət mərkəzi istifadəyə verilmişdir

Həmin gün Diyadin kəndində yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri açılışı bildirən lenti kəsmiş, xidmət mərkəzi ilə tanış olmuşdur.
Bildirilmişdir ki, xidmət mərkəzinin fəaliyyəti kənd əhalisinin tələbatına uyğun qurulmuşdur. Burada bərbərxana və qadın gözəllik salonu vardır. Həmçinin mərkəzdə iki mağaza və ət satışı yeri də fəaliyyət göstərir. Mağazalardan birində ərzaq, digərində isə müxtəlif sənaye məhsullarının satışı həyata keçirilir. Xidmət mərkəzinin istifadəyə verilməsi ilə 5 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri demişdir: “Kənd yaşayış məntəqələrinin müasirləşdirilməsi əhalinin rahatlığının təmin olunmasına hesablanmış tədbirlərdir. Bu gün Diyadin kəndində müasir məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi də sakinlərin rahatlığına xidmət edəcəkdir. Bu tədbirlər kənddə məskunlaşmanın artmasına, əhalinin torpaqlardan, fərdi təsərrüfatlardan səmərəli istifadə etməsinə şərait yaradacaqdır. Kəndin bərəkətli torpaqları, zəhmətkeş insanları vardır. Bu da əkinçiliyin inkişafına, əhalinin məşğulluğunun təmin olunmasına və rifahının yüksəldilməsinə imkan verəcəkdir. Sakinlər dövlətimiz tərəfindən yaradılan bu şəraitdən səmərəli istifadə etməli, bundan sonra da kəndin abadlaşmasına çalışmalı, tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır”.
Kənd sakini Teymur Babayev demişdir ki, Diyadin kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi, kənd yollarının yenidən qurulması sakinlərin böyük sevincinə səbəb olmuşdur. Muxtar respublikanın digər yaşayış məntəqələri kimi, Diyadin kəndinin inkişafına da daim diqqət göstərilir. Araz çayının sahilində yerləşən bu yaşayış məntəqəsində insanların yaşayışı üçün hər cür şərait yaradılmışdır. Aparılan sahilbərkitmə işləri kənddə torpaqların yuyulmasının qarşısını almışdır. Bu da əkinçiliyin inkişafına səbəb olmuşdur. Kənddə heyvandarlıq inkişaf etdirilir, fərdi təsərrüfatlar genişləndirilir. Teymur Babayev bütün bunları yaradılan şəraitin nəticəsi kimi dəyərləndirmiş, kənd sakinləri adından minnətdarlıq etmişdir.

*   *   *

Diyadin kəndində bir sıra abadlıq işləri də görülmüş, Diyadin kəndi ərazisində 1580 metr, Tumaslı kəndi ərazisində isə 600 metr məsafədə kənddaxili yollara asfalt örtük salınmış, 340 metrlik beton kanal və 8 su keçidi tikilmişdir. Abadlıq tədbirləri zamanı rabitə və elektrik şəbəkələrinin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılmış, yeni rabitə və elektrik dirəkləri basdırılmış, 4 min metrdən çox fiber-optik, 1050 metr yeraltı, 2 min 550 metr uzunluğunda yerüstü rabitə kabelləri və 3 min 600 metr məsafədə elektrik xətti çəkilmişdir. 500 metr uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yeri dəyişdirilmiş, yeni tikililərə 230 metr uzunluğunda qaz xətti çəkilmişdir. Həmçinin məktəb tikintisi ilə əlaqədar evi plana düşmüş 1 ailə üçün 2 otaqlı fərdi ev inşa olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

 

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR