Oktyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri Avtandil Beridze ilə görüşmüşdür.
Qonağı səmimiyyətlə salamlayan Ali Məclisin Sədri Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfərini və keçirilən görüşləri xatırlamış, belə səfərlərin münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğunu bildirmişdir. Ali Məclisin Sədri hər iki muxtar respublika arasında səhiyyə və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini qarşılıqlı münasibətlərin nəticəsi kimi dəyərləndirmiş, əlaqələrin gələcək inkişafı üçün yaxşı potensialın olduğunu vurğulamışdır.
Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri Avtandil Beridze Ali Məclisin Sədrini müqəddəs Qurban bayramı münasibətilə təbrik etmiş, bu il acarıstanlı uşaqların Duzdağ Fizioterapiya Mərkəzində müalicəsinin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdir. Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasındakı münasibətlərin tarixinə toxunan qonaq dostluq və qarşılıqlı əməkdaşlıq səviyyəsində inkişaf edən əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə əməkdaşlığın inkişafında qarşılıqlı marağın əhəmiyyəti qeyd olunmuş, münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti