08 Yanvar 2025, Çərşənbə

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın uğurlu icrası daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına, eləcə də istehsal olunan məhsulların satışına hərtərəfli şərait yaratmışdır. Son illər kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının keçirilməsi də bu məqsədə xidmət edir.
Sentyabrın 27-də Naxçıvan şəhərindəki Mərkəzi bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yarmarkaya gəlmiş, alıcılar və məhsul istehsalçıları üçün yaradılan şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, yarmarkaya muxtar respublikanın özəl müəssisələrində istehsal olunmuş ərzaq malları və ayrı-ayrı rayonlardan gətirilmiş kənd təsərrüfatı məhsulları çıxarılmışdır. “2012-2015-ci illərdə Naxçı­van Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nda nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində muxtar respublikada meyvə və tərəvəz məhsullarının istehsalı xeyli artmışdır. Yarmarkada yerli meyvə və tərəvəz məhsulları bolluq təşkil edirdi. Həmçinin burada muxtar respublikada istehsal edilən keyfiyyətli şirniyyatlar, müxtəlif meyvə quruları, balıq, ət və süd məhsulları da alıcılara təklif olunurdu.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında meyvə-tərəvəz məhsullarının uzun müddət saxlanılmasına imkan verən soyuducu anbarların yaradılması mühüm əhəmiyyət daşıyır. Hazırda muxtar respublikada ümumi tutumu 12 min 150 ton olan 19 soyuducu anbar fəaliyyət göstərir. Baxış zamanı qeyd olunmuşdur ki, torpaq mülkiyyətçilərinin tələbatdan artıq istehsal etdikləri kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara qəbulu ilin bütün fəsillərində daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına şərait yaradır.
Muxtar respublikada yerli resurs və xammallarla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye müəssisələrinin yaradıl­masına diqqət artırılmışdır. Artıq muxtar respublikanın ərzaq təhlükəsizliyinin təminatında qida sənayesinin xüsusi payı vardır. Yarmarkada sənaye məhsulları üçün ayrıca satış yeri ayrılmışdı.
Ali Məclisin Sədri öz məhsullarını bazara çıxaran torpaq mülkiyyətçiləri ilə görüşmüş, muxtar respublikada əkinçiliyin inkişafı üçün yaradılan şəraitdən səmərəli istifadə edilməsinin vacibliyini vurğulamışdır. Torpaq mülkiyyətçiləri kənd təsərrüfatı məhsullarının istehsalı və satışı üçün yaradılan şəraitə, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.
Yarmarkaya muxtar respublika üzrə, ümumilikdə, 265 təsərrüfat subyekti tərəfindən 146 adda, 240 çeşiddə məhsul çıxarılmış və bazar qiymətlərindən 15-20 faiz ucuz satılmışdır. Məhsullar satışa çıxarılmazdan əvvəl sanitar-gigiyena nəzarətindən keçirilir, ət və süd məhsullarında baytarlıq müayinəsi aparılır. Həmçinin burada Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən səyyari laboratoriya xidməti göstərilir.
Ali Məclisin Sədri yarmarkaların davam etdirilməsi, daxili bazarın qorunması, tələbatdan artıq istehsal olunan məhsulların soyuducu anbarlara təhvil verilməsi, kənd təsərrüfatı və sənaye məhsullarının keyfiyyətinin daim nəzarətdə saxlanılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR